Tərtərdə aksiya keçiriləcək

ter ter

Bələdiyyə sədri əlil vətəndaşdan 1000 manat rüşvət istəyib, camaatın pulu ilə dolanan Natiq Quliyev isə əlacsız qalıbTərtər rayonunun Qaynaq kənd sakini Natiq Quliyev yerli bələdiyyə sədrindən şikayətçi düşüb. O bildirir ki, 1986-cı ildən kəndin qəbirsanlığında gözətçi isləyir. Əmək haqqı almasa da, kənd əhlinin verdiyi ianələr hesabına dolanırmış. Lakin günlərin birində bu imkanı da ona çox görməyiblər. Xalq.az-a müraciət edən N.Quliyev bildirir ki, təxminən 10 ay bundan əvvəl o, ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb. «Həmin qəzayla əlaqadar xəstəxanada yatmağımdan istifadə edən qardasım Quliyev Nəbi və kənd bələdiyyəsinin sədri Ağalarov Akif birləşərək qəbirsanlığın qapılarının açarını ələ keçirdilər. Hal-hazirda mən bələdiyyədən açarları tələb etsəm də, o, açarları verməkdən imtina edir. Amma açarları 1000 manat rüşvət müqabilində geri qaytaracağını vurğulayıb. Üstəlik, o mənə dedi ki, get əlin hara qəlbidir orada qoy».

Qeyd edək ki, Natiq Quliyev əlil olmaqla yanaşı, ailəsinin 5 üzvü də əlildir. Onların yeganə dolanışıq yerləri isə Natiqin qarovulçuluqdan əldə etdiyi gəlirdir ki, onu da ona çox görürlər.

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Bələdiyyə sədri bizimlə söhbət zamanı bildirdi ki, heç bir problem yoxdur və kəndin qəbristanlığının açarlarını dünən Natiq Quliyevə təhvil verib. Şikayətçi ilə əlaqə saxladıqda isə məlum oldu ki, Akif Ağalarov yalan danışıb. «Əksinə, o mənə zəng eləyib hədələdi. Bildirdi ki, onun haqqında mətbuata şikayət məktubu ünvanladığıma görə başım ağrıyacaq. Hətta onu da dedi ki, istəyirəmsə gedib Mehriban Xanım Əliyevaya da şikayət edə bilərəm. Üstəlik, «Sən qulağının dibini görəcəksən, amma açarları yox» söylədi». Sonradan onu da müəyyənləşdirdik ki, bələdiyyə sədri şikayətçi ilə üz-üzə gəlib. Kənd qəbristanlığında baş vermiş üzləşmə davaya da səbəb olub. Akif Ağalarov Natiq Quliyevi itələyərək, yerə yıxıb. Qeyd edək ki, məsələ ilə bağlı kənd sakinləri ilə də görüşdük. Onlar bildirdilər ki, bələdiyyə sədrinin hərəkətləri insafsızlıqdır. Onu da bəyan etdilər ki, bununla əlaqədar olaraq kənddə etiraz aksiyası keçirməyə də hazırlaşırlar. «Biz Natiqi illərdir tanıyırıq. Bütün ailə üzvləri əlildir. Ona kömək etmək əvəzinə, əlindəki imkanı ondan almaq Allaha xoş getməz. Biz Akif Ağalarovdan açarları Natiqə verməsini tələb etmişik. Əgər bunu etməsə, etirazımızı aksiya ilə bildirəcəyik».