Tərtərdə pul yığımı başlandı

 

 55

Ceyhun Cəfərov onlardan külli miqdarda pul tələb etməyə başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, hər bir dövlət məmuru sahibkarlara bütün şəraiti yaratmalıdır. Onların normal fəaliyyət göstərməsi, yerli iqtisadiyyata investisiya qoymalarına mane olunmamalıdır. Lakin dövlət başçısının bunca tapşırıq və göstərişlərinə rəğmən, bəzi icra başçıları yerlərdə iş adamlarına gün verib, işıq vermirlər. 

Xalq.az-a verilən məlumata görə, Tərtər rayonunda da sahibkarların incidilməsi və onlardan pul tələb olunmasına start verilib. Həmin məlumatlarda deyilir ki, rayonun icra başçısı Ceyhun Cəfərov Tərtərdəki iş adamlarının yanına adamını göndərərək, onlardan müəyyən məbləğdə pullar tələb edir. Bu məbləğlər isə rayonun mərkəzi və ətrafında fərqli şəkildədir ki, bu da onların dövriyyəsi ilə bağlıdır.

İddia edilir ki, icra başçısının əsas pul yığanı rayonun baş memarı Tofiq Kərimovdur. Daha doğrusu, Cəfərov pul yığımı işlərini bu dəfə ona tapşırıb. Əvvəllər isə bu işi onun keçmiş müavini Vidadi Bəylərov həyata keçirirmiş. Lakin Bəyələrovun oğlunun avtomobil qəzası törədərək bir nəfərin həyatına son qoymasından sonra o, işdən azad edilib. Onun missiyasını isə hazırkı baş memar həyata keçirir.

Həmin məlumatlarda qeyd olunur ki, Ceyhun Cəfərovun bu addımı atmasının başlıca səbəblərindən biri onun yaxın vaxtlarda işdən çıxarılacağı ilə bağlıdır. Belə ki, sözügedən şəxs Prezidentin son səfəri zamanı rəsmilər tərəfindən qəbul edilməyib və ardından da onun işdən çıxarılacağı xəbəri yayılıb. Elə buna görə də, icra başçısı vəzifədən gedəcəyini bildiyindən sahibkarlardan pul yığmağa başlayıb.