TARİXİN YAŞIDI – HARPUT

TARİXİN YAŞIDI – HARPUT
(“Qənirə Paşayeva ilə addım-addım Elazığ”)
2-ci yazı
dsc07718Ancaq gərəkdi ki, lap əzəl başdan Harput şəhər tarixindən başlayasan. Elazıq mərkəzinin vur-tut beşcə kilometrliyində yerləşir. Bu tarixi məkanda ilk dəfə Hürrilər məskən salıblar. Hitit və Assurlarla davamlı əlaqələri olan Hürrilərin Asiyaya çıxışları da geniş idi. Hititlərin baş şəhəri Boğazköydə aşkar edilən yazılı qaynaqlar Harputdan «İtuva» deyərək bəhs edir. Yenə də Miladdan öncə 9-cu yüzildə Doğu Anadoluda dövlət quran Urartuların Elazıq tarixindəki yeri Harput qalasının bilinən və bilinməyən pünhan dünyasında ömr etməkdədi.
Tarixi qaynaqlar, məxəzlər üzərinə aparan söhbəti balla kəsmək istəyirəm.
Bir növ, məcburam buna. O səbəbdən ki, Elazığa qədəm qoyduğumuz ilk andan yaddaşıma köçürdüyüm və hər məqamı mənə əziz olan xatirələr yeni bir biçimdə qələmin ucuna sarınır, önə çıxır, diqqətimi məhz həmin səmtə yönəldir. Bu xatirələrin unudulmazlığı, xətri-hörməti önündən etinasız keçə bilmirəm. İlk dəfədi ki, təslim oluram anın felinə. İlk dəfədi ki, özümüzdən başlayası oluram…

HAMI YATMIŞ, GECƏ KEÇMİŞ YARIDAN…

Upuzun bir yol adlayıb yetişmişdik Elazığa. Gecədən xeyli keçmişdi. Bu yolçuluqda mənimlə bir arada olan dostlarım otelə yetər-yetməz həmən odalarına çəkilmişdilər. Səhər erkəndən toplantılar, Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı ilə bağlı konfranslar, çoxlu görüşlər bizi gözləyirdi. Hamı yatmışdı… Unudulmaz Məhəmməd­hüseyn Şəhriyar demiş, bir Allah oyaq idi, bir də mən… Özümlə götürdüyüm kitabları yerbəyer edirdim. Ertəsi gün Fırat Universitetində soyqırım qurbanı Xocalının anım günüylə bağlı düzənlənəcək tədbirdə söyləyəcəklərimi düşünürdüm… Aradan keçən 22 illik vaxt, zaman məsafəsinin duz yükü varlığımı nanə yarpağı kimi büküb-bürmələyir, yuxumu ərşə çəkirdi. Dualarımı edirdim, diləyimi diləyirdim: «İlahi, özün yardım et ki, insanlarımızın günahsız axıdılan qanı yerdə qalmasın. Bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olması üçün xalqımıza yardım et! Bizi şəhid ruhu önündə xəcil eyləmə. Düşmən məkrlidi, hiyləgərdi, arxadan vurmağın, namərdliyin, nakəsliyin xas ustasıdı. Namərd əlindədi düşmən zənciri, necə qısqırtsalar. O cür həmlə edir haqqın üstünə… İlahi, haqq ağacımızı, haqq savaşımızı şəhid qanımızla sulamağa, ayaqda saxlamağa yardımçı ol. Dədəmiz Əhməd Yəsəvi demiş:

Cilve kılgil, tilbe kılgil, şeyda kılgil,
Mecnun kılgil, el ve halka rüsva kılgil.
İşıq göster, pervane dek yanıq kılgil,
Her ne kılsan aşik eylə, ey Allahım.

Bizi mübarizə, haqq savaşı aşiqliyindən cüda etmə.

“DOST SƏNİ BAĞINA MEHMAN EYLƏSƏ…”

Dədə Ələsgərdən qalan öyüd-nəsiyyətdi; “dəvət olunduğun bağın almasın ye, heyvasın dər, narın üz” – deyib də saza əl aparıb o böyük ustad. Bizi Elazıqda Fırat Universitetində çalışan alim dostlar; qarşıladılar. Səhər o başdan, dan yeri ağarar-ağarmaz bizi səhər süfrəsi başına götürdülər.
İlk bələdçimiz, can deyib-can eşidənimiz Fırat Universitenin dəyərli aydınları Elazıq Böyük Şəhər Bələdiyyəsinin yetkililəri oldu. Qardaş sayğısını gördük ilk andan. Qardaş sayğısıyla duz-çörək kəsdik. Əl uzatdığımız halal qardaş, dost süfrəsi oldu.
(Ardı var)

dsc07748dsc07755dsc07725