Türkiyədən çağırış

turk pol

 

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) fevralın 25-dən 26-na keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən ağır silahlı toqquşmalar ilə bağlı bəyanat yayıb.

XALQ.AZ Report-a ya istinadən xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən həmin gecə təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumlar pislənib.

“Şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara təcili şəfa arzulayırıq”, – deyə bəyanatda bildirilir.

Türkiyə, həmçinin Ermənistanı Azərbaycanla təmas xəttində atəşkəsə əməl etməyə çağırıb:

“Biz 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən şiddətli toqquşmaların yenidən baş verməməsi üçün İrəvanı atəşkəsə əməl etməyə və pozuntulara son qoymağa çağırırıq”, – deyə bəynaatda bildirilir.

Bəyanatda Türkiyənin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində atılan səyləri bundan sonra da dəstəkləyəcəyi diqqətə çatdırılır:

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə, münaqişəyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və davamlı bir həll yolunun tapılması istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək. Bu baxımdan Minsk qrupunun sözügedən münaqişənin həlli məsələsində səylərinə təkan verməsinin zəruri olduğunu hesab edirik”.

Eyni zamanda bildirilir ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə telefonla danışaraq cəbhədə baş verənlər barədə məlumat alıb.