Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqları inkaredilməzdir

 

78

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə SİA-nın suallarını cavablandırıb

– Vüqar müəllim, ötən gün Prezident İlham Əliyev qardaş ölkəyə-Türkiyəyə səfər etdi. Səfər ərəfəsində iki dövlət arasında bir sıra görüşlər keçirildi və müxtəlif istiqamətlərə dair ikitərəfli müqavilələr imzalandı. Sizcə bu müqavilələr Azərbaycan-Türkiyə arasındakı əlaqələrin bundan sonrakı inkişafına nə kimi zəmin yaradacaq?
– Öncə bir vacib məqamı xatırlatmaq istərdim. Ümummilli lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik», böyük öndər Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyevin «Bir millətin iki diasporu ola bilməz» tezisi Türkiyə-Azərbaycan əlaqələrinin dünəninin, bu gününün və gələcəyinin bələdçisidir. İki dost, qardaş ölkəni ortaq tarix, mədəniyyət, etnik köklər birləşdirir. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə qardaş Türkiyədir. Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün daim əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda atılan ciddi siyasi addımlar hesab olunur. Hər iki dövləti təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə Bakıda və Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq və qardaşlığın əbədi, sarsılmaz simvolu kimi yüksək dəyərləndirilir. Dövlət başçısı möhtərəm İlham Əliyev Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə əbəs yerə bu uğurumuzu iki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin müştərək yeri kimi dəyərləndirmədi. 2012-ci il «Euvrovision» mahnı yarışmasında birinciliyi ələ alan Azərbaycan gənclərinin səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxmaları da «bir millət, iki dövlət» tezisinin təsdiqi idi. Birliyimizin təsdiqi olan bu kimi faktları xeyli sayda sadalamaq olar. Son illərdə türk dünyasının birliyi naminə Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlərdə-Dünya azərbaycanlılarının qurultaylarında, Türk dövlətləri başçılarının zirvə toplantısında, Diaspor təşkilatları rəhbərlərinin forumunda Türkiyənin də ev sahibi kimi iştirak etməsi qardaşlıq rəmzi olmaqla bütün türk dünyasının güclənməsinə yönəldilmiş böyük dəstək kimi dəyərləndirilir.
Dövlət başçısı möhtərəm İlham Əliyevin xalqımızın böyük dəstəyini qazanaraq yenidən Prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi də dostluğumuzun, qardaşlığımızın bugünkü səviyyəsinin göstəricilərindəndir. Möhtərəm İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən «Dövlət nişanı» ordeni ilə təltif olunması mərasimində səsləndirdiyi «Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir» fikirləri bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, istər ötən dövr ərzində əldə olunan uğurların, istərsə də son səfər zamanı imzalanan müqavilələrin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyini təsdiqləyir. Türkiyə-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu birlik bu gün bölgədə gedən proseslərə öz müsbət təsirini göstərir. Bir sözlə, Türkiyə-Azərbaycan birliyi regionda sülhün, təhlükəsizliyin qarantıdır. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. «Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılmasından söhbət gedə bilməz» kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın möhkəm təmələ əsaslandığının sübutudur. Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduğunu atdığı addımları ilə təsdiqləyən rəsmi Ankara məsələnin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu hər zaman bəyan edir.
Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına olan inamlarının tükənməzliyi bu gün də aktuallığını qoruyur. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTQ neft-qaz kəmərlərindən sonra inşasına başlanılan Bakı-Tbilisi-Qars dəmiryolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geridə qalmır. Böyük əhəmiyyətli marşrut kimi miqyasına, coğrafiyasına və qitələrarası əməkdaşlığın gücləndirilməsi baxımından böyük imkanlara malik olan, diqqət çəkən, siyasi və iqtisadi əhəmiyyətinə görə fərqlənən BTQ dəmiryolu da hər iki xalqın qardaşlığının təcəssümü kimi dünya dövlətlərini birləşdirir. İki dost ölkənin siyasi iradəsi əsasında Transanadolu qaz boru kəməri reallaşdırılmaqla BTC və BTƏ enerji layihələrinin sırasına yeni layihələr əlavə olunacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu onu göstərir ki, qarşıya qoyulan bütün məsələlər birgə səylər, birgə iradə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edilir. Türkiyə-Azərbaycan qardaşlığı əsasında reallaşan beynəlxalq layihələr region dövlətlərinin iqtisadiyyatının güclənməsinə, zənginləşməsinə, bölgədə əməkdaşlığın dərinləşməsinə böyük imkanlar yaradır.
Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasının birliyinə öz müsbət təsirini göstərir. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması, baş ofisinin Bakıda yerləşməsi də bu həqiqəti ortaya qoyur ki, Azərbaycan bütün türk dünyasının mərkəzinə çevrilib. Möhtərəm İlham Əliyev «Gücümüz birliyimizdədir» söyləməklə bütün türk dünyasını vahid mövqedən çıxış etməyə, birgə səylər göstərməyə çağırır.
– Cəmil Həsənlinin Amerikaya səfəri planlaşdırılır. Digər səfərlərdən fərqli olaraq bu səfərə müxalifət böyük ümidlər bəsləyir. Sizcə, fiaskoya uğrayan müxalifət niyə bu səfərə belə önəm verir?
– Köhnə vərdişlərə aludəçilik dağıdıcı müxalifətin dəyişməz xüsusiyyəti, ən əsası sağalmaz xəstəliyidir. Bu ünsürlərin «siyasi qul» imici qazanmaları hər halda səbəbsiz deyil. Amma təəssüflər olsun ki, xalqa deyil, xarici himayədarlarına ümid bağlamalarının acısını yaşasalar da bundan nəticə çıxarmaq barədə düşünmürlər. Bu da qeyd etdiyim kimi, onların qul psixologiyasından irəli gəlir. Xatırlasaq, dağıdıcılar bir müddət əvvəl Cəmil Həsənlinin Avropa səfəri ətrafında geniş müzakirələr apardılar. Hətta bu ünsürlər həmin səfəri elə şişirdirlmiş şəkildə ictimaiyyətə təqdim etdilər ki, bu səfərin «qəhrəmanı» C.Həsənli özü-özünü tanımadı. Çünki yazılanlarla, həmçinin söylənilən fikirlərlə C.Həsənlinin potensialı tamam təzad təşkil edirdi. Ölkə daxilində heç bir nüfuza, sosial dayağa malik olmayan bir şəxsin hansısa ölkəyə səfəri nə dərəcədə maraq doğura bilər? Aydın məsələdir ki, bu ünsürləri daim Azərbaycanın demokratik imicinə zərbə vurmaq, uğurlarımızı inkar etmək düşündürüb. Onların bu və ya digər xarici ölkəyə səfərinin məqsədi də məhz budur. Onları erməni, ermənipərəst və antiazərbaycan himayədarları qarşısında Azərbaycanın əleyhinə fikirlər səsləndirib, onlardan pul qoparmaq düşündürür. Qarşılıqlı öhdəliklər fonunda isə geriyə yeni-yeni ssenarilərlə qayıdırlar.
Bu fikir hər zaman önə çəkilir ki, Azərbaycanın uğurlarına sevinənlərlə yanaşı, onları qısqanclıqla qarşılayan xarici dairələr də var. Amma daxili bədxahlarımızın erməni, ermənipərəst və antiazərbaycan dairələrin əlində oyuncağa çevrilib, milli maraqlarımıza, mənafeyimizə uyğun olmayan, ən əsası vətəndaşlıq təəssübkeşliyindən uzaq addımlar atmaları ikrah hissi doğurur.
C.Həsənlinin ABŞ səfərinə gəldikdə isə bundan dağıdıcıların nə gözlədikləri ictimaiyyət üçün maraqlı deyil. Onların bütün cəhdləri, ümidləri sabun köpüyü kimi bir şeydir. Bu gün Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı, ABŞ prezidenti Barak Obamanın möhtərəm İlham Əliyevə yenidən xalqın böyük dəstəyini qazanaraq Prezident seçilməsi münasibətilə təbriki dağıdıcıları deyəsən məyus edib. 9 oktyabr prezident seçkilərinin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təsdiqləyən təbriklər ünvanlanmaqda davam edir. Bu, Azərbaycan dövlətinin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsidir. 9 oktyabr prezident seçkilərində müşahidəçi kimi iştirak edən ABŞ təmsilçiləri demokratik təsisatların inkişafında maraqlı olduğunu hər addımda nümayiş etdirən ölkəmizin seçki təcrübəsini öyrənməyin vacibliyini bildirdilər. Öz təbrik məktubunda Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışladığını, tərəfdaşlığın gücləndirilməsinə, ortaq çağırışlar üzrə əməkdaşlığın dərinləşdirilməsinə sadiq qaldığını xüsusi vurğulayan ABŞ prezidenti B.Obama əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Təbii ki, bu əminlik bu günə qədər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurlu inkişafına əsaslanır. Bu ilin mayında ölkəmizdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri: gələcəyə baxış” Forumuna 40-dan artıq ştatın təmsilçisinin qatılması, tədbirdə “Azərbaycan ABŞ üçün dost ölkədən tərəfdaş ölkəyə doğru addımlayır” kimi fikirlərin dəfələrlə səsləndirilməsi də münasibətlərimizin inkişafının bariz nümunələrindəndir.
Dağıdıcıların C.Həsənlinin ABŞ səfərinə böyük ümidlə baxmaları siyasi korluqlarından qaynaqlanan və şəxsi maraqlarına xidmət edən görüntüdən başqa bir şey deyil. Bu ünsürlər nə zamanadək reallığı fərziyyədən ayırd etməyi bacarmayıblar, ən əsası bir siyasi qüvvə kimi qəbul olunmadıqları ilə barışmayıblar, xarici dəstəkçilərinə böyük ümidlə baxmaqda davam edəcəklər. Bu isə zəifliyin, gücsüzlüyün, özünə inamın olmamasının göstəricisidir.