“Türkvizyon” mahnı müsabiqəsinin təqdimat mərasimi olmuşdur

Print

 

2013-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Türkiyənin Əskişəhər şəhərində TMB telekanalının təşkilatçılığı ilə keçiriləcək “Türkvizyon” Beynəlxalq musiqi müsabiqəsinin təqdimat mərasimi olmuşdur.
Xalq.az AzərTAc-a istinadən  xəbər verir ki, tədbirdə Türkiyənin təhsil naziri Nəbi Avcı, “Eskişehir 2013 – Türk Dünyası Kültür Başkenti” agentliyinin idarə heyətinin sədri, Əskişəhər valisi Güngör Əzim Tuna, Anadolu Universitetinin rektoru Davut Aydın və 20-yə yaxın ölkənin televiziya kanallarının nümayəndələri və sənət adamları iştirak etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, “Türkvizyon” musiqi yarışmasının keçirilməsi türk dünyasının müasir musiqisinin dünyada tanıdılması və türkdilli xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm bir addımdır.
Mərasimdə yarışmanın təşkili ilə bağlı telekanallarla müvafiq müqavilə imzalanmışdır.
TMB TV, “Eskişehir 2013 – Türk Dünyası Kültür Başkenti” agentliyi, TÜRKSOY-un və Əskişəhərdəki Anadolu Universitetinin təşkilatçılığı ilə keçiriləcək musiqi yarışmasında 20 ölkənin nümayəndələri iştirak edəcəklər.
“Türkvizyon”un ilkin seçim mərhələləri Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası (o cümlədən Tatarıstan, Başqırdıstan, Altay respublikaları) Belarus, Gürcüstan, Bosniya və Herseqovina, Moldova (Qaqauziya), Keçmiş Yuqoslaviya Respublikası Makedoniya və Çində keçiriləcəkdir.
Müsabiqənin yarımfinal mərhələsi dekabrın 17-19-da, finalı isə dekabrın 21-də Türkiyənin Əskişəhər şəhərində təşkil olunacaqdır.
Azərbaycandan yarışmanın yerli seçim turunun təşkilini və yayımını “Azad Azərbaycan” telekanalı həyata keçirəcəkdir.