Təhsil naziri olimpiada qaliblərini mükafatlandırdı

Bu gün Bakıda Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki , təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir.

 

Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.

 

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi edir.

Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edilib.

 

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir