Spiker iclası niyə tərk etdi?

Oqtay

Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin Bakıda bu günkü iclasi kifayət qədər səs küylü keçib. Müxtəlif müzakirələrin aparıldığı iclasda ən çox danışılan məsələ fransalı diplomata Azərbaycan tərəfindən viza verilməməsi olub. Elə bu da Milli Məclisin spikeri Oqtay Əsədovun qəzəbinə, nəticədə isə iclasi tərk etməsinə səbəb olub.

ANS TV-nin məluamtına görə, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Bakıda keçirilən iclası qalmaqalla yadda qaldı. Sessiyada Avropalı deputatlar Fransanı təmsil edən Rene Rukuya Azərbaycana gəlmək üçün viza verilməməsi məsələsini qabartdılar. Qurumun vitse-spikeri Anna Brassör rəsmi Bakının bu qərarına cavab olaraq 2 il ərzində AŞPA-nın iclaslarının ölkəmizdə keçirilməyəcəyini dedi. Azərbaycan tərəfi isə öz mövqeyini Rene Rukunun icazəsiz olaraq Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi ilə əlaqələndirdi.

Rəsmi Bakı icazəsiz işğal edilmiş ərazilərə səfər edən şəxslərin faktiki olaraq Azərbaycanın sərhəddini pozduğu qənaətindədir. Belə adamlar ölkədə persona non-qrata elan edilir.

Spiker Oqtay Əsədov da Anna Brassörun çıxışına faktiki olaraq Azərbaycana qarşı hücumla başladığından narahatlığını ifadə etdi və bundan sonra sessiyanın işində iştirak etmədi. Sessiyanın gedişində avropalı deputatlar toplantıda iştirak edən xarici işlər naziri Elmar Məmmədyarovu da insan haqqlarının vəziyyəti ilə bağlı hədəfə aldılar.

Xarici İşlər naziri Elmar Məmmədyarov dedi ki, “bu sahədə prosesləri izləyəcəyəm, amma müdaxilə edə bilmərəm. Siz bu suallarınızla çiynimə yük qoymaq istəyirsiniz, ancaq mən bir daha deyirəm ki, məhkəmə prosesinə qarışa bilmərəm”.

Qalmaqalla başlayan toplantı daha sonra Monitorinq Komitəsinin bu il üçün fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi ilə davam edib. Qərara alınıb ki, 2014-cü ildə qurum korrupsiya ilə mübarizə və multikulturalizm istiqamətlərinə xüsusi fikir verəcək.