SOCAR-ın daha bir uğuru

Sokar

Bu gün Rumıniyanın Ramnicu Valcea şəhərində “SOCAR” brendi altında fəaliyyət göstərən ilk yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

XALQ.AZ ARDNŞ-nin saytına istinadən məlumat verir ki, geniş ərazini əhatə edən YDM-də Benzin-95 və Dizel Euro-5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük (TIR) avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradır. Burada, YDM-dən istifadə edən müştərilərə “Nar Kafe”də ənənəvi olaraq Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidmətləri təklif olunur.

Bununla da Rumıniyada əhaliyə “SOCAR” brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 29-a çatıb.

Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 11 regionunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda yanacaqdoldurma məntəqələrinə malikdir.

Həmin gün ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbərliyi və kollektivi, həmçinin Buxarestdə Türkiyənin Milli bayramı “30 avqust – Zəfər günü” münasibətilə keçirilmiş tədbirlərə də qatılıb. Toplantıda, həmçinin Türkiyə və Azərbaycanın Rumıniyadakı səfirləri, bu ölkədə fəaliyyət göstərən Türk İş Adamları Dərnəyinin üzvləri, türk icması, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Buxarest şəhərində ucaldılmış Mustafa Kamal Atatürkün abidəsi və Buxarest Türk Məzarlığı ziyarət olunub.

Buxarest Türk Məzarlığında davam edən mərasimdə Türkiyənin Rumıniyadakı səfiri Ömür Sölendil bu tarixi günlə əlaqədar keçirilən tədbirdə yaxından iştirakına görə ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirib.