“Sovetski”də kütləvi söküntü başladı

 

 

67

“Sovetski”də verilən kompensasiya ilə razı olan vətəndaşların evlərinin söküntüsünə başlanılıb.

Artıq Abdulla Şaiq və Əli bəy Hüseynzadə küçəsindəki evlərin bir çoxu hasarlanaraq sökülüb. Sakinlərin “Yeni Müsavat”a verdiyi məlumata görə, söküntü işlərinə Yasamal Rayon İcra Hakimiyyəti (RİH) nəzarət edir.

Bu küçələrdə yaşayan sakinlər qeyd edirlər ki, Yasamal RİH-in nümayəndələri qapı-qapı gəzərək sakinlərlə danışıqlar aparır. Çünki ərazi ayrı-ayrı tikinti şirkətinə satıldığından onlar icra hakimiyyətini sıxışdırmağa başlayıblar. Elə bu səbəbdən kompensasiya ilə razılaşan sakinlərin evləri dərhal uçurulur.

Balababa Məcidov küçəsində evlərinin sahəsi az olan sakinlər isə bildirdilər ki, hökumətin onlara ayrıca bina tikib, mənzil verəcəyinə heç də inanmırlar. Onların sözlərinə görə, bir müddət əvvəl “Sovetski” sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli 9 binanın tikiləcəyi deyilib. “DES Konsaltinq” şirkəti bu məqsədlə sakinlərdən pul da alıb. Amma sonradan Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, şirkət dələduzluqla məşğul olur.

Yasamal RİH-in yaydığı ən son məlumata görə, “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2100-ə çatıb.

İndiyədək 3480 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 1575 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb. Artıq 1452 əmlak sahibinin bank hesabına vəsait köçürülüb, söküntü ərazisinə düşən 726 yaşayış və qeyri yaşayış sahəsi isə sökülüb.

Yasamal RİH-in nəzdində yaradılmış köçürmə komissiyasının sədri Səməd İslamov bildirib ki, hazırda köç davam edir, komissiyaya müraciətlər daxil olur: “İlkin mərhələdə nəzərdə tutduğumuz işlər, yəni inventarlaşdırma və ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinə nisbətdə bu gün əldə etdiyimiz razılaşma protokolları 47 faizdir. Yəni hansı ünvanlarda ölçü və inventarlaşdırma işləri aparmışıqsa, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin 46-47 faizi artıq razılaşma protokolunu imzalayıb. Bütün bunlar komissiyanın məqsədyönlü işlərinin, proseslərin şəffaflığı və vətəndaşların birbaşa iştirakı ilə ölçü, qiymətləndirmə işlərinin aparılmasının nəticəsidir. Biz bu gün artıq görürük ki, işlərimizin nəticəsi çox müsbətdir”.

Məlumat üçün bildirək ki, “Sovetski” də söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir.

Amma görünən mənzərə tamam başqadır. Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətlərinə satılıb. Balababa Məcidov küçəsində sökülən evlərin yerində çoxmərtəbəli yaşayış binası tikilir. Sözügedən ərazinin bir hissəsi həmçinin hökumətin təqdim etdiyi park layihəsinə düşür. Belə olan halda bu tikintiyə kimlərin icazə verməsi sual doğurur.

Qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Bu ilin fevralında Yasamal Rayon İcra Hakimiyyətində təşkilat komitəsinin üzvləri ilə görüşdə baş nazirin müavini Abid Şərifov bildirmişdi ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”.

A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.

Xatırladaq ki, ərazinin Baş Planının hazırlanması üçün bir ay vaxt qoyulmuşdu. O vaxt bildirilmişdi ki, sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər. Hər ailəbaşına iki aylıq 1000 manat məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək.