Tovuz məktəblisinə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si verilib

Mayın 2-də Tovuz rayonu Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələri və “Təşəkkürnamə”si təqdim edilib.
XALQ.AZ xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Tovuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəbin müəllim və şagirdləri iştirak edib.
Çıxış edənlər İdris Abbasovu örnək davranış nümayiş etdirdiyinə görə təbrik edib, ona dərslərində uğurlar arzulayıblar.
İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev sahibini taparaq pulu ona qaytarıb. Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif edilən mükafatdan imtina etməsi olub.
Elgün