Türkiyəli Nazir Naxçıvanda

XALQ.AZ bildirib ki, Muxtar respublikada səfərdə olan Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti bu fikirdədir:

Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin İxracat İdarəsinin rəisi Tayfun Kılıcın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub. “Şərq qapısı” qəzeti xəbər verir ki, səfər çərçivəsində qonaqlar ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olan nümayəndə heyəti muxtar respublikanın yerli istehsal müəssisələrində olub, regionun ixrac potensialı ilə maraqlanıb.
“Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi”, “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Mineral Sular”, “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksi”, “Araz-3” Məhdud Məsuliyyətli cəmiyyətləri və Naxçıvan Sənaye Kompleksi ilə tanışlıq zamanı qonaqlara burada istehsal olunan məhsullar haqqında məlumat verilib, onların ixrac imkanlarından bəhs edilib.
Yanvarın 17-də Naxçıvan Biznes Mərkəzinə gələn nümayəndə heyətinə məlumat verilib ki, mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes-planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir. Qeyd olunub ki, hazırda burada Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına və yuyucu vasitələrə, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər xeyli çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türkiyədən gəlmiş nümayəndə heyətinin yerli sahibkarlarla görüşü keçirilib.
Türkiyənin ölkəmizdəki səfirliyinin və Naxçıvandakı Baş Konsulluğunun nümayəndələrinin də iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, Türkiyə ilə Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlıqda iqtisadi münasibətlər məxsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən mühüm
tədbirlər, o cümlədən özəl sektora göstərilən dövlət qayğısı muxtar respublikada da çoxsaylı sahibkarlıq subyektlərinin yaradılması ilə nəticələnib. Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Vurğulanıb ki, yerli istehsal müəssisələrinin sayının artması və keyfiyyətli məhsul istehsalı Naxçıvanın ixrac potensialını artırır. Hazırda yerli sahibkarlar tərəfindən müxtəlif ölkələrə Naxçıvan məhsulları ixrac edilir. Muxtar respublika sahibkarlarına məhsul ixracı baxımından əlverişli sayılan ölkələrdən biri də Türkiyə Respublikasıdır. Muxtar respublikanın ekoloji cəhətdən təmiz və təbii ərzaq məhsulları və öz keyfiyyəti ilə seçilən sənaye malları Türkiyə bazarında özünə etibarlı yer tuta bilər. Çalışmalıyıq ki, bu sahədə mövcud imkanlardan yetərincə istifadə edək.
Türkiyə İqtisadiyyat Nazirliyi İxracat İdarəsinin rəisi Tayfun Kılıc çıxışında Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, Naxçıvanda istehsal olunan məhsulların ixracı üçün həyata keçiriləcək tədbirlərin önəmini vurğulayıb.
Sonra Türkiyə nümayəndə heyəti ilə sahibkarlar arasında muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Türkiyə İqtisadiyyat Nazirliyi İxracat İdarəsinin rəisi Tayfun Kılıc “Şərq qapısı” qəzetinə müsahibəsində deyib:
– Qeyd etmək istərdim ki, dost və qardaş Azərbaycana – Naxçıvana səfər etməkdən çox məmnunuq. Buraya nümayəndə heyəti ilə gəlmişik və səfərimizin əsas məqsədi iqtisadi əlaqələrin, xüsusilə ixracyönümlü məhsulların Türkiyə bazarına çıxarılması yönündə mövcud vəziyyətin öyrənilməsidir. Bildiyiniz kimi, dövlət başçılarımızın görüşündə bu məsələ müzakirə olunub. Türkiyə hökumətinin müəyyənləşdirdiyi kvotaya əsasən, Qars və İqdır vilayətlərinə muxtar respublikadan 150 milyon ABŞ dolları həcmində sənaye və kənd təsərrüfatı məhsulları ixrac edilə bilər. Türkiyə tərəfi bir sıra məhsullar üçün gömrük rüsumlarını ləğv edib. Həmin məhsulların ixracı üçün muxtar respublikada fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlərin həlli Türkiyə hökuməti tərəfindən diqqətdə saxlanılacaq və lazımi addımlar atılacaqdır. İki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi ümumi inkişafımıza xidmət edir.
Burada olarkən Naxçıvanın çox dəyişildiyinin, inkişaf etdiyinin şahidi olduq. Eyni zamanda səfər proqramı çərçivəsində Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələri ilə tanışlıq nümayəndə heyətimizdə xoş təəssürat yaratdı. Biz sevinirik ki, qardaş Azərbaycanın Naxçıvan Muxtar Respublikasında bu gün xeyli sayda həm ərzaq, həm də qeyri-ərzaq məhsulları istehsal edilir. Bu məhsulların böyük əksəriyyətinin xammalı da Naxçıvandadır. İstehsal müəssisələrində müasir tələblərə cavab verən şəraitin yaradıldığının şahidi olduq. Naxçıvanın zəngin iqtisadi potensialı var və dövlətinizin həyata keçirdiyi tədbirlər nəticəsində bu gün həmin potensialdan lazımınca istifadə olunur. Biz Naxçıvan şəhərində ərzaq məhsulları satılan marketlərdə olduq və xeyli çeşiddə yerli ərzaq malları ilə rastlaşdıq. Həm keyfiyyət, həm də qablaşdırma baxımından seçilən bu məhsullar yerli bazarda özünə möhkəm yer tutub. Qeyri-ərzaq məhsulları istehsal edən müəssisələrdə keyfiyyəti ilə seçilən məhsullar istehsal olunur. Bizə məlumat verildi ki, Naxçıvan mineral su mənbələri ilə zəngindir və hazırda bu sahə üzrə yaradılmış müəssisələr fəaliyyət göstərir. Öyrəndik ki, Naxçıvanın mineral suları bir çox ölkələrə ixrac olunur. Bütün bunlar onun göstəricisidir ki, Naxçıvanın ixrac üçün böyük potensialı var. Bundan əlavə, yerli sahibkarlarla işgüzar görüşümüz oldu, onlarla bir çox məsələləri müzakirə etdik. Düşünürəm ki, burada keçirdiyimiz görüşlər faydalı oldu. Ümid edirəm ki, müzakirə etdiyimiz məsələlər, qarşıda duran vəzifələrin birgə həlli yaxın gələcəkdə Naxçıvanda istehsal olunan məhsulların Türkiyə bazarına çıxışında əhəmiyyətli rol oynayacaq.
Naxçıvanın zəngin ixrac potensialı var  FOTOLAR