Sumqaytlıların seçimi birdir – İlham Əliyev

XALQ,AZ xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Sumqayıt şəhər şöbəsi seçicilərlə növbəti görüşü 12-ci mikrarayon ərazisində keçirib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Sumayıt şəhər şöbəsinin və şəhər partiya təşkilatının sədri Ramiz Hüseynov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Milli Məclisin deputatları Tahir Mirkişili, Mirzəcan Xəlilov, professor Həsən Sadıqov, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü Təbrik Quliyev və ziyalılar, mikrarayon sakinləri iştirak ediblər.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Sumayıt şəhər şöbəsinin və şəhər partiya təşkilatının sədri Ramiz Hüseynov öncə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verib. O, bildirib ki, son 15 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib: “Mən əminəm ki, qədirbilən sumqayıtlılar bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və dövlətimizin inkişafının davamlı olmasına səs verəcəklər”.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası son 15 il ərzində Ümummilli Liderin siyasi kursunun Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilib. Bildirib ki, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilib, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılıb.

B.Quliyev məhz sadalanan faktları nəzərə alaraq Sumqayıt seçicilərini növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə etimad göstərməyə çağıraraq inkişafa, firavanlığa və sabitliyə səs vermiş olacaqların bildirib.

Çıxış edən millət vəkili Tahir Mirkişili də ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik dayanır.

Millət vəkili Mirzəcan Sadıqov isə qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Seçicilər 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Çıxış edən YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü Təbrik Quliyev və digərləri Sumqayıt sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını bildiriblər. Qeyd olunub ki, aprelin 11-də sumqayıtlıların seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev olacaq.

Tədbirdə çıxış edən seçicilər də hər bir Sumqayıt sakininin ölkə Prezidentinin apardığı siyasi kursu dəstəklədiyini dilə gətiriblər.

 

Elgün