“SOCAR Polymer” “Məktəbliləri ruhlandıraq” layihəsinin ilk mərhələsini başa çatdırıb

SOCAR Polymer” MMC-də İctimaiyyətlə əlaqələr şöbəsinin irəli sürdüyü “Məktəbliləri ruhlandıraq” layihəsi çərçivəsində əldə edilmiş nəticələr hədəflərə əsasən qiymətləndirilib.

Şirkətdən “Report”a verilən məlumata görə, ilk mərhələsi 2018-ci ilin I rübünü əhatə etmiş bu layihə kimya fənnini yenicə öyrənməyə başlamış 7-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Layihənin məqsədi kimya dərslərində əldə edilən biliklərin həyatda lazım olduğunu və praktiki dəyər kəsb etdiyini şagirdlərə çatdırmaq, kimya elminin maraqlı və əyləncəli tərəflərini açıqlamaq və ən əsası kimya sənayesinin inkişaf etdiyi Azərbaycanda gənc nəsli bu sahəyə diqqət yetirməyə və müvafiq peşələrə yiyələnməyə ilhamlandırmaqdır. Bundan əlavə, məktəblilər kimya sənayesi sahəsində fəaliyyət göstərən “SOCAR Polymer” şirkəti ilə tanış olmaq və konkret olaraq polimerlər haqqında yeni məlumatlar öyrənmək fürsətini əldə ediblər.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə keçirilmiş bu sosial-maarifləndirici layihənin ilk mərhələsi Bakının Binəqədi, Qaradağ və Yasamal rayonlarında yerləşən 244, 253, 273 və 53 saylı orta ümumtəhsil məktəblərini və Azərbaycan Britaniya Kollecini əhatə edib. “Adıçəkilən təhsil müəssisələrində məktəblilərlə keçirilmiş görüşlərdən 150-dən çox şagird bəhrələnərək gündəlik həyatda, ətrafımızda və insan orqanizmində hər an gedən kimyəvi proseslərdən, kimya elminin olduqca geniş imkanlarından və bu sənayenin müasir həyatımızdakı vacib rolundan agah olublar. Polimerlərin gülləkeçirməz jiletlərdə belə istifadə edilmək üçün kifayət qədər möhkəm olduğunu və ətrafımızdakı bir çox əşyanın təbii və ya sintetik polimerlərdən hazırlanmış olduğunu öyrənmək şagirdlər üçün olduqca maraqlı olub,”-məlumatda qeyd edilib.

Məktəblərdəki təqdimatlar “SOCAR Polymer”in əməkdaşları Sevinc Qafarlı və Nizam Zahidli tərəfindən keçirilib: “Yüksək imtahan nəticəsi ilə universitetə qəbul olmuş və “SOCAR Polymer” şirkətinin keçirdiyi Yay Təcrübə proqramının finalçıları qismində 21 yaşında “SOCAR Polymer” şirkətinə kiçik mühəndis-texnoloq vəzifəsinə qəbul edilmiş bu gənclər məktəblilər üçün yaxşı nümunə olublar”.Qeyd edək ki, “Məktəbliləri ruhlandıraq” layihəsi Prezident İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunmuş “İnsan resurslarının yaxşılaşdırılması və elmin inkişafı” (Maddə 5.4) və “Təhsil müəssisələrində kadrların inkişafı proseslərinin iş bazarının tələblərinə uyğunlaşdırılması” (Maddə 5.4.5) məqsədlərinin icrası istiqamətində həyata keçirilir.