Turizm Şurası iclas keçirdib

XALQ,AZ xəbər verir ki, “Azərbaycan Turizm Şurası indiyədək müxtəlif istiqamət üzrə 145 qərar qəbul edib, onlardan 107-si tam icra edilib. Şura uğurla fəaliyyət göstərir.” Bu sözləri aprelin 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Biznes Mərkəzində Turizm Şurasının yeddinci iclasında deyib.

Ölkəmizdə turizmin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində bu sahənin mühüm yer tutduğunu diqqətə çatdırıb, ötən illər ərzində görülən işlərdən danışıb. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirib ki, qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir.

Ötən ilin yekunlarını diqqətə çatdıran nazir deyib: “2017-ci ilin turizm göstəriciləri olduqca ürəkaçandır. Milli Turizm Təbliğat Bürosunun yaxın vaxtlarda yaradılmasına baxmayaraq, Büro uğurla fəaliyyət göstərir. Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Bu il bayram günlərində Fəvvarələr meydanında təşkil edilən tədbirlərdə bir milyondan çox insan iştirak edib”.

Ə.Qarayev vurğulayıb ki, ötən il ölkəmizə 2 milyon 691 min 998 nəfər turist gəlib. Bu, 2016-cı ildən 20 faiz çoxdur. Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya ilk yerdə qərar tutub. Sonrakı yerləri Gürcüstan (537 min), İran (362 mindən çox), Türkiyə (300 mindən çox), Birləşmiş Ərəb Əmirlikləri (100 mindən çox), habelə Ukrayna, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələr bölüşür. Turizm sahəsinə qoyulun investisiyaların həcmi 91 milyon manat olub. Keçən il ölkəmizə gələn xarici qonaqların bank xərcləri əməliyyatları 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir. Nağdsız ödəmələrin sayı 70 faiz artıb. 2018-ci ildə yanvar və fevral ayı ərzində xarici vətəndaşların bank xərcləri 190 milyonu ötüb. İki ay ərzində Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki bank xərcləri 179 milyon təşkil edib.

Qeyd olunub ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkə rəhbərliyinin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir.

Dünya Turizm Təşkilatının yeni baş katibi Zurab Pololikaşvili çıxış edərək ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüb. Qonaq ölkəmizin turizm potensialının son illər inkişafından danışaraq bildirib ki, bu istiqamətdə reallaşdırılan layihələrə Azərbaycan hökuməti dəstək göstərir. Bütün dünya dövlətlərində bu sahənin inkişafı üçün qarışlıqlı əməkdaşlıq əlaqələrini vacib sayan Z.Pololikaşvili ölkəmizin də belə təcrübələrdən kənarda qalmadığını bildirib. Qonaq, həmçinin Turizm Şurasının yaradılmasını təqdir edib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, sağlamlıq turizmi üzrə İşçi Qrupunun rəhbəri Vüqar Şıxəmmədov görülən işlər barədə Şuranın üzvlərinə məlumat verib.

İclasda turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirlər səsləndirilib. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Elgün