Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun iştirakı ilə startap ideyalarının müəllif hüquqlarının təmin olunması müzakirə olunub.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən  verilən məlumata görə, görüşdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, yüksək texnologiyalar və innovasiyalar sahəsində müəllif hüquqlarının təmin olunması, innovativ startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra uğurlu startap layihələrinin müəlliflərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan və Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinin rezidenti olan startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnoloji yeniliklərin patentləşdirilməsinin vacibliyi qeyd edilib.

Nazir Azərbaycanda innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərildiyini qeyd edib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir