Ucarlı seçicilər “İLHAMLA İRƏLİ” deyir!

XALQ,AZ xəbər verir ki, Ucar rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi aprelin 4 -də rayonun Müsüslü kəndində mitinq keçirib.

Mitinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq, Cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib. Ş.Abdullayeva bildirib ki, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. “Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır” vurğulayan YAP rayon təşkilatının sədri eyni zamanda qeyd edib ki, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyev cənablarının həyat fəlsəfəsidir.

Şəhla Abdullayeva bunları nəzərə alaraq aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvüləri – Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Slaviyan Unveristetinin professoru, türkoloq, folklorşunas, ədəbiyyatşünas, tərcümə nəzəriyyəçisi, şair-tənqidçi, filalogiya elmləri doktoru, “Əməkdar müəllim” Nizami Məmmədov və Alı Babayev çıxış edərək bütün seçiciləri konstitusion hüquqlarından istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Qaraqız Qafarova və Vahid Həmidov çıxış edərək bildiriblər ki, Cənab İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına səs vermək, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə, işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azadlığına səs vermək deməkdir.

Natiqlər sonda 11 aprel tarixində baş tutacaq seçkilərdə Cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.

Elgün