Tanınmış jurnalist mətbuata qayıtdı

ibo

 

“Azərbaycan Ordusu”nun keçmiş baş redaktoru jurnalist fəaliyyətini davam etdirəcək

 

Respublikanın əməkdar jurnalisti, tanınmış publisist İbrahim Rüstəmov bugünlərdə ordu sıralarından tərxis olunub. Ondan müsahibə almağa çox böyük çətinliklə nail ola bildik. Xatırladaq ki, İ.Rüstəmov 23 ildən artıq ordu sıralarında xidmət edib, Müdafiə Nazirliyinin «Azərbaycan Ordusu» qəzetinin baş redaktoru olub. İndiyədək ordu quruculuğundan bəhs edən yüzlərlə məqalənin müəllifi, təcrübəli hərbi jurnalistdir. Ehtiyatda olan polkovnik-leytenant İ.Rüstəmov həm də müharibə vetranıdır. Onun Moderator.az-a müsahibəsini oxucularımıza təqdim edirik.

-İbrahim müəllim, sizi ilk növbədə «Elçi» qəzetinin şef redaktoru kimi fəaliyyətə başlamağınız münasibətilə təbrik edirik.

  • Çox sağ olun. Azərbaycan mətbuatında «Elçi» öz yeri, öz mövqeyilə seçilən, ənənəsi olan qəzetdir. Belə bir mətbu orqanda çalışmağımdan qürur duyuram. Onun daha böyük uğurlara imza atmasından ötrü əlimdən gələni etməyə, ən əsası isə, obyektivlik prinsipini qoruyub saxlamağa çalışacağam.

  • Siz uzun müddət Müdafiə Nazirliyinin «Azərbaycan Ordusu» qəzetində xidmət etmiş, baş redaktor vəzifəsinədək yüksəlmisiniz. 2005-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı ilə mükafatlandırılmısınız. Bildiyimizə görə, ordu məkanında bu fəxri ada layiq görülmüş ilk və hələ ki, yeganə şəxssiniz. İndi hərbi jurnalistikadan ayrılmaq sizə çətin gəlmir ki?

  • Qətiyyən. Mən bu gün də öz sevdiyim sənətlə məşğulam. Bu gün də özümü əsgər kimi hiss edirəm. Yəni, bundan sonra da ordumuzun yanında olacam, onun təbliğatından ötrü əlimdən gələni edəcəm. Buna heç kimin şübhəsi olmasın.

– İbrahim müəllim, artıq arxada qalmış çoxillik ordu həyatınıza baxanda hansı hissləri keçirirsiniz?

  • Ordu həyatı mənim üçün ilk növbədə böyük bir sınaq meydanı olub. Biz məhz bu məkanda hər şeydən öncə dövlət və dövlətçilik ənənlərinin, vətən və vətəndaşlıq duyğusunun, fərdi məsuliyyət hissinin nə demək olduğunu dərindən anlamışıq. Xalq və dövlət qarşısında əsgəri sədaqət andı içmişik. Axı 90-cı illərin əvvəllərində hərbi xidmətə başlayanda hələ çox cavan idik. Xoşbəxtəm ki, içdiyim hərbi anda xələl gətirəcək, onu şübhə altına alacaq heç bir yanılış addım atmamışam. Özümdən böyük rəislərin bütün əmr və tapşırıqlarını sözsüz yerinə yetirmişəm. Ola bilsin orduda xidmət etməyənlər mənim bu fikrimi düzgün başa düşməsinlər. Amma ordu, hərbi xidmət ilk növbədə ciddi nizam-intizam, geniş dünyagörüşü və əxlaq tələb edir. Burada tabeçilik prinsipi, xüsusilə, xalqa və dövlətə, Ali Baş Komandana sədaqət son dərəcə mühüm, ali bir hiss kimi dəyərləndirilir. Bu, dünyanın bütün ordularında zaman-zaman bərkimiş və özünə alterpativ tanımıyan bir prinsipdir. Bu prinsipin qorunmadığı ordularda heç vaxt yüksək nizam-intizamdan, döyüş hazırlığından danışmaq olmaz. O üzdən mənim bir insan kimi formalaşmağımda ordu həyatının oynadığı rolu kifayət qədər yüksək qiymətləndirirəm. Mən məhz burada Azərbaycan insanının yüksək mənəvi dəyərlərə, əxlaqa nə dərəsədə sahib olmasını müəyyənləşdirmək və görmək imkanı qazanmışam. Axı ordu, doğrudan da, əsl sınaq meydanıdır və bu meydanda kimin hansı əxlaqa, dünyagörüşünə malik olmasını müəyyənləşdirmək həyatı başa düşən, bilən insan üçün bəlkə də bir anın məsələsidir…

– Siz uzun müddət sabiq müdafiə nazirinin rəhbərliyi altında xidmət etmisiniz. Onu yaxından tanıyan bir jurnalist kimi mətbuatda Səfər Əbiyev barəsində yazılanlara münasibətinizi bilmək istərdik.

-Mən yenidən geriyə qayıtmaq, ən azı etik normalara görə Səfər Əbiyev cənabları haqqında danışmaq istəməzdim. Ancaq sizin sualınızı cavabsız qoymağım da, bilirəm ki, yersiz müzakirələrə rəvac verəcək. O üzdən öz fikirlərimi bölüşməyə məcburam. Əvvəla, sabiq müdafiə nazirini, ifadəmə görə üzr istəyirəm, aşağılayan yazılar bir qayda olaraq idarə olunan KİV-lərdə işıqlandırılır. Belə mətbu orqanların sabah öz sifarişçiləri barəsində hər hansı qərəzli yazılarlarla çıxış etməyəcəyinə isə heç kim qarantiya vermir. O üzdən mən bu yazıları ciddi jurnalist araşdırması kimi dəyərləndirmirəm və onlara güzaran jurnalistikasının məhsulu kimi baxıram. Ancaq bütün bunlarla yanaşı bu xüsusda məni sadə bir Azərbaycan vətəndaşı kimi həmişə bir məsələ düşündürüb: Ölkənin Müdafiə Nazirliyinə təqribən on doqquz il rəhbərlik etmiş bir insanı ictimaiyyətə özgə bir imicdə təqdim etmək, görəsən, kimlərə lazımdır. Başqalarını deyə bilmərəm, şəxsən mən dövlətə və dövlət başçısına sədaqətlə xidmət etməyi, onun ideya və tapşırıqlarından irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirməyi məhz hörmətli Səfər Əbiyev cənablarından öyrənmişəm. Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri, əldə olunan uğurları, həyata keçirilən mühüm dövlət tədbirlərini vaxtında yüksək səviyyədə şəxsi heyətə çatdırmaq xidməti dövrümdə qəzet redaktoru olaraq qarşımda dayanan bir nömrəli vəzifə kimi müəyyənləşdirilmişdi. Dövlətə, xalqa sədaqətlə xidmətdə mən şəxsən Səfər Əbiyevi bir jurnalist olaraq nümunə kimi görmüşəm. Düzdü, hər bir kəsin nöqsanları olduğu kimi onun da müəyyən problemləri vardı. Ancaq Səfər Əbiyevin ulu öndərimiz tərəfindən irəli sürülən ideya və prinsiplərə, xüsusilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sədaqəti, yəni ölkə rəhbəri tərəfindən verilən bütün əmr və göstərişləri ən yüksək səviyyədə yerinə yetirməsi birmənalı olaraq danılmazdır. Təsadüfi deyil ki, vəzifədən azad olunduğu gün sabiq müdafiə nazirinə şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan adından ordudakı xidmətlərinə görə təşəkkür ifadə olunmuşdur.

Bundan əlavə, bildiyimə görə, son əlli ildə Səfər Əbiyev peşəkar hərbçi kimi hələ sovet dönəmində diviziya komandiri olmuş ilk azərbaycanlıdır. Ali Baş Komandanın rəhbərliyi altında onun ordu quruculuğu sahəsində danılmaz xidmətləri olub. Bunu, istəsək də, istəməsək də etiraf etməliyik. Məsələn, Biləcəri adlı bataqlığın ləğv olunmasında Səfər Əbiyev cənabları nə qədər təzyiq və təhdidlərlə üz-üzə qaldı. Biləcəri Silahlı Qüvvələrimizdə əsl qarayara idi və bu yaranı o, böyük zəhmət bahasına, sayı-hesabı bilinməyən çətinliklərə sinə gərə-gərə kəsib atdı. O vaxtlar, yaxşı yadımdadı, buna görə ona qarşı əməlli-başlı böyük bir qara piar kampaniyasına start verildi, müqavimət göstərildi. Amma buna baxmayaraq, Səfər Əbiyev cənabları bu işi uğurla başa çatdıra bildi. Nəticədə hərbi xidmətə çağırış sistemində maksimum şəffaflıq yarandı. İlk dəfə kasıb-kusub uşaqlarının paytaxtda yerləşən hərbi hissələrdə xidmət etməyə başlaması ictimaiyyət tərəfindən əsl sensassiya kimi qarşılandı. Bu, ordu quruculuğu işində böyük bir dönəmə çevrildi. Əhali arasında Silahlı Qüvvələrimizin nüfuzu ikiqat artdı.

Bütün bunlarla yanaşı, əgər bir tərəfdən çağırış sistemi təkmilləşdirildisə, digər tərəfdən də bununla o, özünə xeyli düşmən qazandı. Üstəlik, Səfər Əbiyevin yalnız Ali Baş Komandan qarşısında hesabat verməsi, hərbi xidmətə hər çağırış dövründə sayı-hesabı bilinməyən xahiş və minnətləri əsasən cavabsız qoyması da digər narazılar elitasının formalaşması ilə nəticələndi ki, bu da indinin özündə belə, davam etməkdədir. Yaxud, hansısa hərbi hissədə ən aşağı vəzifədə xidmət edən hərbi qulluqçu cinayət əməlinə görə cəzalandırılanda onu ictimaiyyətə Səfər Əbiyevin ən yaxın adamı kimi təqdim edirlər. Mən bunu çox pis tendensiya kimi dəyərləndirir və bəzi insanları ictimai-siyasi əxlaqa dəvət edirəm. Əgər biz son iyirmi ildə qazandığı möhtəşəm uğurlara görə Azərbaycan Ordusunu Cənubi Qafqazın ən mobil, yüksək döyüş hazırlığına yiyələnmiş silahlı bir qrumu kimi təqdim ediriksə və bu, beynəlxalq hərbi ekspertlər tərəfindən təsdiq olunursa, deməli, bunda Səfər Əbiyev cənablarının da xidmətləri danılmazdır. Bilirsiz, mən bu fikirləri söyləməsəydim belə çıxardı ki, ya qorxuram, ya da cəsarətim yoxdur. Qorxaqları, cəsarətsizləri isə ordu sevmir.

-Sizi həm də sabiq nazirin ən yaxın adamlarından biri kimi təqdim edirlər…

  • Qoy təqdim etsinlər. Ancaq bu qaraguruhçulara deməyə mənim də sözüm, arqumentlərim var. Fakt daşlaşmış həqiqətdir. Əvvala, mən təqribən on üç il mayor hərbi rütbəsində xidmət etmişəm. Bu zaman bəzi istedadsız, əxlaqsız insanlardan fərqli olaraq heç bir iddia, heç bir təmənna güdməmişəm. Gözümün ağı-qarası bir oğlum var. O da hərbi xidmətini Murovda, cəbhə bölgəsində keçirib. İndi siz mənə izah edin görüm Səfər Əbiyevin adamı olmaq nə deməkdir…Mən ideya adamıyam. O üzdən Orduda özümü heç vaxt təsadüfi şəxslərdən saymamışam.Yəni, ən böyük amacım dövlətimə, Ali Baş Komandanıma sədaqətlə xidmət etmək olub. Bu gün də eyni mövqedəyəm.

– Sizin Ordu sıralarından kənarlaşdırılmağınız haqqında da müxtəlif söz-söhbətlər, şayiələr gəzir.

  • Qətiyyən belə deyil. Sadəcə səhhətimdə yaranan problemlər üzündən Silahlı Qüvvələrdən ayrılmaq məcburiyyətində qalmışam. Müdafiə naziri Zakir Həsənov cənablarının eyni əmrilə həm ordu sıralarından tərxis edilmişəm, həm də bundan sonra da hərbi forma geyinmək hüququmu özümdə saxlamışam. Daha bəziləri kimi xidməti uyğunsuzluqla ordu sıralarından qovulmamışam. Amma ürəyim yenə də ordumuzun yanındadır. Təəssüf ki, uzun müddət birgə çalışdığım, vaxtilə hətta başıma and içən bəzi adamlar sonradan öz sifətlərini dəyişdilər, məni ictimaiyyətə özgə bir imicdə, hətta şizofrenik kimi təqdim etdilər. Bütün bunların arxasında onların məkrli niyyəti dayanırdı. Məqsədləri qələmimi, sözümü gözdən salmağa yönəlmişdi. Bilirdilər ki, nə vaxsa öz sözümü deyəcəyəm. Qorxudan mənə ləkə yaxmağa çalışdılar. Ancaq şərin-böhtanın da bir həddi-miqyası var. Doğrusu, yenə də təəccüblənmirəm. Çünki vaxtilə onlara etimad göstərən müdafiə nazirini aldadan bu adamlar elə xislətə malikdirlər ki, şəxsi mənafeləri naminə, nəinki məni, hətta öz balalarını da tapdalayarlar. Təssüf edirəm ki, həm də bu cür bəzi namərd, əxlaqsız, səviyyəsiz, satqın adamların əhatəsində olmuşam. Çünki bir əsgər kimi satqınlıq təbiətimə həmişə yad olub. Bu barədə çox danışmaq istəmirəm. Gələcəkdə öz xatirələrimdə ətraflı bəhs edəcəyəm…

-İndiki müdafiə naziri barəsində nə deyə bilərsiniz? Deyəsən, ona münasibətdə daha tənqidi mövqe dayanmısınız?

-Qətiyyən. Siz nə üçün belə nəticəyə gəlirsiniz? Zakir Həsənov cənabları peşəkar hərbçidir. Onun nazir təyin olunduğu gündən dinamik mövqe sərgiləməsi, intensiv fəaliyyət göstərməsi bir jurnalist kimi məndə çox böyük ümidlər yaradıb. O daim xüsusilə ön mövqedə, vətənimizin keşiyini çəkən əsgərlərin yanındadır. Necə deyərlər, kabinet generalı deyil.

-Əmin ola bilərsiniz, bir daha Silahlı Qüvvələrə qayıtmaq fikrim yoxdur. Bunu ona görə deyirəm ki, səmimiyyətimə inanasınız. Yeni nazirin Ali Baş Komandanın ümidlərini doğruldacağı atdığı ilk addımlardan aydın görünür. Lakin ordu çox mürəkkəb struktura malik bir qurumdur. Burada hamının öz xidməti vəzifəsinə ləyaqətlə yanaşması prinsipial məsələdir. Guman edirəm ki, Zakir Həsənov cənabları ətrafındakılar üçün kifayət qədər önəmli bir nümunədir. O üzdən, fikrimcə, bəzi kabinet generallarının da, nəhayət, soyuq səngərlərdə keşik çəkən əsgərlərin yanında gecələməsinin vaxtı çatıb. Əks-təqdirdə yeni nazirin rəhbəri olduğu strukturu ətrafındakı bəzi qeyri-peşəkar, ikiüzlü, hiyləgər, satqın, fərsiz və məkrli kadrlardan təmizləməsi məsələsi qaçılmaz olacaq. Hadisələrin gedişi də məhz bunu göstərir.

– Yəqin siz əsgər ölümlərini nəzərdə tutursunuz?

  • Ola bilər. Əsgər ölümlərilə bağlı vaxtilə sabiq müdafiə nazirinə qarşı çox ciddi təzyiqlər göstərilirdi. Ancaq mənim fikrimcə, müharibə şəraitində xidmət aparan bir ordu üçün bu, qaçılmazdır. Təəssüf edirəm ki, ölüm hallarından yeni nazirə də qarşı bəzən arqument kimi istifadə olunur. Bütün bunları kimlərinsə öz məkrli niyyətlərinə çatması üçün atdıqları addım, göstərdikləri təzyiq kimi dəyərləndirirəm. Ona da təəssüflənirəm ki, bəzi generallar, səlahiyyətli məsul şəxslər yalnız hadisələr baş verəndən-verənə hərbi hissələrdə görünürlər.
    Ağır coğrafi şəraitdə, düşmənlə üz-üzə, göz-gözə dayanan əsgərlər bir qayda olaraq daim stress içində, psixoz vəziyyətində olurlar. Əlbəttə, bu hamıya aid deyil. Lakin xarakterlər müxtəlifdir. Böyük kontingentdə asanlıqla sınan, sarsılan gənclər ani məqamda, bəzən gözlənilmədən çox ciddi problemlər yaradırlar. O üzdən ordumuzda ilk növbədə mənəvi-psixoloji durumu gücləndirmək lazımdır. Bundan ötrü peşəkar psixoloqların dəstəyinə böyük ehtiyac duyuram. Bəzi kabinet generallarının bu işin öhdəsindən gəlməsi isə qeyri-mümkündür. General olmaq psixoloq olmaq demək deyil axı…

Bu gün əsgərin yanında olmaq, onunla öz doğma ana dilində danışmaq, fərdi qaydada hər bir kəsin problemlərini vaxtında öyrənib aradan qaldırmaq ordu geniralitetinin fəaliyyətində, mən deyərdim, ən vacib amildir. Valideynlərindən təzəcə ayrılıb soyuq səngərlərə qədəm basan əsgərlə direktiv sənədlər, nizamnamə dililə danışmaq xüsusilə xidmətin ilkin mərhələsində istənilən effekti vermir. Yaddan çıxarmamalıyıq ki, hamımızın övladları var.

Odur ki, vaxtilə Səfər Əbiyevin ətrafında olan, bu gün isə yeni nazirin yanında, necə deyərlər, qol-qanad açan bəzi generallar, əgər bu faktları nəzərə almasalar, tezliklə öz vəzifələrini itirə bilərlər. Bunu deməyə Zakir Həsənov cənablarının prinsipial mövqeyi, intensiv fəaliyyət proqramı və tələbkarlığı əsas verir. O üzdən əsgər ölümlərinin sayının minimuma endiriləcəyi və Silahlı Qüvvələr quruguluğunda əldə olunan uğurların daha geniş miqyas alacağı qənaətindəyəm. Bu işdə, əgər ehtiyac olarsa, mən yenə də ordumuzun yanındayam…