Spiker Xorvatiyada

 

74

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 18-də Xorvatiyaya rəsmi səfər edəcək.

Milli Məclisdənbildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Qüdrət Həsənquliyev, Çingiz Əsədullayev, Sahibə Qafarova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyəti ölkə parlamentində olacaq, Xorvatiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq.

Milli Məclis sədrinin Xorvatiya parlamentinin spikeri Josip Leko ilə görüşündə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.

Səfər müddətində spiker O.Əsədov Xorvatiya Prezidenti İvo Josipoviçlə, Baş nazir Zoran Milanoviçlə, Baş nazirin birinci müavini, xarici və Avropa işləri naziri xanım Vesna Pusiçlə və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Bu tədbirlərdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.

Deputatlarımız Zaqreb şəhərində Xorvatiya Milli Arxivi ilə tanış olacaq, sonra Dubrovnik şəhərinə gələrək burada bir sıra mədəni proqramlarda iştirak edəcəklər.

Parlament nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaq.