Spiker,Prezidentin köməkçisi,Şeyx və İcra başçısı səfərdə-Fotolar

İyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilir.

Yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak edirlər.

Azərbaycan nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov və Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov abidə önündə çıxış edərək görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrildiyini qeyd ediblər. Əziz Əliyevin Dağıstana başçılıq etdiyi çox mürəkkəb bir dövrdə – 1942-1948-ci illərdə respublikanın inkişafı üçün gördüyü böyük işlərdən söhbət açılıb.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Əlibəy Taxo-Qodi adına Dağıstan Milli Muzeyində olublar. Qonaqlara muzeydəki qiymətli eksponatlar barədə ətraflı məlumat verilib.

Görkəmli dövlət xadimi Maqomedsalam Umaxanovun 100 illik yubiley mərasimi Mahaçqala şəhərindəki Maksim Qorki adına Dövlət Rus Dram Teatrının binasında keçiriləcək.

Maqomedsalam Umaxanov Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1956-1967), Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi (1967-1983) vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində cəbhədə mərdliklə vuruşub. M.Umaxanov müharibədən sonrakı illərin qurucularından biri, Dağıstan Respublikasının çiçəklənməsi naminə yorulmaq bilmədən çalışan, xalq arasında yüksək nüfuz qazanmış partiya və dövlət xadimlərindən biri olmaqla yanaşı, gündəlik həyatda da çox səmimi və sadə bir insan kimi tanınıb.