Tarixi qələbələr bizi zəfərə qovuşduracaq

Havadarlarının gücünə arxalanmaqla hərəkət edən düşmənin – ermənilərin xəyalları yalnız özünün hərbi qüdrətinə güvənərək mübarizə aparan və ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu sübut etmiş Azərbaycanın haqlı mövqeyi qarşısında getdikcə sarsılır.

XALQ,AZ xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, artıq hər kəs dərk edir ki, əgər Ermənistan bundan sonra da ittifaqda olduğu ölkələrin gücünü öz hərbi gücü hesab edərək danışıqlarda iştirak edəcəksə, bu, yalnız onun məğlubiyyətinə gətirib çıxaracaq.

“Lakin Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin 20 faiz torpaqlarının işğalçıların əsarəti altında qaldığı hazırkı vəziyyətində Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyindən geri durmaması Azərbaycanda ordu quruculuğunun prioritet istiqamət kimi saxlanmasını şərtləndirir və bu sahədə aparılan zəruri islahatlar hərbi doktrinamızın müddəalarına tam uyğundur.

Qürurvericidir ki, bu gün ən müasir silahlarla təchiz olunmuş ordumuz faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələrin də uğurla yerinə yetirməsini təmin etmək iqtidarındadır.

Aprel döyüşlərindən dərhal sonra Cocuq Mərcanlı kəndinin bərpası və azad olunmuş ərazinin abadlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyinin dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimizin doğma tarixi torpaqlarına qovuşması, onların halal haqlarının tanıdılması istiqamətində yürütdüyü qətiyyətli siyasətin bariz nümunəsidir.

Ona görə də Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi altında və rəşadətli ordumuzun xalqla sarsılmaz, monolit birliyi sayəsində Horadiz əməliyyatından başlamış və aprel döyüşləri ilə davam etmiş tarixi qələbələr sonda bizi zəfər gününə qovuşduracaq və Azərbaycanın müstəqillik rəmzi olan üçrəngli bayrağı azad Qarabağ səmasında əbədi olaraq qürurla dalğalanacaq”, – deyə B. Muradova əlavə edib.

 

Elgün