Uğurlar 2014-cü ildə daha da artacağ

5

 

Azərbaycan tarixinin, Azərbaycan dövlətçiliyinin daha bir şanlı səhifəsi yazıldı. Xalqımız 2013-cü ili – böyük siyasi hadisə sayılan prezident seçkiləri ilini bütün sahələrdə yüksək ictimai fəallıq, işgüzarlıq, təşəbbüskarlıq, qətiyyət, ümumi mənafelərimizə, ən başlıcası, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət nümayiş etdirməklə başa vurdu.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və qoruyucusu olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb təsdiq olunmuş, hər bir vətəndaşın hüquqları təsbit edilmiş Azərbaycan Konstitusiyasının əsas müddəalarından biri də vətəndaşlara dövlət orqanlarına şəxsən müraciət etmək hüququnun verilməsidir. Ulu Öndərin 1997-ci ildə imzaladığı “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən bu hüququn təmin edilməsi bütün dövlət orqanlarının ən ümdə vəzifələrindən biridir.

Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqlarının qarantı olan, hələ ilk dəfə seçiləndə hər bir azərbaycanlının Prezidenti olacağına söz verən və bunu ardıcıl həyata keçirən İlham Əliyev vətəndaşların problemlərinin, o cümlədən onların öz müraciətlərində qaldırdıqları məsələlərin həllinə xüsusi önəm verir.

Azərbaycan vətəndaşlarının ölkə Prezidentinə göstərdiyi böyük inam və etimad bilavasitə onların arzu və istəklərinə, gündəlik problemlərinə göstərilən dövlət qayğısından irəli gəlir. Buna görə də Azərbaycan xalqı onu narahat edən bir çox məsələlərlə əlaqədar məhz dövlət başçısına müraciət etməyi üstün tutur.

Əvvəlki illərdə olduğu kimi, ötən 2013-cü ildə də vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılmış, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri ilə daha təsirli tədbirlər görülmüşdür. Dövlət hakimiyyəti orqanlarının vətəndaş müraciətlərinə münasibəti daha da yaxşılaşmış, bu orqanların rəhbərlərinin əhali ilə birbaşa təmasları adi hal almışdır. Respublikanın bütün bölgələrində hər bir vətəndaş istədiyi mərkəzi icra hakimiyyəti orqanının rəhbəri ilə bilavasitə görüşmək imkanı əldə etmiş, vətəndaşların uzaq məsafə qət edərək həmin qurumlara gəlməsinə ehtiyac qalmamışdır. Bu ünsiyyətdən və təmasdan həm dövlət orqanlarının rəhbərləri, həm də vətəndaşlar bəhrələnmişlər. Dövlət orqanlarının rəhbərləri cavabdeh olduqları sahələrdə vəziyyətlə yerlərdə yaxından tanış olmuş, yerli strukturların necə işlədiklərini, vətəndaşların problemlərinə nə dərəcədə obyektiv yanaşdıqlarını öyrənmişlər.

Vətəndaşların müraciətlərinə baxılması sahəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında görülən işlər barədə il ərzində oxuculara mütəmadi məlumat verilsə də, ötən ilin yekunlarını daha geniş şərh etmək məqsədi daşıyan bu yazını oxucuların diqqətinə çatdırırıq.

İlham Əliyev siyasətinin təntənəsinə çevrilən və sabaha inam doğuran seçkilər ili

Müasir dünyanın mürəkkəb geosiyasi şəraitində siyasət labirintlərində düzgün yol seçmək, hər tərəfdən göstərilən siyasi və iqtisadi təzyiqlərə davam gətirmək, ölkənin mənafeyinə uyğun olmayan təsirləri dəf etmək hər siyasətçiyə nəsib olmur. Xüsusilə müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğalçı Ermənistan tərəfindən zəbt olunan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün böyük səylər göstərməklə yanaşı, onun dinamik və sürətli iqtisadi inkişafını, müdafiə qüdrətini, xalqın xoş güzəranını təmin etmək heç də asan məsələ deyildir. Bu işin öhdəsindən gələn yeganə şəxsiyyətin məhz İlham Əliyev olduğunu xalqımız gözəl bilir və buna görə də tərəddüd etmədən ölkəsinin, dövlətinin, ilk növbədə özünün taleyini ona etibar etmişdir. Bu etimadın və etibarın doğrulacağına heç kəs şübhə etmir. Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır və bundan sonra da inamla onun ardınca gedəcək, onun uğurlu siyasətini dəstəkləyəcəkdir.

Ölkə vətəndaşları 2013-cü il oktyabrın 9-da bir daha öz düzgün seçimlərini edərək onların işıqlı gələcəyini, Azərbaycanın sabit və davamlı inkişafını təmin edəcək, onu dünyanın ən müasir, ən inkişaf etmiş, ən yüksək həyat şəraiti olan bir dövlətinə çevirməyi qarşısına məqsəd qoymuş siyasi liderinə – İlham Əliyevə səs verdilər. Bu seçim müasir Azərbaycan siyasətində İlham Əliyevin alternativsiz lider olduğunu bir daha sübut etdi. Bu seçim xalqın ürəyindən gələn seçim idi, onun qəlbinin hökmü, ən başlıcası, öz rəhbərinə sonsuz inam və etimadın, səmimi hörmətin və məhəbbətin, dövlət başçısının ötən 10 ildə xalqına göstərdiyi böyük qayğı və diqqətin, həmçinin gözəl gələcəyə verilmiş təminatın ifadəsi idi. Hamı gözəl bilir və dərk edir ki, ulu öndər Heydər Əliyevin ölməz ideyaları Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra da ardıcıl və qətiyyətlə həyata keçiriləcək, Azərbaycan tarixin siyasi burulğanlarında heç vaxt büdrəməyəcək, müstəqilliyimiz gündən-günə möhkəmlənəcək və əbədi qorunacaqdır.

Seçkilər ərəfəsində vətəndaşların artan fəallığı onların cəmiyyətdə gedən proseslərə münasibətində özünü aydın göstərmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan bütün müraciətlərin də ana xəttini ölkə Prezidentinə böyük inam və etimad təşkil etmişdir.

Respublika Nazirlər Kabinetinin 2014-cü il yanvarın 9-da keçirilmiş, 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, “Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir”.

Azərbaycan Prezidenti xalqın bu etimadını, reallığa, inandığı adama səs verməsini olduqca yüksək dəyərləndirərək demişdir: “Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən bu vəzifəyə seçilməsi dövrün, zamanın reallığından və Azərbaycan xalqının iradəsindən, inam və etimadından irəli gəlir. Bu inam və etimad olmasaydı, seçkilər bu qədər fəal, uğurlu keçməz, seçkiləri diqqətlə izləyən beynəlxalq və yerli müşahidəçilər onun nəticələrindən belə razı qalmazdılar. Bu seçkilərin əsas prinsipi tam şəffaflıq, obyektivlik, yalnız və yalnız xalqın rəyinin sərbəst ifadəsi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü Azərbaycan tarixinin bütün əvvəlki illəri ilə müqayisə etdikdə, qısa bir zaman kəsiyində bir əsrə sığmayan və reallaşdırılması heyrət doğuran misilsiz quruculuq işlərinin şahidi oluruq.

Xalq arasında həqiqətən qurucu və yaradıcı Prezident imicini qazanmış, müasirlik simvoluna çevrilmiş İlham Əliyev öz seçki kampaniyasını gurultulu sözlərlə yox, real işlərlə, dövrün tələblərinə uyğun yeritdiyi siyasətlə, ölkəmizin beynəlxalq nüfuzunu günbəgün, aybaay, ilbəil artırmaqla həyata keçirmiş və onun bəhrəsini görmüşdür. Onun başladığı bütün işlərin Azərbaycanın daha parlaq gələcəyinə hesablandığını görməmək mümkün deyil.

İndi bütün respublika nəhəng tikinti meydançasını xatırladır. Dünya iqtisadiyyatını bürümüş böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı, sürətli inkişafını davam etdirir, respublikanın müstəqillik illərində əldə etdiyi iqtisadi potensial gündən-günə artırılır və bütün bu imkanlar ölkənin hərtərəfli inkişafının təmin olunmasına, insanların həyat şəraitinin daha da yüksəldilməsinə yönəldilir.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qazanılan bütün nailiyyətlər “Azərbaycanda xalqla iqtidar arasındakı birliyi təcəssüm etdirir, çünki bizim bütün təşəbbüslərimiz, bütün işlər xalqın tələbi, xalqın xahişi ilə, yerlərdən olan təkliflər əsasında görülür. Bizim regional İnkişaf Proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir”.

Bu bir faktdır ki, dövlət başçısının Azərbaycanın bölgələrinə etdiyi səfərlər respublika əhalisi tərəfindən xüsusi rəğbətlə və sevinclə qarşılanır. Çünki onun getdiyi hər bir rayonda, hər bir şəhərdə abadlıq və quruculuq işlərinə yeni impuls verilir, bu işlərin vüsəti daha da artır, yaranmış problemlər, bölgələrin ehtiyacları daha əyani surətdə öyrənilir, onların həlli yolları müəyyənləşdirilir. Vətəndaşlar çox gözəl bilirlər ki, Prezidentin bu səfərlərindən əsas məqsəd görülən abadlıq və quruculuq işlərinin daha da sürətləndirilməsi, bunların xalqa təqdim edilməsidir. Prezidentin elə bir səfəri yoxdur ki, həmin bölgədə bir çox yeni mədəniyyət, səhiyyə müəssisəsi, məktəb, idman qurğusu və digər obyektlər istifadəyə verilməsin. Ölkə Prezidentinin özünün qeyd etdiyi kimi, son 10 ildə bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişdir. Təkcə 2013-cü ildə dövlət başçısı bəzilərində bir neçə dəfə olmaqla respublikanın 36 şəhər və rayonunda olmuş, 170-dən çox obyektin açılışında və təməlqoyma mərasimində iştirak etmişdir.

Respublika Prezidenti 2014-cü il fevralın 5-də keçirilən konfransda son 10 ildə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkənin olmadığını, bunu rekord göstərici, analoqu olmayan inkişaf hesab etdiyini bir daha təsdiqləyərək göstərmişdir ki, Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır, bu iki istiqamət arasında uzlaşma vardır və bu baxımdan Azərbaycanın təcrübəsi başqa ölkələr üçün də maraqlıdır.

İndi Azərbaycan iqtisadiyyatı imkan verir ki, yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular da həyata keçsin, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlətə çevrilsin. Ölkə Prezidenti haqlı olaraq qeyd edir ki, “…görülən bütün işlərin təməlində güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur”.

Artıq respublikanın istər paytaxtında, istərsə də rayonlarında fasiləsiz qaz, su, enerji təminatı adi hala çevrilir. Bütün bölgələrdə kəndarası yollara asfalt döşənir, ucqar dağ kəndlərinə çəkilən geniş və rahat yolların, körpülərin sayı durmadan artır, insanlar əsl rahatlığın, əsl insani yaşayışın nə olduğunu gündəlik həyatlarında görür, hiss edirlər. Azərbaycanın zəngin təbii sərvətləri və coğrafi imkanları hesabına turizm şəbəkəsi gündən-günə inkişaf edir, respublikamızdan və xarici ölkələrdən olan daha çox sayda insanın ölkəmizdə istirahətinə şərait yaradılır.

Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, o, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir. Dövlət başçısının mövqeyi qətidir: “Əsas məsələ ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini tapmalıdır. Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı və təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik”. Doğrudan da dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, “Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir. …Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır”.

Bunun əyani sübutu olaraq təkcə son bir ildə həm paytaxtımız Bakı şəhərində, həm də respublikanın müxtəlif bölgələrində açılan, yaxud bünövrəsi qoyulan böyük sənaye obyektlərini, istifadəyə verilən elektrik stansiyalarını, körpüləri, məktəbləri, idman qurğularını, turizm mərkəzlərini göstərmək kifayətdir. Dövlət rəhbərinin qeyd etdiyi kimi, hər bir rayonun inkişafı ölkəmizin ümumi inkişafına bir töhfədir. Bu gün heç kəs şübhə etmir ki, ölkə Prezidentinin təsdiq etdiyi proqramlar əsasında həyata keçirilən infrastruktur layihələrinin icrası nəticəsində respublikamız üçün tam yeni bir dövr başlanacaqdır.

Azərbaycanın sürətli inkişafı respublika iqtisadiyyatına qoyulan xarici və daxili investisiyaların hesabına əldə olunub və qeyd etmək lazımdır ki, son 10 ildə Azərbaycan dövlətinin iqtisadiyyatına 160 milyard ABŞ dolları məbləğində investisiya qoyulub və bu investisiyaların həcmi məhz ölkədə yaradılmış potensial imkanlar hesabına ildən-ilə artmaqdadır. Ölkə rəhbərliyinin apardığı düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artaraq ötən ilin sonunda 50 milyard dollara yaxın olmuşdur. Bu, ümumi daxili məhsulun 70 faizini təşkil edir və Azərbaycanı dünya miqyasında həmin göstəriciyə görə ən yüksək yerlərə çıxarır.

Biz hamımız fəxr edirik ki, ölkədə əhalinin güzəranı gündən-günə yaxşılaşır, saysız-hesabsız yeni iş yerləri açılır, yoxsulluq səviyyəsi 5,3 faizə enmişdir və hazırda xarici dövlət borcumuz ÜDM-in cəmi 8 faizini təşkil edir. 2013-cü ildə ölkədə ÜDM 5,8 faiz artaraq 57,7 milyard manata, onun adambaşına düşən həcmi isə 6207,3 manata çatmışdır. Qeyri-neft sektoru 10 faiz artaraq ÜDM-in xüsusi çəkisində 53,5 faizdən 56,6 faizə çatmışdır. Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, qazanılan bütün iqtisadi nailiyyətlər xalqın həyat səviyyəsini yüksəltmək üçün istifadə edilir. Ölkə Prezidenti bildirir ki, əməkhaqlarının və pensiyaların müntəzəm artırılması, yeni iş yerlərinin yaradılması, sosial layihələrin ardıcıl həyata keçirilməsi Azərbaycan xalqının rifahı naminə edilir. Dövlətimizin başçısı qətiyyətlə bəyan edir: “Siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunları edirik”.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. “İnformasiya-kommunikasiya texnologiyaları ili” kimi tarixə düşmüş 2013-cü il Azərbaycanda həm də kosmik sənayenin yaranması ilidir. Hazırda dünyanın aparıcı ölkələri ilə yeni peyklərin buraxılması üçün işlər görülür.

Ölkə Prezidenti 2014-cü il yanvarın 9-da keçirilmiş iclasda 2013-cü ilin nailiyyətləri, Azərbaycanın seçkilər ilində əldə etdiyi uğurlar haqqında hərtərəfli məlumat vermiş, Azərbaycanın dünyadakı iqtisadi böhran fonunda sabit iqtisadi inkişafının nədən qaynaqlandığını dərindən təhlil etmiş, ölkənin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun səbəblərini açıqlamış, həmçinin bundan sonrakı inkişaf perspektivlərini, ölkənin qarşısında duran məqsəd və vəzifələri konkret şərh etmişdir. Əsas diqqəti buna yönəltmişdir ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, Azərbaycanda böyük layihələrin icrası davam etdirilmiş və onun qarşısında çox geniş üfüqlər açan qlobal layihələrə imza atılmışdır.

Ötən ilin son günlərində Azərbaycan tarixində mühüm bir hadisə – “Şahdəniz–2” layihəsinin imzalanma mərasimi baş verdi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu layihə dünyanın ən iri enerji layihələrindən biridir və tarixi layihədir. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış müqavilə “XX əsrin müqaviləsi” sayılırdısa, bu layihə də dünyada çox böyük rezonans doğurmuş, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “XXI əsrin müqaviləsi” adını qazanmışdır. “Şahdəniz–2” layihəsi Avropaya yeni qaz dəhlizi açacaqdır. Cənab Prezident böyük fərəhlə qeyd edir ki, “Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir”.

Bu layihə Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdəki mövqeyini daha da artırır. Təsadüfi deyildir ki, layihənin imzalanması mərasimində bir çox ölkələrin rəhbərləri, eləcə də Avropa İttifaqının nümayəndələri iştirak edirdilər.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq qeyd edir ki, Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz nəqlinə imkan verən bu yeni boru kəməri Avropa ölkələri tərəfindən böyük maraqla qarşılanır. Onun dediklərini Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin bu sözləri də təsdiq edir: “Yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırmışdılar, lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır”. Təbiidir ki, bu məsələlərin uğurlu həlli, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasətinin nəticəsidir.

Açıq demək lazımdır. Bu layihələrin ətrafında uzun illər danışıqlar getsə də, onların reallaşması Azərbaycan Prezidentinin, sözün həqiqi mənasında, cəsarətli və prinsipial, uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur.

Azərbaycanın yüksək reytinqini dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da öz hesabatlarında müntəzəm olaraq təsdiq edirlər. Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal Rəqabətlilik 2013-2014-cü illər hesabatı”nda Azərbaycanın keçənilki 46-cı yerdən 39-cu yerə yüksəlməsi bunu bir daha sübut edir. Həmin hesabatda ölkəmiz Şərqi Avropada, MDB məkanında və Cənubi Qafqazda 1-ci, müsəlman ölkələri arasında isə 5-ci yerdədir.

Ölkəmizin iqtisadi inkişaf sahəsində qazandığı uğurları indi çoxları etiraf edirlər: ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladıqları “İqtisadi Azadlıq İndeksi–2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Əvvəlki illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır.

42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutan, orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksək olan Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə Hindistan, İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlamışdır.

BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan yüksək inkişaf ölkələri qrupuna daxil edilmişdir. Sevindirici haldır ki, dünyanın bir çox aparıcı beyin mərkəzləri Azərbaycanın əldə etdiyi uğurları dərindən təhlil edir, onu öz ölkələrində və başqa ölkələrdə təbliğ edirlər. Bu baxımdan Polşanın tanınmış beyin mərkəzi MİSO (Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu) Azərbaycan siyasi modelini şərh edərkən Azərbaycanda icra olunan proqramların müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması, xarici dövlətlərin müsbət təcrübəsinin nəzərə alınması kimi səciyyələndirir.

Dünyanın ünlü siyasətçilərinin, tanınmış politoloq və sosioloqlarının, ekspertlərinin diqqət mərkəzində duran Azərbaycan haqqında bəzən qərəzli, ziddiyyətli fikirlər söylənilməsinə baxmayaraq, hamı danılmaz faktları etiraf etməyə məcburdur.

Azərbaycanın nailiyyətləri ölkəmizin rəhbəri İlham Əliyevin bir sıra nüfuzlu beynəlxalq nominasiyalara layiq görülməsinə səbəb olur. Keçən il dövlətimizin başçısı Böyük Britaniyanın “The Business Year” jurnalı, “Dodspods poblinq” sorğu təşkilatı, Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları və dövlət başçılarının fəaliyyətini əks etdirən “BizNewsAsia” jurnalı tərəfindən “İlin adamı” elan olunmuş, Türkiyənin “Ekovitrin” jurnalının keçirdiyi rəy sorğusuna görə türk dövlətlərində, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı”, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun keçirdiyi sorğuya görə isə “İlin dövlət başçısı” seçilmişdir. 2013-cü il ərzində ən müxtəlif mətbuat orqanlarının, beynəlxalq reytinq təşkilatlarının keçirdikləri sorğu və müsabiqələrin nəticələri təhlil edilsə, Prezident İlham Əliyevin qalib hesab edildiyi bir çox nominasiyanın adını çəkmək olar.

Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti uğurla başa çatmışdır. Azərbaycanın bu üzvlük dövründəki fəaliyyəti beynəlxalq aləmdə müsbət qiymətləndirilmiş və Azərbaycana aid qaldırılan bəzi əsassız, o cümlədən siyasi məhbuslarla əlaqədar uydurma iddialar əksər dövlətlərin nümayəndələri tərəfindən rədd edilmişdir. Keçən il Azərbaycanla Avropa İttifaqı ölkələrinin əlaqələri daha da gücləndirilmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi barədə sazişin imzalanması buna əyani sübutdur.

Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən III Beynəlxalq Humanitar Forum, İkinci Mədəniyyətlərarası Dialoq Forumu, Davos Forumunun Bakı toplantısı geniş əks-səda doğurmuşdur və bütün bu tədbirlər Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir.

Həyata keçirilən bu tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn və dünyanın siyasət, iqtisadiyyat, elm, mədəniyyət və incəsənət elitasını təmsil edən qonaqlar ölkəmizlə tanış olur və vətənimizdən çox gözəl təəssüratla ayrılırlar. Bu da Azərbaycanın dünya miqyasında daha yaxşı imicinin formalaşmasında öz müsbət rolunu oynayır.

Bu mənada hər bir addımı, hər bir hərəkəti, Azərbaycan naminə qəbul etdiyi hər bir qərarı ölkəmizə böyük hörmət qazandıran Prezident İlham Əliyevin, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri işlər xüsusilə qeyd olunmalıdır.

Azərbaycan adının harada, hansı tribunada, hansı qəzet səhifəsində çəkilməsindən, yazılmasından asılı olmayaraq, bu, bizim diqqətimizi mütləq cəlb edir. Vətənimizin, xalqımızın, dövlətimizin adı yaxşı mənada çəkildikdə nə qədər qürur duyuruqsa, bizə qara yaxılanda, qərəzlə üzləşəndə istər-istəməz heyfsilənir və təəssüf hissi keçiririk. Həmişə qürur hissi keçirmək üçünsə ölkə Prezidentindən nümunə götürməklə dünyanın harasında yaşamasından, hansı sahədə, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlının və özünü bu dövlətin, bu xalqın, bu millətin bir zərrəsi hesab edən hər bir insanın fədakarlığı çox vacibdir. Burada əsas meyar Vətənin, xalqın maraqlarını şəxsi maraqlardan və mənafelərdən üstün tutmaqdır.

Xalq məhəbbətinin güzgüsü olan minnətdarlıq məktubları, yaxud bələdçisiz görünən dağ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlər də cənab Prezidentin gördüyü işlərin əhəmiyyətini və xalqın bu işlərə yüksək qiymət verdiyini, öz Prezidentinə inandığını bir daha təsdiq edir. 2013-cü ildə dövlətimizin başçısının ünvanına ölkə vətəndaşlarından, həmçinin xarici ölkələrdən Azərbaycanın sürətli inkişafına nail olduğuna, onun beynəlxalq nüfuzunu və iqtisadi potensialını artırdığına, əhalinin böyük etimadını qazandığına görə minlərlə minnətdarlıq məktubu daxil olmuşdur.

2013-cü ildə Azərbaycanda və bir çox xarici ölkələrdə ulu öndərimiz Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmalarının 90 illik yubileyləri qeyd olunduğu kimi, vətəndaş müraciətlərində də onların əziz xatirəsi hörmətlə yad edilmişdir. Zərdab rayonundan Ataş Abdullayev yazır: “Cənab Prezident, atalar yaxşı demişdir ki, ot kökü üstə bitər. Axı, Siz ulu öndər Heydər Əliyev işinin davamçısısınız. Heydər Əliyev Azərbaycan üçün, Azərbaycan xalqı üçün yaşayıb yaratmışdır. Ananız Zərifə xanım şəfqətli əlləri ilə insanların gözlərinə dünya işığı verən humanist bir həkim olmuşdur. Bax, Siz və Sizin ailəniz bu köklərdən qüvvət alıb bəhrələnmisiniz. Cənab Prezident, mən dünyada elə bir dövlət başçısı, elə bir Prezident tanımıram ki, Sizin ailənizin üzvləri kimi öz ölkəsinin siyasi və sosial-iqtisadi inkişafında öz Prezidentinə bu qədər yaxından kömək etmiş olsun”. Göstərmək lazımdır ki, daxil olan minnətdarlıq məktublarında ölkə Prezidentinin misilsiz işləri qeyd edilərkən, ulu öndərimiz Heydər Əliyevin müdrik, humanist, xilaskar siyasətini uğurla davam etdirməsi xüsusilə vurğulanır.

Dövlətimizin başçısının bütün fəaliyyəti Azərbaycanın ən müasir, inkişaf etmiş bir dövlətə çevrilməsinə, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu sahədə görülən işlərin, qazanılan nailiyyətlərin heç biri vətəndaşların gözündən yayınmır və onlar tərəfindən yüksək qiymətləndirilir. Nərimanov rayonundan Ramil Namazov yazır: “Hörmətli cənab Prezident! Sizin rəhbərliyiniz altında son 10 ildə möhtəşəm inkişaf yolu keçmiş Azərbaycan öz dövlətçiliyini inkişaf etdirmiş, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirmişdir. Məhz Sizin sayənizdə dünyada sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış iqtisadi model yaradan Azərbaycanın bu dövrdə həm regional, həm də qlobal miqyasda nüfuzu yüksəlmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Beləliklə də, ulu öndər Heydər Əliyevin ideyaları həyata keçmişdir”.

Minnətdarlıq məktublarının böyük bir qismində 2013-cü ildə ölkəmizin həyatında baş vermiş əlamətdar hadisələrlə bağlı vətəndaşlarımızın keçirdikləri böyük sevinc və iftixar hissləri ifadə edilmişdir. Belə hadisələrdən biri ötən il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasıdır. Bu prosesi Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən izləyən ölkə Prezidenti bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etdi. Eyni zamanda, vətəndaşlar da bu böyük uğur münasibətilə cənab Prezidentə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərdilər. Peykin buraxıldığı ilk dəqiqələrdə Səbail rayonundan Faiq Qurbanov ölkə Prezidentinə müraciət edərək, Azərbaycanın sürətli, hərtərəfli inkişaf etməsi və artıq dünyanın kosmik dövlətlər ailəsinə üzv olması ilə fəxr etdiyini bildirmişdir. Bu məzmunda müraciətlər respublikamızın əksər şəhər və rayonlarından, həmçinin xarici ölkələrdən və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrindən də daxil olmuşdur. Bunlardan birinin müəllifi Sumqayıt şəhər sakini Cümşüd İsmiyev yazır: “Fevralın 8-i ölkəmizin həyatına çox əlamətdar və tarixi bir gün kimi daxil olmuşdur. Azərbaycan ilk kosmik peykini orbitə buraxmaqla kosmik dünyanın üzvünə çevrilmiş və inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu, doğrudan da tarixi hadisədir, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Öz peykinə sahib olmaq heç də hər dövlətə, hər millətə nəsib olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı”.

2013-cü ildə Azərbaycanın böyük tarixi uğurlarından biri də, dediyimiz kimi, “Şahdəniz–2” üzrə yekun investisiya qərarının imzalanmasıdır. “Şahdəniz–2” layihəsinin ölkəmizin inkişafında, xalqımızın rifahının təmin edilməsində müstəsna rolunu qeyd edən respublika Prezidenti onun nəticələrindən yalnız xalqımızın rifahı naminə istifadə ediləcəyini bildirərək, Azərbaycanı etibarlı tərəfdaş, layiqli dövlət, güclü iqtisadiyyatı olan bir respublika kimi səciyyələndirmişdir. Bakı, Lənkəran, Mingəçevir, Şirvan, Abşeron, Ağdam, Göyçay, Xaçmaz, Xocavənd, İsmayıllı, Qusar, Şabran, Ucar, həmçinin digər şəhər və rayonlardan daxil olan müraciətlərdə dövlətimizin başçısına bu layihənin həyata keçirilməsi üçün göstərdiyi qətiyyətə görə minnətdarlıq bildirilir. Şirvan şəhərinin sakini Zaur Mirzəyevin müraciətində deyilir: “Hörmətli Prezident, Sizin başçılığınızla Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. “Əsrin müqaviləsi”nin davamı olan “Şahdəniz–2” layihəsi Azərbaycanın qüdrətini bir daha sübut etdi. Artıq Azərbaycan heç bir dövlətdən asılı olmayaraq, Sizin sayənizdə öz müstəqil siyasətini yürüdür”.

Vətəndaşların bir çox minnətdarlıq məktubları hazırda respublikada kənd yollarının tikintisinə, kəndarası yolların abadlaşdırılmasına göstərilən diqqətlə əlaqədardır. 2013-cü ildə ölkə Prezidentinin 60-dək sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan, həmçinin dövlət büdcəsindən kəndarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün 175 milyon manata yaxın vəsait ayrılmışdır. Ölkə Prezidentinin 2013-cü il iyulun 18-də Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, “…son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kəndlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünki yol həyat, inkişaf, rahatlıq deməkdir. Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək”. Ümumiyyətlə, dövlət başçımızın keçirdiyi elə bir müşavirə, konfrans, iclas yoxdur ki, orada bu məsələyə toxunmasın və 2014-cü il fevralın 5-də keçirilən konfransda da bütün kəndlərimizdə asfalt yolların, yaxşı yolların olacağını xüsusi vurğulamışdır.

Ölkə Prezidentinin yol tikintisi ilə əlaqədar verdiyi sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanır. Oğuz rayonunun Sincan kənd sakini Əlimirzə Zahidov və başqaları yazırlar: “Bu gün kəndimizdə əsl bayram əhval-ruhiyyəsi yaşanılır. Siz bizə böyük sevinc və fərəh bəxş etmisiniz. Kəndimizin sakinləri yeni avtomobil yolunun tikintisi barədə imzaladığınız sərəncamı iqtisadi yüksəlişə, sosial tərəqqiyə, abadlığa göstərilən qayğı kimi qiymətləndirirlər… Biz inanırıq ki, Azərbaycan xalqının tərəqqisi üçün gördüyünüz işlər bizi daha xoşbəxt günlərə aparacaqdır”. İsmayıllı rayonundan İnqilab Həsənov və Fərman Bəşirov isə yol tikintisi ilə bağlı görülən işlərin təkcə əhalinin gediş-gəlişi üçün deyil, rayonun inkişafı üçün xüsusi əhəmiyyətini qeyd edirlər: “Respublikamızın bütün bölgələri kimi, İsmayıllı rayonu da durmadan inkişaf edir. Bildiyiniz kimi, rayonumuz böyük turizm potensialına malik bölgədir. Yol infrastrukturunun bərpası turizmin inkişafına təkan verəcəkdir”.

Bu mövzuda müraciətlər Abşeron rayonunun Qobu, Gədəbəy rayonunun Çaldaş, Novosaratovka, Kiçik Qaramurad, Goranboy rayonunun Fəxralı, Həmənli, Qaramusalı, Səfikürd, Şəfəq, Zeyvə, Hacıqabul rayonunun Udulu, Xaçmaz rayonunun Xanoba, Mollabürhanlı, Yalama, Quba rayonunun Qonaqkənd, Xanəgah, Rustov, Masallı rayonunun Yeddioymaq, Sərçuvar, Saatlı rayonunun Qarayevkənd, Sabirabad rayonunun Bala Həşimxanlı, Moranlı, Siyəzən rayonunun Məşrif, Tərtər rayonunun Təzəkənd, Cəmilli, Dəmirçilər, Tovuz rayonunun Qəribli, Yardımlı rayonunun Astanlı, Bərcan, Çanaxbulaq, Pirembel, Şəfəqli qəsəbə və kəndlərində, digər şəhər və rayonlarda yaşayan sakinlər tərəfindən göndərilmişdir.

Ölkə Prezidenti 2013-cü ildə yol tikintisi ilə yanaşı, digər abadlıq və quruculuq işlərinin görülməsi, o cümlədən Mingəçevir, Naftalan, Biləsuvar, Qobustan, Quba və Şəmkirdə xəstəxanaların tikintisi və yenidən qurulması, Yevlaxda olimpiya kompleksinin tikintisi, Bakı, Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Bakıda Dənizkənarı Bulvarda yenidənqurma işlərinin aparılması və sair işlər üçün də vəsait ayrılması barədə sərəncamlar vermiş və həmin sərəncamlarla əlaqədar olaraq Prezident Administrasiyasına çoxsaylı minnətdarlıq məktubları daxil olmuşdur.

Geniş tikinti və quruculuq işləri Bakı şəhərində daha böyük vüsət almışdır. Bakının bütün rayonlarından olan sakinlər öz müraciətlərində yaşadıqları məhəllələrin, binaların abadlaşdırılmasından, onlar üçün rahat şərait yaradılmasından razılıq edirlər. Pirallahı rayon sakini Zöhrab Əliyev yazır: “Yenicə rayon statusu almış Pirallahıda Sizin diqqətiniz və qayğınız sayəsində geniş tikinti-quruculuq və abadlıq işləri aparılır, yaşıllıqlar salınır. İndi sakinlər burada yaşamaqdan böyük məmnunluq duyurlar. Bütün bunlar onların Sizə inamını daha da artırır”.

Qeyd etmək lazımdır ki, şəhərimizdə yeni tikintilərin yaradılması ilə yanaşı, tarixi abidələrin qorunmasına da çox ciddi diqqət yetirilir. 2013-cü il dekabrın 23-də Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin dediyi kimi, “biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etmək, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada – Bakıda ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır”.

Dövlət başçısının Azərbaycan tarixinə, mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğını vətəndaşlar öz müraciətlərində böyük minnətdarlıq hissi ilə qeyd edirlər. Ən qədim şəhərlərimizdən olan Gəncədə ölkə Prezidentinin sərəncamları əsasında “İmamzadə” kompleksinin təmiri, bərpası, onun ətrafında abadlaşdırma işlərinin aparılması, şəhərin sakinləri Fuad Əliyev, Şahnaz Həşimova və başqalarının məktublarından göründüyü kimi, əhalinin böyük sevincinə səbəb olmuşdur. Bərdə rayonu ərazisində həmin regionun sakinlərinin ziyarətgah yeri olan Miryusif Ağa ocağında təmir işlərinin aparılmasına, yeni minarənin tikilməsinə görə təşəkkür edən Samux rayon sakini Hamil Quliyev ziyarətgaha gələnlərin hamısının ölkə Prezidentinə minnətdar olduqlarını yazır. Şamaxı rayonundakı qədim Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da geniş rezonans doğurmuş, bununla əlaqədar çoxsaylı təşəkkür məktubları daxil olmuşdur.

2013-cü ildə Azərbaycanda Milli Teatr Gününün təsis edilməsi, peşəkar milli teatrın yaranmasının 140 illiyinin keçirilməsi ilə bağlı ölkə Prezidentinə Bakı və Sumqayıt şəhərlərindən xalq artistləri Böyükxanım Əliyeva, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Məzahir Süleymanov və başqaları ilə yanaşı, respublikanın bir çox şəhər və rayonlarından olan sənətsevərlər də minnətdarlıq məktubları göndərmişlər. İl ərzində Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Firudin bəy Köçərli, Mirəsədulla Mirqasımov, Kamran Hüseynov, Əli İbrahimov, Məhsəti Gəncəvi, Ənvər Məmmədxanlı, Məmməd Araz, Nigar Rəfibəyli, İslam Səfərli, Hökümə Qurbanova, Əliağa Ağayev, Rasim Ocaqov və başqa görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi barədə verilən sərəncamlara görə də yüzlərlə minnətdarlıq məktubu daxil olmuşdur.

Nəsimi rayonundan Ramiz Aşurlu və başqaları ötən ilin əvvəlində Azərbaycanın “Əməkdar Elm Xadimi”, tarix elmləri doktoru, “Şöhrət” ordenli Sara Aşurbəylinin vaxtilə yaşadığı binanın abadlaşdırılmasına görə cənab Prezidentə öz təşəkkürlərini bildirirdilərsə, ilin sonunda həmin nəslin nümayəndələri Zemfira və Kamal Aşurbəylilər cənab Prezidentin tövsiyəsi ilə Təzəpir məscidinin yerləşdiyi Mustafa Sübhi küçəsinin adının dəyişdirilərək, Nabat xanım Aşurbəyova küçəsi adlandırılması münasibətilə dövlətimizin başçısına daha bir minnətdarlıq məktubu göndərmişlər. Onlar yazırlar: “Əziz və gənc Prezidentimiz! Ulu öndərimiz Heydər Əliyevin yolu ilə gedərək, ulu nənəmiz Nabat Aşurbəyovanın xatirəsini yad edib qiymətləndirdiyiniz üçün nəslimiz adından minnətdarlığımızı bildiririk”.

Bir çox minnətdarlıq məktublarında isə Azərbaycan ziyalıları, sadə vətəndaşlar, dünyanın bütün guşələrinə səpələnmiş soydaşlarımız xalqımızın mənəvi yadigarı olan muğam və aşıq sənətimizin, qədim tarix və monumental abidələrimizin qorunmasında və bəşəriyyətə tanıdılmasında göstərdiyi xidmətlərə görə Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirməyi özlərinə borc bilirlər.

Azərbaycanda idmanın inkişafı da dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Çünki idman nailiyyətləri ölkənin ümumi inkişaf səviyyəsini, əslində onun sivillilik dərəcəsini əks etdirir. Ölkə Prezidentinin böyük iftixarla qeyd etdiyi kimi, təkcə 2013-cü ildə Azərbaycan idmançıları 780-dən çox medal qazanmışlar. Onlardan 280-i qızıl medaldır. Artıq Azərbaycanın idman ölkəsi olduğunu dünyanın idman aləmi etiraf edir və Azərbaycanda keçirilən beynəlxalq yarışlarda bütün ölkələr məmnuniyyətlə iştirak edirlər.

Respublikanın regionlarında istifadəyə verilmiş 41 olimpiya mərkəzi fəaliyyət göstərir. Onların sayı yaxın vaxtlarda 50-yə çatacaqdır. Hazırda şəhərimiz 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlaşır. Bu məqsədlə Bakı şəhərində 65 minlik Olimpiya stadionu, Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılıq Mərkəzi tikilməkdədir. Azərbaycan Prezidentinin qəti inamı belədir ki, ölkəmiz həm I Avropa Oyunlarını, həm də ondan sonra 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını layiqincə təşkil edəcək, bu oyunlar həm Avropanı, həm də İslam aləmini bir-birinə daha da yaxınlaşdıracaqdır. Cənab Prezident deyir: “Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət, dözümlülük, mehribanlıq bu gün artıq dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd edilir”.

İdmanın inkişafına göstərilən diqqət vətəndaşların, xüsusilə gənclərin ürəyindən xəbər verir, bu sahədə qazanılan nailiyyətlər onlarda böyük iftixar hissi yaradır. 2013-cü il iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılışı mərasimində rayon sakini Nəriman Babayev bunu belə ifadə etmişdir: “Cənab Prezident, Siz respublikamızda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə tam sağlam nəsil formalaşdırırsınız. İndi elə bir rayon, elə bir şəhərimiz yoxdur ki, orada Olimpiya mərkəzi, yaxud idman kompleksi olmasın… İndi biz səbirsizliklə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını gözləyirik. Bu oyunların ölkəmizdə keçirilməsi Sizin əməyinizin nəticəsidir. Bu oyunlar ölkəmizin tarixində böyük hadisədir, böyük uğurdur”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan minnətdarlıq məktublarının bir hissəsi vətəndaşların əvvəlki müraciətlərində qaldırılan məsələlərin müsbət həlli ilə bağlıdır.

Bu müraciətlərdə vətəndaşlar məişət məsələləri ilə yanaşı, yaşadıqları kənd və qəsəbənin, yaxud məhəllənin problemlərinin həllindən söhbət açır, buna görə dövlət başçısına minnətdarlıq ifadə edirlər. Belə nümunələr çox olsa da onlardan bəzilərini qeyd etmək yerinə düşərdi. Məsələn, Gəncə şəhəri “Azərbaycan Əsgəri” küçəsinin sakinləri su və digər problemlərinin qısa müddətdə həll edilməsinə, Astara rayonundan Bəhruz Babayev yaşadığı Əhəd Muxtarov küçəsində elektrik dirəklərinin və xətlərinin yeniləşdirilməsinə, Kürdəmir rayonunun Qarabucaq kənd sakini Vaqif Abdullayev qrunt sularının axıdılması sisteminin bərpa olunmasına, küçələrin işıqlandırılmasının təşkil edilməsinə, Sabunçu rayonu Maştağa qəsəbə sakini Günay Musayeva qəsəbədə yerləşən 109 saylı uşaq bağçasının əsaslı təmir edilərək istifadəyə verilməsinə görə öz minnətdarlıqlarını bildirirlər.

Bəzi vətəndaşlar əvvəlki müraciətlərindən sonra mənzil, kommunal və torpaq problemlərinin həll edildiyini bildirirlər. Hacıqabul rayonundan şəhid ailəsinin üzvü Solmaz Həşimova yazır: “Hörmətli cənab Prezident! Mənim həyat yoldaşım Əbülfəz Həşimov torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Hazırda şəhərimizin bir küçəsi onun adını daşıyır. Şəhid ailələrinə yüksək qayğı göstərdiyinizə əmin olduğum üçün ailəmizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sizə müraciət etdim. Müraciətimə qısa müddətdə cavab aldım, bizə yeni mənzil verildi. Bütün bunlara görə Sizə minnətdarıq. Bir daha əmin olduq ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Tanrı Sizi qorusun!”

Əvvəlki müraciətlərindən sonra yeni mənzillə təmin edildiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat yoldaşı, Xətai rayon sakini Gülxanım Aznaurova, Nərimanov rayonundan Yeganə Qasımova, Bakı şəhəri Nizami rayonundan Araz Əhmədov, Sumqayıt şəhərindən II qrup əlil Çiçək Abdullayeva, Lerik rayonundan Pənah Bayramov, Şəmkir rayonundan Vəsilə Əmiraslanova və başqaları da ölkə Prezidentinə minnətdarlıq bildirmişlər. Şirvan şəhərindən Bəxtiyar Ağayev evinin, Nəsimi rayon sakini Oleq Silyayev Buzovna qəsəbəsində ona məxsus tikintinin, Laçın rayonundan məcburi köçkün Sahil Allahverdiyev Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində icarəyə götürdüyü torpaq sahəsinin sənədləşdirilməsi, Səbail rayonundan Fatma Hüseynzadə 20-ci sahədə olan mənzilinə qısa müddətdə qaz çəkilməsi barədə etdikləri müraciətlərinə baxılaraq lazımi tədbirlər görülməsinə görə öz minnətdarlıqlarını ifadə etmişlər. Lənkəran şəhərindən Mayis Quliyev, Ağcabədi rayonundan Güllü Abdullayeva, Ağsu rayonundan Nailə Mehdiyeva, Bərdə rayonundan Həsən Hüseynov və bir çox başqaları isə münasib işlə təmin olunmaları barədə müraciətlərinin müsbət həllinə görə təşəkkür edirlər.

Suraxanı rayon sakini Əli Əliyev oğlunun xəstəliyi ilə əlaqədar müraciətindən sonra cərrahiyyə əməliyyatı aparılmasına göstərilən köməyə görə öz ailə üzvləri adından təşəkkür edir, bu qayğı və diqqəti heç vaxt unutmayacağını yazır.

Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarına sonsuz qayğı və diqqətini 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzində baş vermiş faciəli hadisə zamanı xəsarət almış azyaşlı İmran Cəfərzadənin müalicəsi üçün gördüyü təcili tədbirlər bir daha sübut etdi. Bu, dünyada misli görünməmiş bir qayğı nümunəsidir. İmran Cəfərzadənin Almaniyanın ən yaxşı klinikalarından birinə dövlət hesabına müalicəyə göndərilməsi, hətta onun üçün xüsusi təyyarə çağırılması Azərbaycan vətəndaşlarının qəlbini riqqətə gətirmişdi. Bununla əlaqədar ölkəmizin bütün guşələrindən saysız-hesabsız minnətdarlıq məktubları daxil olmuşdur. Məsələn, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Daşarx kəndinin sakini Nərmin İbrahimova bu nəcib və xeyirxah əmələ görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edir, ölkəmizə belə bir müdrik siyasi xadimin rəhbərlik etməsindən qürur duyduğunu bildirir. Kəlbəcər rayonundan məcburi köçkün Vəfa Bayramova isə yazır: “Mən məcburi köçkün kimi həmişə hiss etmişəm ki, Siz darda qalan insanlara lazımi kömək göstərirsiniz. İmran Cəfərzadənin başına gələn hadisəni eşidəndə çox təsirləndim. Amma inanırdım ki, Siz çətin vəziyyətə düşmüş bu ailəyə kömək edəcəksiniz”.

Ölkə Prezidentinin bu humanist addımı təkcə Azərbaycan vətəndaşlarını deyil, İ.Cəfərzadəni müalicəyə aparmaq üçün gələn alman tibb işçilərini də heyrətə gətirmiş, həmçinin bir sıra xarici ölkələrdə əks-səda doğurmuşdu. Tallinn şəhərindən Tural Şirinovun məktubu da bu sözlərlə başlayır: “Bu məktubu Sizə Estoniyadan yazıram. Sizin kömək göstərdiyiniz İmran Cəfərzadənin müalicəsini öz nəzarətinizə götürdüyünüzə görə təkcə bu uşağın ailəsi adından deyil, Sizi dəstəkləyən, Sizinlə fəxr edən bütün insanlar adından Sizə təşəkkür etmək istəyirəm”. Vətəndaşlarımız İmran Cəfərzadə ilə yanaşı, jurnalist Nicat Dağların Almaniyaya, daha bir neçə ziyalımızın xaricdə müalicəyə göndərilməsini də rəğbətlə qarşılamışlar.

Bir çox müraciətlərdə isə ölkə Prezidentinin vaxtaşırı keçirdiyi müşavirələrdə dövlət qurumlarına və vəzifəli şəxslərə vətəndaşların əsaslı xahiş və tələblərini yerinə yetirmək barədə ciddi tapşırıqlar verməsi rəğbətlə qarşılanır və təqdir olunur. Ölkə rəhbərinin diqqət və qayğısını bir daha hiss edən vətəndaşlar bu müraciətlərində öz problemlərinin həllini xahiş etməklə yanaşı, daim xalqın mənafeyini müdafiə etdiyinə görə ona dərin minnətdarlıqlarını bildirirlər.

2013-cü il fevralın 12-də regionların inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bir daha vətəndaşların müraciətləri məsələsinə qayıdan ölkə Prezidenti onların xahiş və tələblərinə, maraqlarına laqeyd yanaşan, sahibkarlara qarşı qanunsuz tələblər irəli sürən dövlət qurumlarına və məmurlara ciddi xəbərdarlıq etmişdir. Dövlət başçısının bu çıxışına görə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları daxil olmuşdur. Onlardan biri, Nəsimi rayon sakini Mirələm Mirzəyev yazır: “2013-cü il fevralın 12-də keçirilən konfransdakı çıxışınızda vətəndaşlara hər yerdə hörmət edilməsini, kömək göstərilməsini dövlət qurumlarının əsas vəzifəsi kimi qarşıya qoymağınız, bunu yerinə yetirməyən məmurlara ciddi xəbərdarlıq etməyiniz hamımızın ürəyincə oldu. Siz həmişə xalq üçün, onun daha yaxşı yaşaması üçün yorulmadan çalışırsınız. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Bu mövzuda minnətdarlıq məktubları Lənkəran, Ağcabədi, Ağsu, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Xəzər, İsmayıllı, Qaradağ, Qəbələ, Quba, Qubadlı, Masallı, Salyan, Siyəzən, Şabran, Tovuz, Yasamal şəhər və rayonlarından da daxil olmuşdur.

Minnətdarlıq məktublarının arasında kollektiv müraciətlər də az deyildir. Bakıdan, Sumqayıtdan, Ağdaşdan, Beyləqandan, Füzulidən, İsmayıllıdan, Laçından, digər şəhər və rayonlardan Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və məcburi köçkünlər onlara diqqət və qayğı göstərilməsi, Gəncədə, Ağcabədidə, Bakı şəhərinin Qaradağ rayonunda salınmış yeni şəhərciklərdə yüzlərlə ailənin mənzillə təmin edilməsi, Gəncə şəhərinin Poçt, Yeni Gəncə qəsəbələrinin, Astara rayonunun Ərçivan, Cəlilabad rayonunun Hacıismayıllı, Salyan rayonunun Şorsulu kəndlərinin sakinləri yaşadıqları qəsəbə və kəndlərdə abadlıq işlərinin aparılması, müasir infrastrukturun yaradılması, Zaqatala rayonunun Kürdəmir kəndinin sakinləri məktəb binasının tikilməsi, Qax rayonunun Qarabaldır, Qazax rayonunun Kosalar kəndlərinin sakinləri artezian quyusunun qazılmasına görə təşəkkür edirlər.

Minnətdarlıq məktubları ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işlərinə, ölkənin tərəqqisinə, xalqın güzəranına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə vətəndaşların səmimi hisslərini ifadə etməklə yanaşı, həyata keçirilən müdrik daxili və xarici siyasətə onların dəstəyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində demişdir: “Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik”.

Ölkə Prezidentinə xalqın böyük dəstəyini Binəqədi rayonunun sakini Etibar Əmənov belə ifadə edir: “Bu məktubu yazmaqla Sizə dəstək olduğumu bildirmək istəyirəm. Bütün dünyada baş verənləri gördükcə ölkəmizdəki sabitlik, inkişaf, güc, qüdrət məni çox sevindirir, həm də heyrətləndirir. Buna görə qəlbimdəki sözlərimi olduğu kimi Sizə çatdırmağı özümə borc bildim. Hər şey göz qabağındadır – abadlaşan şəhərlərimiz, qazanılan nailiyyətlər, güclənən ordumuz, peykimizin orbitə buraxılması, xalqımızın rifahının gündən-günə yaxşılaşması xalqını, ölkəsini sevən hər bir vətəndaşı mənim kimi çox sevindirir”.

Ağdam rayonunun Əfətli kəndindən Yavər Nəsirov isə ölkə Prezidenti İlham Əliyevin müdrik siyasətinə xalqın göstərdiyi dəstəyin heç bir qüvvə tərəfindən sarsıdıla bilinməyəcəyini qeyd edir: “Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. Ölkənin bütün regionları sürətlə inkişaf edir. Ağdam rayonunda da abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Rayonun mərkəzi hesab olunan Quzanlı qəsəbəsi gündən-günə gözəlləşir, abadlaşır, qəsəbədən şəhərə çevrilməyə başlayır. Bunu görən camaat Sizə alqış edir. Vaxtilə xalqı uçurum qarşısında qoyan, indi isə nailiyyətlərimizi görmək istəməyənlər bilsinlər ki, heç kim hakimiyyət əleyhinə şüarlarla bu milləti doğru yoldan çəkindirə bilməz”.

Dövlət başçısına xalqın inamını və dəstəyini 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkiləri bir daha parlaq surətdə təsdiq etdi. Kütləvi fəallıq, yüksək şəffaflıq və demokratiya şəraitində keçən bu seçkilərdə qazandığı möhtəşəm qələbə münasibətilə ölkəmizin və dünyanın hər yerindən ölkə Prezidentinin ünvanına on minlərlə təbrik məktubu daxil oldu. Bu məktublarda ifadə edilən səmimiyyəti hiss etdikcə onları həyəcansız oxumaq mümkün deyil. Bu baxımdan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailovanın müraciətini misal göstərə bilərik: “Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər – Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Azərbaycan gənc, müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki sivilizasiyanın müsbət nailiyyətlərini əks etdirərək, Avropa məkanına inteqrasiyanın mühüm mərhələlərini uğurla keçmişdir”.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, dövlətimizin beynəlxalq nüfuzunun artmasında Azərbaycan mədəniyyətinin və incəsənətinin xarici ölkələrdə təbliğ edilməsinin böyük rolu vardır. 2013-cü ildə bu sahədə həyata keçirilən tədbirlərdən biri də mədəniyyətimizi və tariximizi böyük vətəndaş duyğusu ilə sevən və onu yaşatmaq üçün əzmlə çalışan Prezident İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində dünyanın mədəniyyət paytaxtlarından biri Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması olmuşdur. Mərkəzin açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bunu münasibətlərimizin tarixində əlamətdar hadisə adlandırmışdır.

Son vaxtlar Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiya, Fransa, Serbiya, Slovakiya və başqa ölkələrdə bir sıra tarixi abidələr bərpa edilmiş, Vatikanda saxlanan Azərbaycana aid nadir sənədlərin surətləri Vətənimizə gətirilmişdir. Xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirən belə təşəbbüslər həmin ölkələrin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda Rusiyanın Həştərxan şəhərində Leyla xanım Əliyevaya “III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninin təqdim olunması buna əyani sübutdur. Artıq bir neçə ildir onun təşəbbüsü ilə Xocalı soyqırımı bütün dünyada geniş yad edilir. Bir çox mühüm təşəbbüslərin müəllifi olan Leyla xanım Əliyeva bu yaxınlarda daha bir diqqətəlayiq addım atmış, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri kimi onun təklifi ilə Rusiya Federasiyasında təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüd ayrılmışdır.

Ümumiyyətlə, gənclərimizin xarici ölkələrdə oxuması üçün yaradılmış şəraitə görə bu ölkələrdə təhsil alan azərbaycanlı tələbələr, o cümlədən ABŞ-dan Ramil Məmmədov, Türkiyədən Vaqif Ağayev, Ukraynadan Elçin Səmədzadə və bir çox başqaları Prezident Administrasiyasına minnətdarlıq məktubları göndərmişlər. Yasamal rayonunun sakini Nəzrin Mursaqulova cənab Prezidentin gənclərlə bağlı siyasətini yüksək qiymətləndirərək yazır ki, “gənclərimiz dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etmişlər və əminik ki, onlar ölkəmizin gələcək uğurlarına öz töhfələrini verəcəklər”.

Azərbaycanın işıqlı gələcəyinə dərin inam ölkə Prezidentinə ünvanlanmış bütün minnətdarlıq məktublarının əsas qayəsini təşkil edir. Dövlətimizin başçısı 2014-cü il fevralın 5-də keçirilmiş konfransda Azərbaycan vətəndaşlarının yüksək əhval-ruhiyyəsinin səbəblərini izah edərək demişdir: “Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.

Təklif edirəm ki…

Azərbaycanın sürətli inkişafı, ölkə rəhbərliyinin daha yüksək nailiyyətlərə yönəlmiş siyasəti, vətəndaşların bütün sahələrdə fəallığının artırılması üçün yaradılan şərait onları daha fəal həyat mövqeyi nümayiş etdirməyə, cəmiyyətin həyatının müxtəlif məsələləri barədə öz fikirlərini bildirməyə həvəsləndirir.

Əmək və müharibə veteranlarından, yaradıcı şəxslərdən və elm xadimlərindən, şagird və tələbələrdən, hərbçilərdən daxil olan bir sıra müraciətlərdə ölkənin ictimai-siyasi həyatı, sosial-iqtisadi tərəqqisi, beynəlxalq mövqeyinin gücləndirilməsi, hərbi qüdrətinin artırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, xarici siyasət və digər sahələrə dair təkliflər təqdim edilir.

Bu baxımdan ötən il respublikanın müxtəlif bölgələrindən daxil olmuş təkliflər də aktualdır. Həmin təkliflərdə qaldırılan bir sıra məsələlər ciddi maraq doğurduğundan onlar ətraflı öyrənilmiş və araşdırılmışdır. Bu müraciətlərdə vətəndaşlar respublikanın müxtəlif yerlərində yeni yolların, yol qovşaqlarının və körpülərin tikilməsi, kənd, qəsəbə və şəhərləri birləşdirən yeni nəqliyyat marşrutlarının açılması, ərazilərin yaşıllaşdırılması, sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, idman və turizmin inkişafı, həmçinin digər məsələlər barədə öz mülahizə, təklif və fikirlərini yazırlar.

Ölkə Prezidenti hər bir vəzifəli şəxsdən, dövlət məmurundan insanların arzu və istəklərinə diqqətlə yanaşılmasını, yerlərdə olan problemlər barədə vaxtında məlumat verilməsini tələb edir. Cənab Prezident 2013-cü il sentyabr ayının ilk günlərində respublikanın Cənub bölgəsinə səfəri zamanı Biləsuvar rayonunda Mərkəzi Xəstəxananın təmiri barədə edilən xahişlə əlaqədar demişdir: “Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir”.

Ümumiyyətlə, Prezident İlham Əliyev yerlərdən olan təşəbbüsləri çox yüksək qiymətləndirir və son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkənin olmamasının bir səbəbini də dövlətin iqtisadi siyasətində, o cümlədən regionların inkişafı proqramlarının hazırlanmasında xalqın arzu və istəklərinin nəzərə alınması, buna görə də həmin siyasətin dəstəklənməsi ilə əlaqələndirərək deyir: “Bu iki proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı işlər görülməlidir, ilk növbədə, hansı problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib”.

Qeyd etmək lazımdır ki, ötən il ictimai məzmunlu təkliflərin sayı 2012-ci ilə nisbətən 40 faiz artmışdır. Sözsüz ki, vətəndaşların Vətəninə, dövlətinə məhəbbətindən irəli gələn təklifləri və səmimi arzuları bundan sonra da diqqətlə öyrəniləcək və real olanları həyata keçiriləcəkdir.

Təhlil və nəzarət icra intizamını təmin edən amillərdir

Dövlətin idarə olunmasında, cəmiyyətin problemlərinin vaxtında aşkara çıxarılmasında, insanların qayğı və istəklərinin, onları düşündürən məsələlərin həllində mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələr tərəfindən təhlillərin, analitik işin aparılması artıq zərurətə çevrilmişdir.

Bu baxımdan Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində müraciətlər 100-dən çox tematikaya bölünür və ətraflı təhlil olunur, hərtərəfli araşdırılır. Burada, ilk növbədə, ona diqqət yetirilir ki, vətəndaşları daha çox narahat edən məsələlərin nədən ibarət olduğu və onların yaranma səbəbləri aşkar edilsin.

Təbiidir ki, bu məsələlərin həllində müraciətlərə nəzarət qaydasında baxılmasının böyük təsiri olmuşdur. Nəzarətə alınmış müraciətlərin təhlili göstərir ki, onların 36 faizi müsbət, 27 faizi qismən həll edilmiş, bir çox məsələlər gələcəkdə həll olunmaq üçün müvafiq dövlət proqramlarına salınmış, bir hissəsinin isə icrası davam etdirilir.

2013-cü ildə dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların bəzi təklif, ərizə və şikayətlərinə baxılması zamanı cavabların gecikdirilməsi, icra müddətlərinə riayət edilməməsi hallarına yol verilmişdir. Bu nöqsanların bəzilərinə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərində, “Azərenerji” ASC-də, Bakı, Gəncə, Bərdə, Daşkəsən, Göygöl, Salyan, Şamaxı şəhər və rayon icra hakimiyyətlərində və digər təşkilatlarda təsadüf edilmişdir.

Qeyd etmək lazımdır ki, respublika Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli Fərmanının tələblərinə riayət edilməsi hər bir icra hakimiyyəti orqanının qarşısında duran mühüm vəzifələrdən biridir.

Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün göndərilmiş müraciətlərə verilmiş cavablardan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, qaldırılmış məsələlərin obyektiv araşdırılmasında səhlənkarlığa, süründürməçiliyə yol verdiklərinə və vaxtında zəruri tədbirlər görmədiklərinə görə 19 nəfər cavabdeh şəxs tutduğu vəzifədən uzaqlaşdırılmış, 51 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, 10 nəfər barəsində hüquq mühafizə orqanlarına müraciət edilmiş, qanun pozuntusuna yol vermiş 31 hüquqi və fiziki şəxs cərimə olunmuş, 19 nəfər işinə bərpa edilmiş, 26 halda cinayət işinin istintaqı bərpa olunmuş, 14 halda isə cinayət işinə yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılmışdır.

Vətəndaşların şikayətlərinin araşdırılmasında nöqsanlara yol verdiklərinə görə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Təhsil, Nəqliyyat, Səhiyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində, Dövlət Gömrük Komitəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Meliorasiya və Su Təsərrüfatı ASC-də, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyində, Şəki Şəhər İcra Hakimiyyətindəvə sair qurumlarda cavabdeh şəxslər barəsində qəti tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, vətəndaşların müraciətlərinə baxılması məsələləri 2013-cü ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 334 dəfə müzakirəyə çıxarılmış, yol verilən nöqsanlara görə 1208 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən 47 nəfər işdən azad edilmişdir. Həmçinin 407 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 21 nəfərə xəbərdarlıq edilmişdir.

2013-cü ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti 740 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 197 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinin 43,5 faizi müsbət, 3,3 faizi qismən həll olunmuş, 25,1 faizinə müvafiq izahat verilmiş, 9,4 faizi əsassız sayılmış, 6,9 faizi icradadır, digərləri isə aidiyyəti üzrə müvafiq qurumlara göndərilmişdir.

Yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinin 37,6 faizi müsbət, 5,4 faizi qismən həll olunmuş, 35,5 faizinə müvafiq izahat verilmiş, 6,3 faizi əsassız sayılmış, 5,1 faizi icradadır, digərləri isə aidiyyəti üzrə göndərilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması işinin keyfiyyətinin yaxşılaşdırılmasında son illərdə dövlət hakimiyyəti orqanlarında tətbiq edilən yeniliklər, idarəetmənin müasir forma və metodları böyük rol oynamışdır. Bu işlər 2013-cü ildə də davam etdirilmiş, operativ idarəetmə mərkəzləri, elektron informasiya köşkləri, videoqəbul sistemi və digər elektron xidmətlərin geniş tətbiqi nəticəsində müraciətlərin tərkibində elektron müraciətlərin sayı çoxalmışdır ki, bu da qaldırılan məsələlərin daha operativ və ətraflı təhlil edilməsini, bütövlükdə müraciətlərə baxılması işinin səmərəsini artırmışdır. Məsələn, Təhsil Nazirliyində yaradılmış telefon-məlumat xidmətinin və Vətəndaşların qəbulu mərkəzlərinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ictimai yerlərdə, o cümlədən metro stansiyalarında, Dənizkənarı Milli Parkda taksofon və kompyuter funksiyalarını özündə cəmləşdirən, eyni zamanda, dövlət hakimiyyəti orqanlarına elektron məktub göndərməyə imkan verən multimedialı taksofon köşklərinin quraşdırılmasını göstərmək olar. Bu sahədə Ədliyyə, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye, Vergilər, Nəqliyyat nazirliklərində, Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, habelə Şirvan, Füzuli, İsmayıllı, Qəbələ, Quba, Zaqatala şəhər və rayonlarında görülən işlər qeyd edilməlidir.

Təhlil və nəzarətin səmərəli təşkili vətəndaş müraciətlərinə baxılmasının yaxşılaşdırılmasında bundan sonra da mühüm vasitələrdən biri olaraq qalacaqdır.

Vətəndaş müraciətləri ilə işin səmərəsi ona necə yanaşılmasından asılıdır

Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip onlarda qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Ölkə Prezidenti Azərbaycanın gündən-günə güclənməsini görülən işlərin məntiqi nəticəsi hesab edir və uğurlarımızın əsas sirrini belə izah edir: “Bunun sirri nədir? Yenə də deyirəm və hesab edirəm ki, bunun əsas sirri xalqla iqtidar arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı mövqenin mövcudluğudur”.

Vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən və cəmiyyətdə ədalət prinsiplərini rəhbər tutaraq hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi, yaxud müşahidə etdiyi nöqsanlar barədə verdiyi məlumatı diqqətlə araşdırmaqdan çox asılıdır. Məhz buna görə ölkə Prezidenti özü yerlərdə əhali ilə sıx ünsiyyət qurmaqla bərabər, bunu bütün vəzifəli şəxslərdən də tələb edir. Yəni, dövlət başçısının əsas tövsiyəsi budur ki, hamı xalqın qayğılarına diqqətlə yanaşmalı, onun arzu və istəklərini öyrənib həyata keçirməyə çalışmalıdır.

Ölkə Prezidenti qəti şəkildə bildirir ki, heç bir məmur, heç bir dövlət qulluqçusu özünə əlahiddə səlahiyyətlər verməsin, öz missiyasını, yəni işlədiyi vəzifəyə niyə təyin olunduğunu dərk etsin, ilk növbədə özünün və ətrafında olanların deyil, sıravi vətəndaşların, köməyə və qayğıya ehtiyacı olan insanların problemlərini həll etsin, bununla da rəhbərlik etdiyi sahənin, bölgənin, rayonun, qəsəbənin və kəndin, son nəticədə ölkənin, dövlətin mənafeyini qorusun.

Azərbaycan Prezidenti 2014-cü il fevralın 5-də keçirilən konfransda dövlət qulluqçuları və məmurlar qarşısında bu mənada çox ciddi vəzifələr qoymuşdur: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.

Bu baxımdan şəhər, rayon icra hakimiyyəti başçılarının, onların aparatlarının, kənd və qəsəbələr üzrə nümayəndələrinin fəaliyyəti barədə müraciətlər hər bir rayonda real vəziyyəti qiymətləndirmək üçün vacib göstərici hesab olunur. Bu mövzuda müraciətlərin sayı əvvəlki ilə nisbətən 36,6 faiz azalsa da, hələ də onların bir qismində vətəndaşların mənzil-kommunal, məişət və digər problemlərinə laqeyd yanaşılmasından narazılıq bildirilir.

2012-ci illə müqayisədə 2013-cü ildə şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər Ağstafa, Balakən, Beyləqan, Xəzər, Xocavənd, Şamaxı, Zəngilan və başqa rayonlarda artmışdır. 59 şəhər və rayonda isə göstərilən mövzuda azalma olmuşdur, bunlardan Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağcabədi, Ağdam, Binəqədi, Cəlilabad, Daşkəsən, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İsmayıllı, Qaradağ, Qəbələ, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Sabunçu, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yasamal, Zərdab, sair şəhər və rayonları göstərmək olar.

İcra hakimiyyəti başçıları nümayəndələrinin fəaliyyəti barədə müraciətlərin artımı Balakən, Beyləqan, Cəlilabad, Xəzər, Samux, Şamaxı və başqa rayonlarda müşahidə olunmuşdur. Lakin bu mövzuda daxil olan müraciətlər Abşeron, Ağcabədi, Füzuli, Xaçmaz, Qaradağ, Laçın, Sabirabad, Sabunçu, Salyan, Şəmkir, Şərur, Tərtər, Tovuz, Yardımlı, sair şəhər və rayonlarda azalmışdır.

Bəzi şəhər və rayon icra hakimiyyətlərində, idarə, təşkilat və müəssisələrdə çalışan məmurların fəaliyyətinə dair müraciətlərdə narahatlıq doğuran bir məsələyə təsadüf edilir ki, bu da bəzi yerlərdə dövlət qulluqçuları tərəfindən vətəndaşlara qarşı münasibətdə dövlət qulluqçusunun etik davranış qaydalarının pozulmasına yol verilməsidir. Belə şəxslər unudurlar ki, ölkə Prezidenti birmənalı olaraq hər bir məmurdan Azərbaycan vətəndaşına layiq olan hörmətin göstərilməsini, insanlarla ünsiyyətdə olan bütün qurumlardan işə bu prinsiplə yanaşılmasını tələb edir.

Ümumiyyətlə, 2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı Bakı, Şəki, Beyləqan, Biləsuvar, Kürdəmir, Qobustan, Lerik, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda artsa da, əksər şəhər və rayonlarda, o cümlədən Gəncə, Lənkəran, Ağcabədi, Ağdam, Ağdaş, Binəqədi, Cəlilabad, Culfa, Hacıqabul, Xətai, Xəzər, Qusar, Laçın, Ordubad, Samux, Siyəzən, Şəmkir, Şərur, Tərtər, Yasamal, Zərdab, digər şəhər və rayonlarda belə müraciətlər azalmışdır.

Ölkədə görülən işlərin bilavasitə icraçıları əsasən dövlət qurumları və dövlət qulluqçularıdır. Bu baxımdan ölkə Prezidenti dövlət qulluqçuları qarşısında xüsusi vəzifələr qoyur və onlara qarşı tələbkarlığı gündən-günə artırır, onlardan mövcud problemləri dərindən, hərtərəfli öyrənmələrini və hər bir məsələni vaxtında qaldırmalarını tələb edir. Dövlət rəhbəri özü yerlərdə olarkən hər bir bölgənin ehtiyac və tələblərini yaxından öyrənir və ona görə də haqlı olaraq qeyd edir: “…İndi Azərbaycan dövlətinin gücü çoxdur, böyükdür. Gücümüz var, maliyyə imkanlarımız vardır. Sadəcə olaraq dəqiqliklə bilməliyik ki, hansı məsələ öz həllini tapmalıdır. Hər bir vəzifəli şəxs gərək çalışsın ki, öz xalqına xidmət etsin. Biganə olmasın. Nə çatışmır, hər şey etmək mümkündür. … sadəcə, gərək iradə və düzgün siyasət olsun”.

Azərbaycan Prezidenti görülən işlərin məqsəd və mahiyyətini izah edərkən burada, ilk növbədə, Azərbaycan vətəndaşının mənafeyinin əsas tutulmasını ön plana çəkir.

Ölkə Prezidenti bütün çıxışlarında respublikanın müəyyən edilmiş strateji xəttinin dəyişməzliyini, hədəflərin düzgün seçildiyini, qərarların, konkret tapşırıqların verildiyini, hər bir qərarın icra müddətinin müəyyən edildiyini və bunun nəticəsində bütün məsələlərin öz həllini tapdığını qeyd edir və hər bir dövlət orqanının rəhbərindən qarşıya qoyulmuş quruculuq işlərinin fəal iştirakçısı olmağı tələb edir.

“Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır”

Vətəndaşlar üçün xüsusilə vacib olan mövzular üzrə müraciətlərin, o cümlədən şikayətlərin azalmasında əsas səbəblərdən biri kimi ölkə Prezidentinin qəti mövqeyi və iradəsi əsasında vətəndaşların hüquq və azadlıqlarının qorunması və təmin edilməsi, korrupsiyaya qarşı sərt addımların atılması, bu sahədə möhkəm siyasi iradənin ortaya qoyulmasıdır. Korrupsiyaya qarşı mübarizəni prioritet məsələ hesab edən respublika Prezidentinin mövqeyi qəti və dönməzdir: “Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır”. Azərbaycan Prezidenti cəmiyyətdə korrupsiyaya qarşı ciddi mübarizə əhval-ruhiyyəsinin olduğunu xüsusi qeyd edərək bir daha xatırladır: “Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır”. Ona görə də “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” tələbini irəli sürən ölkə Prezidenti korrupsiyanı hər bir cəmiyyəti daxildən sarsıdan yara, sosial ədaləti pozan bir amil hesab edərək ona qarşı mübarizəni çox vacib sayır, artıq Azərbaycan cəmiyyətində bu bəlanın aradan qaldırılacağına dərin inam yarandığını bildirir: “Mən dəfələrlə korrupsiyaya qarşı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri və şikayətləri ilə müraciət etsinlər”. Dövlətimizin başçısı 2014-cü il fevralın 5-də keçirilən konfransda bu məsələ ilə əlaqədar öz sərt, qəti mövqeyini bir daha ortaya qoymuş və demişdir: “Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar… Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”.

Dövlət başçısının yürütdüyü siyasət, cəmiyyəti narahat edən məsələlərin həll edilməsi, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insanların gündəlik ünsiyyətdə olduğu dövlət qulluqçularının və digər kateqoriyadan olan işçilərin maddi təminatının yaxşılaşdırılması üçün gördüyü tədbirlər buna müsbət təsir göstərir, vətəndaşların müraciətlərinə baxılmasında, onların haqlı tələblərinin yerinə yetirilməsində ciddi rol oynayır.

Hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzindədir. Həmin orqanların fəaliyyəti ilk növbədə dövlətçiliyin, haqqın və ədalətin, qayda-qanunun, sabitliyin, asayişin təcəssümüdür, insanlar bu orqanlara inanır və etibar edir. Çünki dövlət rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, ölkədə sabitlik, qayda-qanun olmasa, heç bir inkişafdan söhbət gedə bilməz.

Son illərdə ölkə Prezidentinin gördüyü tədbirlər nəticəsində hüquq mühafizə orqanlarının normal fəaliyyəti üçün hər cür şərait yaradılmış, böyük struktur dəyişiklikləri aparılmış, işə qəbul sistemi tamamilə dəyişdirilmiş, bu sahədə çalışanların maddi təminatı xeyli yaxşılaşdırılmışdır. Bakı şəhərində və respublikanın bir çox bölgələrində hüquq mühafizə və məhkəmə orqanlarının, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi məhz bu orqanların fəaliyyəti ilə əlaqədardır.

Hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin 26,2 faizi məhkəmə orqanları ilə əlaqədar olmuşdur ki, bunun da səbəblərindən biri indi insanların öz problemlərini daha çox hüquqi müstəvidə həll etməyə üstünlük verməsindən irəli gəlir. Bir çox vətəndaşlar öz hüquqlarının qarantı kimi respublika Prezidentinə müraciət edirlər. Məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə əlaqədar daha çox müraciət Bakı şəhərinin Nərimanov, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Ağdam, Bərdə, Cəlilabad, İmişli, Qazax, Masallı, Şəmkir, sair şəhər və rayonlardan daxil olmuşdur. Bu mövzuda daha az müraciət Naxçıvan, Mingəçevir, Naftalan, Astara, Babək, Culfa, Xızı, Xocalı, Xocavənd, Kəpəz, Qobustan, Nizami (Gəncə), Oğuz, Samux, Şuşa, Yardımlı, başqa şəhər və rayonlardan daxil olmuşdur.

Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər Bakı şəhərinin Xətai, Nəsimi, habelə Ağcabədi, Biləsuvar, Cəbrayıl, Göyçay, Quba, Masallı, Tovuz və başqa rayonlardan daha çox olmuşdur. Bu mövzuda daha az müraciət Naxçıvan MR-in rayonlarından, Naftalan, Şəki, Şirvan, Ağstafa, Ağsu, Balakən, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, İsmayıllı, Qax, Qobustan, Oğuz, Salyan, Samux, Siyəzən, Şabran, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.

Ötən il 95 illik yubileyini qeyd edən respublika daxili işlər orqanlarının fəaliyyəti nəticəsində Azərbaycan, o cümlədən Bakı şəhəri MDB-də və regionda ən sakit, stabil məkana çevrilmişdir. Asayişin qorunmasında xüsusi əməyi olan bu orqanların işindən çoxsaylı razılıq məktubları ilə bərabər ərizə və şikayətlər də daxil olur və son illərdə ümumiyyətlə bu mövzuda şikayətlər xeyli azalmışdır. Bununla belə, qeyd etməliyik ki, bu mövzuda müraciətlər Bakı şəhərinin Sabunçu, Suraxanı, Gəncə, Mingəçevir, Biləsuvar, Füzuli, Goranboy, Kəlbəcər, Neftçala, sair şəhər və rayonlardan daha çox olmuşdur. 2012-ci ilə nisbətən 2013-cü ildə Naftalan, Şəki, Yevlax, Abşeron, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Xocalı, Qax, Saatlı, Sabirabad, Samux, Tovuz, Ucar, Zəngilan, başqa şəhər və rayonlardan bu mövzuda müraciətlərin sayı azalmışdır.

Bu il yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi… Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır”. Dövlət başçısı “ASAN xidmət”in korrupsiyanın qarşısına güclü sipər çəkdiyini qeyd edir və vətəndaşların müraciətlərində bu öz təsdiqini tapır.

Dil açıb danışan rəqəmlər, yaxud vətəndaşları narahat edən məsələlər

Əvvəldə qeyd etdiyimiz kimi, bütün məsələlərin təhlilində əsas göstərici daxil olan müraciətlərin sayı, mövzuları, növü, coğrafiyası, sosial tərkibi və digər amillərdir. Vətəndaşlar bilməlidirlər ki, bu baxımdan heç nə unudulmur, heç nə kölgədə qalmır, hər bir müraciət diqqətlə araşdırılır, öyrənilir, lazımi məlumat və informasiyalar hazırlanır, real xahişlərin və haqlı tələblərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülür. Bu baxımdan bəzi rəqəmlərə nəzər salmaq vacibdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlərin 66,9 faizi ərizə, 31,1 faizi şikayət, 2,0 faizi isə təklifdir.

2013-cü ildə əvvəlki ilə nisbətən bir sıra mövzular üzrə, o cümlədən şəhər və rayon İHB-lərin, onların aparatlarının və nümayəndələrinin fəaliyyəti, özəlləşdirilmiş müəssisələrin fəaliyyəti və dividendlərin verilməsi, orta təhsil, nəqliyyat, orduya çağırış, dövlət qulluğu və kadr, əmək mübahisələri, qaçqınların və məcburi köçkünlərin problemləri, məişət və sair məsələlər barədə müraciətlər azalmışdır.

Əvvəlki illərdə olduğu kimi, ötən il də hüquq mühafizə orqanlarının fəaliyyəti, ünvanlı sosial yardımlar verilməsi, mənzillə təminolunma, fərdi ev tikintisi və kənd təsərrüfatı üçün torpaq sahələri ayrılması, müalicə və dərman preparatları ilə təchizat məsələləri üstünlük təşkil etmişdir.

Adları çəkilən bu və digər mövzularda daxil olmuş müraciətlərdə insanların gündəlik həyatı üçün vacib olan məsələlərə fərdi – yeni yanaşma özünü göstərir. Əgər səhiyyə ilə bağlı müraciətlərdə daha çox müayinə, müalicə və bahalı cərrahiyyə əməliyyatlarına, xaricdə müalicəyə kömək göstərilməsi xahiş olunursa, təhsillə bağlı müraciətlərdə başqa ali təhsil müəssisələrinə köçürülmə, ödənişlərdən azad olunma, xaricdə verilmiş diplomların tanınması, dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, mədəniyyət məsələlərinə dair müraciətlərdə yeni turizm zonalarının, muzeylərin yaradılması, tarixi abidələrin bərpası, ekologiya məsələlərinə dair müraciətlərdə yaşıllıqların və meşələrin daha etibarlı qorunması, nəqliyyat məsələlərinə dair müraciətlərdə bölgələrdə yeni avtovağzalların tikilməsi, əsas magistral yollara giriş və çıxışların, əlavə marşrutların açılması və sair xahiş olunur, bu məsələlərə münasibət bildirilir.

Sosial müdafiə məsələləri həmişə diqqət mərkəzində olan məsələlərdəndir. Bu mövzuda müraciətlər əhalinin aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə aid olduğuna görə onlara baxılmasının təhlili xüsusi əhəmiyyət kəsb edir.

Sosial müdafiə məsələləri üzrə müraciətlərdə əsasən Qarabağ müharibəsi iştirakçılarının mənzil şəraitinin yaxşılaşdırılması, əlillərin işlə təmin edilməsi, avtomobil, əlil arabası, digər ləvazimatlarla təminolunma, pensiyaların yenidən hesablanması, əlillik dərəcələrinin təyin edilməsi, birdəfəlik maddi yardımlar verilməsi, özəl sektorda əməkhaqqının ödənişi, sosial sığorta və digər məsələlər üstünlük təşkil edir. Belə müraciətlər respublikanın Gəncə, Lənkəran, Mingəçevir, Yevlax, Astara, Binəqədi, Hacıqabul, Xəzər, İmişli, Kəlbəcər, Qaradağ, Quba, Laçın, Lerik, Nizami, Saatlı, Sabirabad, Şəmkir, Tovuz, Yardımlı, Yasamal, sair şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Vətəndaşların müraciətlərinin əsas mövzularından bəhs edərkən qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatı ilə bağlı daxil olmuş müraciətləri də qeyd etməliyik. Kənd təsərrüfatı məsələlərinə dair müraciətlərdə əsasən məhsulun saxlanması və tədarükü, aqroliznq, baytarlıq və fitosanitar xidmətlərin kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili ilə əlaqədar fikir və mülahizələr bildirilir.

Ölkə Prezidentinin 2014-cü il yanvarın 9-da keçirilmiş iclasda qeyd etdiyi kimi, kənd təsərrüfatında əvvəlki ilə nisbətən artım müşahidə olunmuş və gələcəkdə də bu sahəyə böyük diqqət yetiriləcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə böyük vəsaitin verildiyini bildirən ölkə Prezidenti bu sahədə əlavə tədbirlər görülməsinin vacibliyini göstərmişdir. 2014-cü il fevralın 5-də Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti kənd təsərrüfatı, o cümlədən taxılçılıq üçün subsidiyaların verilməsində şəffaflığın təmin edilməməsinə iradlarını bildirmişdir. Bu mövzuda daxil olan müraciətlərdə subsidiyaların ödənilməsində yaranmış problemlər qeyd olunur, həmçinin subsidiyaların digər məhsullar üçün də verilməsi təklif edilir. Kənd təsərrüfatının növbəti illər üçün də mühüm istiqamətlərdən biri olacağını bildirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə “Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir” fikrindən ibarətdir.

Kənd təsərrüfatında olan bütün problemlərin həllinə əsaslı surətdə təkan vermək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il yanvarın 16-da imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında çox mühüm tədbirlər nəzərdə tutulmuş, xüsusilə əhalini yuxarı orqanlara müraciət etməyə məcbur edən məsələlərin həlli üçün konkret tapşırıq və tövsiyələr öz əksini tapmışdır.

Azərbaycan Prezidenti ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində, kənd təsərrüfatının inkişafında mühüm vasitə olan meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulmasını, bu sahədə müasir texnologiyaların tətbiqini, qabaqcıl təcrübədən istifadə edilməsini, lazımi struktur islahatlarının aparılmasını tövsiyə etmişdir.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, hazırda böyük vəsait hesabına tikilmiş Taxtakörpü, Şəmkirçay su anbarları vasitəsilə suvarılan torpaqların genişləndirilməsinə yaxşı şərait yaranır. Yeni su anbarlarının tikintisi ilə yanaşı, Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına keçən il 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılmışdır. Respublika Prezidentinin vətəndaşların bu barədə müraciətlərinə göstərdiyi diqqətin nəticəsidir ki, onun “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 29 yanvar tarixli Sərəncamında məhz “vətəndaşların müraciətlərini nəzərə alaraq” daha 32 rayonun 233 yaşayış məntəqəsində 250 subartezian quyusunun qazılması üçün Prezidentin ehtiyat fondundan daha 15 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısı deyir: “Artıq suvarılacaq torpaqların konturları müəyyən edilməlidir. Biz dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq suvarılacaqdır. Ona görə də torpaq fondunun uçotu aparılmalıdır”. Bu fakt özü vətəndaşların qaldırdıqları problemlərə, toxunduqları vacib və aktual mövzulara göstərilən diqqət və qayğının təzahürüdür.

Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayına gəldikdə isə bu rəqəm 2013-cü ildə 2012-ci ilə nisbətən bəzi şəhər və rayonlarda artmışdır. Buna misal olaraqBakı, Yevlax şəhərlərini, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Qobustan, Lerik, Saatlı, Şamaxı, Zaqatala, Zəngilan və digər rayonları göstərmək olar. Müraciətlərin azalması isə Naxçıvan, Laçın, Sabirabad, sair şəhər və rayonlarda olmuşdur.

Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı onların təhlilində mühüm göstəricilərdən biridir. Bu baxımdan qeyd etməliyik ki, bu göstərici Bakı şəhəri və onun bəzi rayonlarında, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Göygöl, Xocalı, İmişli, Kürdəmir, Laçın, Lerik, Saatlı, Şuşa, Yardımlı, Zaqatala, Zərdab, Zəngilan, sair şəhər və rayonlarda yüksək, Naxçıvan MR-in şəhər və rayonlarında, Ağdaş, Ağstafa, Hacıqabul, Xaçmaz, Xocavənd, İsmayıllı, Qax, Qəbələ, Qusar, Masallı, Oğuz, Sabirabad, Salyan, Samux, Şəmkir, Tərtər, Tovuz, Ucar, başqa şəhər və rayonlarda az olmuşdur.

Respublikanın şəhər və rayonlarından Prezident Administrasiyasına müraciət edən kənd və qəsəbələrin sayı barədə danışarkən qeyd edilməlidir ki, Lənkəran, Şəki, Bərdə, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Qax, Lerik, Neftçala, Saatlı, Samux, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zaqatala, Zərdab, başqa şəhər və rayonların daha çox yaşayış məntəqəsindən müraciət göndərilmişdir.

Müsbət haldır ki, respublikanın Ağdam, Babək, Culfa, Xızı, İsmayıllı, Ordubad, Siyəzən, Şabran, Şahbuz, Şərur, Tərtər və başqa rayonlarında müraciət göndərməyən kənd və qəsəbələrin sayı daha çox olmuşdur.

Belə təhlillərin hər bir şəhərdə və rayonda aparılması daha çox müraciət edən kənd və qəsəbələri narahat edən problemləri aşkara çıxarıb lazımi tədbirlər görmək üçün vacibdir.

Daxil olmuş müraciətlərin sayını müqayisə etdikdə, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda bilavasitə onların özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından onlara göndərilmiş müraciətlərin sayından az olduğu aşkar edilir.

Bakı şəhərinin bəzi rayonlarını, Gəncənin Nizami, Kəpəz, habelə Balakən, Beyləqan, Cəlilabad, Kəlbəcər, Kürdəmir, Laçın, Şabran, Tovuz, Yardımlı, Zaqatala rayonlarını buna misal göstərmək olar.

Mərkəzi icra hakimiyyəti orqanlarında isə bu göstərici Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, “Azərenerji”, “Bakıelektrikşəbəkə” ASC-lərdə, Bakı Metropolitenində, Dövlət Sığorta Kommersiya Şirkətində, “Aqrarkredit” QSC-də, Mərkəzi Bankda, “Azərtunelmetrotikinti”, “Azəristiliktəchizat” SC-lərdə və digər təşkilatlarda o qədər də qaneedici deyildir.

Problemlər həll olunduqca şikayətlər azalır

2013-cü ildə şikayətlərin ümumi sayı 2012-ci ilə nisbətən azalmışdır. Buna misal olaraq Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Ağcabədi, Ağdam, Babək, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xətai, Xəzər, Kəlbəcər, Qazax, Qəbələ, Quba, Qubadlı, Laçın, Masallı, Nizami (Bakı), Oğuz, Ordubad, Sabirabad, Sabunçu, Siyəzən, Suraxanı, Şəmkir, Şuşa, Tovuz, Yardımlı, Yasamal, digər şəhər və rayonları qeyd etmək olar.

Lakin şikayətlərin sayı bəzi şəhər və rayonlarda 2012-ci ilə nisbətən çox olmuşdur. Bunlardan Bakı, Yevlax, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Xocavənd, Qax, Qobustan, Samux, Şamaxı, Zaqatala, Zəngilan, digər şəhər və rayonları göstərmək olar.

Əhalinin hər 1000 nəfərinə düşən şikayətlərin sayı Bakı şəhəri və onun bəzi rayonlarında, Yevlax, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Zəngilan, digər şəhər və rayonlarda başqalarına nisbətən bir qədər çox olmuşdur.

Şikayətlərin faizinin bütövlükdə azalması müsbət hal olsa da, onların tamamilə aradan qaldırılması hələ mümkün olmamışdır. Şikayətlərin bir çoxu hüquq mühafizə orqanlarının fəaliyyəti, əməkhaqqı, sığorta, kreditlərin verilməsi və digər məsələlərlə bağlıdır.

Şikayətlərin hansı mövzular üzrə azalmasından bəhs edərkən ilk növbədə qeyd etməliyik ki, bu azalma özünü daha çox şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin fəaliyyəti, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, sosial müdafiə, əmanətlərin qaytarılması, dövlət qulluğu və kadr, müdafiə və orduya çağırış, təbii fəlakət və fövqəladə hallar, elm, təhsil, səhiyyə, gənclər və idman, enerji daşıyıcıları və su təchizatı, əmlak, qaçqınlar və məcburi köçkünlər barədə və digər mövzularda göstərir. Artıq işıq, qaz, su təchizatı və insanların gündəlik tələbatı ilə bağlı digər məsələlər barədə şikayətlərin azalması əksər şəhər və rayonlarımızın fasiləsiz təchizatı üçün yaradılmış müasir infrastrukturun qurulması ilə əlaqədardır. Yəni, dövlət vətəndaşların problemlərinin həlli üçün özündən asılı olan bütün işləri görür.

Prezident Administrasiyasına göndərilən şikayətlərdən danışarkən qeyd etməliyik ki, 2013-cü ildə hüquqi şəxslərdən daxil olan şikayətlərin sayı da 2 dəfə azalmışdır.

Ümumiyyətlə, şikayətlərin azalmasının əsas səbəbləri kimi ölkə Prezidentinin Azərbaycanın sürətli inkişafına və müasir infrastrukturunun yaradılmasına yönəldilmiş iqtisadi və sosial siyasətini; bütün sahələrdə, o cümlədən dövlət idarəetmə sistemində, iqtisadiyyatda, sənayedə, aqrar sahədə islahatların ardıcıl aparılmasını; əhalinin rifahının yaxşılaşdırılması, maddi gəlirlərinin, pensiya və müavinətlərin ildən-ilə artırılması və vaxtında ödənilməsini; insanların hüquq və azadlıqlarının təmin edilməsi, bu sahədə heç bir məhdudiyyətin qoyulmaması, sabitliyin və asayişin etibarlı şəkildə təmin edilməsi, hüquqi islahatların müntəzəm davam etdirilməsini; mükəmməl qanunvericilik bazasının yaradılması, korrupsiyaya şərait yaradan səbəblərin aradan qaldırılması, dövlət qulluğuna və digər sahələrə işə qəbulun test üsulu ilə aparılmasını; elektron hökumətin tətbiqi və elektron xidmətlərin genişlənməsi, “ASAN xidmət” kimi qurumların yaradılmasını; sahibkarlıq fəaliyyəti üçün maneələrin aradan qaldırılması, yoxlamaların məhdudlaşdırılması, yeni iş yerlərinin yaradılmasını və s. göstərmək olar.

Şübhə yoxdur ki, vətəndaşları narahat edən məsələlər bundan sonra daha qətiyyətlə həll olunacaq və görülən tədbirlər nəticəsində şikayətlərin sayı yaşadığımız 2014-cü ildə daha da azalacaqdır.

Təkrar və çoxsaylı müraciətlər bürokratiyanın məhsuludur

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlərin bir qismi təkrar və çoxsaylı müraciətlərdən ibarətdir.

Bu müraciətlərin yaranma səbəbləri şöbə tərəfindən müntəzəm araşdırılır, bir çox hallarda onlara nəzarət qaydasında baxılır, vətəndaşa məsələnin mahiyyəti barədə obyektiv və əsaslandırılmış cavab verilməsi təmin olunur. Məhz görülmüş tədbirlər nəticəsində onlarla vətəndaşın qaldırdığı məsələ müsbət həll olunmuşdur.

Qeyd etmək lazımdır ki, müraciətlərin, xüsusilə təkrar müraciətlərin yaranma səbəblərindən biri də bəzi dövlət qurumlarında, şəhər, rayon icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda ayrı-ayrı məmurlar tərəfindən arxayınçılıq, vətəndaşa qarşı laqeyd münasibət, onu axıra qədər dinləmədən, əsaslı izahat vermədən başdan eləmək, sözün həqiqi mənasında məsələdən yayınmaq, bununla da dövlət orqanlarına qarşı inamsızlıq və etimadsızlıq yaratmaq hallarıdır.

Vətəndaş öz müraciətinə birinci mərhələdə düzgün və əsaslandırılmış cavab almadıqda, tələbinin haqlı və ya əsassız olması barədə ona dəqiq məlumat verilmədikdə, o, yuxarı orqanlara üz tutur.

Halbuki, ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, hər bir dövlət qulluqçusu, hər bir məmur hər hansı vəzifəyə nə üçün təyin edildiyini bilməli, ilk növbədə vətəndaşın hüquqlarının keşiyində dayanmalıdır. Cənab Prezident bildirir: “…Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz…”

Təkrar müraciətlərin yaranmasının başqa səbəbləri də vardır. Bəzən hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılaraq müvafiq orqanlar tərəfindən onlara dəfələrlə cavab verilməsinə, hətta qaldırdıqları məsələlər barəsində müxtəlif məhkəmə instansiyalarında müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, onlar yenə də müraciətlər göndərməkdə davam edirlər.

2013-cü ildə Prezident Administrasiyasına daxil olan təkrar və çoxsaylı müraciətlər haqqında danışarkən qeyd etməliyik ki, vətəndaş müraciətlərinə baxılmasına dair hər il mətbuatda dərc olunmuş icmallarda müraciət hüququndan sui-istifadə edən vətəndaşların da adları qeyd olunmuş, bunun müsbət təsiri özünü göstərmişdir.

Çoxsaylı, yəni eyni vətəndaşdan eyni mövzuda daxil olan müraciətlərin müəllifləri arasında elələri vardır ki, əvvəlki illərdə kifayət qədər izahat işləri aparılmasına, barələrində tənqidi fikirlərin səsləndirilməsinə baxmayaraq, onlar yenə də köhnə vərdişlərindən əl çəkmir, əsassız və qərəzli məktubları ilə kimlərəsə təsir göstərməyə, öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Prezident Administrasiyasına il ərzində daha çox müraciət edənlərdən Əhməd Məmməd, Zərbani Ağayeva (Binəqədi), İlham İbadov (Lerik), Bəkir Bayramov (Qubadlı), Olqa Smolyaninova (Sabunçu), Lətifə Zeynəddinova (Abşeron), Qismət Səmədov (Saatlı), Nazim Məmmədov (Lənkəran), Anar Zeynalov (Beyləqan), Oqtay Abdullayev (Masallı), Siyavuş Kərimov (Ağcabədi) və başqalarını göstərmək olar.

Bundan başqa, dəfələrlə təkrar və çoxsaylı müraciətlər göndərmiş bəzi vətəndaşların bütün müraciətlərinin eyni xətlə, eyni şəxs tərəfindən yazılıb göndərilməsi ilə də rastlaşırıq. Belə hallara qarşı şöbə tərəfindən lazımi tədbirlər görülür.

Vətəndaşla ünsiyyətin aktual forma və metodları – səyyar, elektron və videoqəbullar

Dövlətimizin başçısı vətəndaşlarla canlı ünsiyyətə böyük əhəmiyyət verir və onlarla söhbət əsnasında qaldırılan məsələlərin regional inkişaf proqramlarının əsasını təşkil etdiyini həmişə qeyd edir və bildirir: “… bu canlı bağlantı mütləq olmalıdır. Əgər bu olmasa işlər getməyəcəkdir. Bütün təşəbbüslər xalq tərəfindən nəinki dəstəklənir, Azərbaycan vətəndaşları bu işlərin fəal iştirakçılarıdırlar”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbuluna xüsusi diqqət yetirilir, onların istənilən vaxt Prezident Administrasiyasının şöbə və xidmətləri rəhbərlərinin, digər vəzifəli şəxslərinin qəbulunda olmasına şərait yaradılır.

2013-cü ildə mərkəzi icra hakimiyyəti orqanlarında və onların tabeli qurumlarında 440 mindən, şəhər və rayon icra hakimiyyəti orqanlarında isə 220 mindən çox vətəndaş qəbul olunmuşdur. Buna baxmayaraq, bir çox vətəndaşlar öz problemlərinin həlli üçün Prezident Administrasiyasına müraciət etməyə üstünlük vermişlər.

2013-cü ildə Prezident Administrasiyasında vətəndaşların qəbul edilməsi mütəşəkkil həyata keçirilmişdir. İl ərzində Prezident Administrasiyasının müvafiq struktur bölmələrinin rəhbərləri, digər vəzifəli şəxsləri tərəfindən 14 mindən artıq vətəndaş qəbul edilmiş, problemlərinin həllində onlara konkret kömək göstərilmiş və ya müvafiq izahatlar verilmişdir.

Ötən illərlə müqayisədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu işinin xeyli yaxşılaşdırılmasına və vətəndaşları narahat edən bir sıra problemlərin həll olunmasına baxmayaraq, bəzi şəhər və rayonlardan qəbulla bağlı müraciətlər hələ də daxil olmaqdadır. 2013-cü il ərzində Prezident Administrasiyasına respublikanın şəhər və rayonlarından bu mövzuda 1500-ə yaxın müraciət daxil olmuşdur. Bakı şəhəri və onun rayonlarından, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Biləsuvar, Füzuli, Gədəbəy, Göygöl, İmişli, Lerik, Saatlı, Şamaxı, Zaqatala şəhər və rayonlarından belə müraciətlər digərlərinə nisbətən daha çoxdur.

Qəbul məsələləri ilə əlaqədar daxil olmuş hər bir müraciət diqqətlə öyrənilir, ilk növbədə, müraciətin səbəbləri araşdırılır, lazım gəldikdə operativ tədbirlər görülür. Bu mövzuda daxil olan və nəzarət qaydasında baxılan müraciətlərə alınmış cavabların təhlili göstərir ki, bu müraciətlərin 31,5 faizi müsbət həll olunmuş, bir qismində qaldırılan məsələlər əsassız hesab edilmiş, digərlərinə isə müvafiq izahat verilmişdir.

Ümumiyyətlə, qəbul işinin təşkilində qəbul cədvəlinin düzgün tərtibindən başlayaraq vətəndaşların vaxtında və aidiyyəti şəxs tərəfindən qəbul edilməsi, dinlənilməsi, müvafiq izahat verilməsi, yaxud lazımi tədbir görülməsi mühüm şərtlərdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu cədvəllərinin öyrənilməsi göstərir ki, Daxili İşlər, Səhiyyə nazirliklərində, Naftalan, Ağdaş, Cəbrayıl, Daşkəsən, Xocavənd, Qazax, Qəbələ, Samux, Səbail, Şəmkir şəhər və rayon icra hakimiyyətləri tərəfindən qəbul cədvəlləri daha yaxşı tərtib edilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində bazar və bayram günləri istisna olmaqla həftənin bütün günləri vətəndaşların qəbulu nəzərdə tutulur.

Bəzi mərkəzi, yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda isə vətəndaşların qəbul günləri, yaxud saatları məhdudlaşdırılır, qəbul günləri barədə qabaqcadan mətbuatda informasiya verilmir, qəbulları əsas şəxslər deyil, onları əvəz edənlər aparır, qəbulu təşkil edən səlahiyyətli şəxsin əlaqə nömrəsi göstərilmir ki, bu da qəbula yazılmanı çətinləşdirir. Bu nöqsanların bəzilərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Hesablama Palatası, Auditorlar Palatası, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Neft Şirkəti, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Bakı şəhəri və onun bəzi rayonları, Gəncənin Kəpəz və Nizami, habelə Ağdam, Astara, Gədəbəy, Goranboy, Göyçay, Sabirabad, Tərtər, Zərdab rayon icra hakimiyyətlərində və digər qurumlarda təsadüf edilmişdir. İnanırıq ki, mövcud olan belə hallar aradan qaldırılacaqdır.

İnternetdən istifadənin gündən-günə genişləndiyi müasir dövrdə vətəndaşlar lazımi informasiyanı daha çox saytlar vasitəsilə əldə etməyə çalışırlar. Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, onların çoxu tələblərə cavab versə də, bəzi qüsurlar da mövcuddur. Məsələn, Biləsuvar, Xızı və digər rayon icra hakimiyyətlərinin saytlarında yerləşdirilmiş qəbul cədvəlləri 2012-ci ilə aiddir. İmişli Rayon İcra Hakimiyyətinin saytında isə qəbul cədvəli ümumiyyətlə yerləşdirilməmişdir.

Vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə yeni təşəbbüslər irəli sürülür və müasir formalar tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri 2013-cü ilin aprel ayından başlayaraq qrafik üzrə regionlarda vətəndaşların qəbulunu keçirirlər. Vətəndaşlar dövlət qəzetləri, televiziya kanalları, yerli mətbuat orqanları vasitəsilə qəbullar və onların nəticəsi barədə məlumatlandırılır, yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul üçün lazımi şərait yaradılır. Qəbulları keçirən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən Prezident Administrasiyasına daxil olmuş məlumatlar və təhlillər göstərir ki, bu, artıq vətəndaşları tam qane edən müntəzəm ünsiyyət formasına çevrilmişdir.

2013-cü ilin aprel-dekabr aylarında respublikanın 24 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən 48 şəhər və rayonda keçirilmiş qəbullarda ümumilikdə 67 şəhər və rayondan 9438 vətəndaş iştirak etmiş, 9447 müraciət təqdim olunmuşdur.

Qəbullarda iştirak etmiş 9438 vətəndaş ədliyyə (833 nəfər), əmək və əhalinin sosial müdafiəsi (796), kənd təsərrüfatı (790), iqtisadiyyat və sənaye (762), təhsil (742), fövqəladə hallar (606), vergilər (535), gənclər və idman (409), daxili işlər (353), mədəniyyət və turizm (339), ekologiya və təbii sərvətlər (327), səhiyyə (294), nəqliyyat (258), rabitə və informasiya texnologiyaları (151) nazirləri, Baş prokuror (612), Əmlak Məsələləri (172), Ailə, Qadın və Uşaq Problemləri (127), Dini Qurumlarla İş üzrə dövlət komitələrinin (127), Dövlət Gömrük Komitəsinin (95) sədrləri, Dövlət Sərhəd Xidmətinin (191), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (256) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (225), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (220) sədrləri tərəfindən qəbul edilmişdir.

Vətəndaşlar həmin qəbullarda da öz yazılı müraciətlərində qaldırdıqları məsələlərdən bəhs etmiş, əsas fərq bunda olmuşdur ki, burada vətəndaş nazir və digər vəzifəli şəxsin özü ilə üzbəüz oturub problemini izah etmiş və əsaslı cavab almışdır.

Həmin qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə təqdim edilmiş müraciətlərin 32 faizi müsbət həll edilmiş, 32,5 faizinə izahat verilmişdir, 10,2 faizi icradadır, 6,4 faizi əsassız sayılmış, qalanları aidiyyəti üzrə göndərilmişdir.

Regionlarda vətəndaşların qəbulunun keçirilməsi, onların birbaşa dinlənilməsi yerlərdə mövcud olan bir çox problemlərin dərhal həll olunmasına geniş imkan yaratmışdır.

Qəbullarda iştirak etmiş vətəndaşlara məsələlərinin müsbət həll edilməsi ilə yanaşı, öz hüquqlarından istifadə etmək qaydaları, qanunvericilik və normativ aktlar barədə izahatlar verilmiş, problemlərinin həll olunmasının hüquqi yolları göstərilmişdir.

Keçirilmiş qəbullarda təqdim olunmuş müraciətlərin 18,9 faizi həmin qurumun səlahiyyətlərinə aid olmamışdır. Lakin buna baxmayaraq, vətəndaşların müraciətləri qəbul edilmiş, həlli mümkün olan məsələlər yerində həll edilmiş, digər müraciətlər isə aidiyyəti üzrə müvafiq dövlət hakimiyyəti orqanlarına göndərilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulunu keçirməsi əhali tərəfindən rəğbətlə qarşılanmış və bununla əlaqədar qəbullar zamanı razılıq bildirilmiş, həmçinin ölkə Prezidentinin ünvanına minnətdarlıq məktubları daxil olmuşdur.

Qeyd etmək lazımdır ki, şəhər və rayon icra hakimiyyəti başçılarının müvafiq ərazilərdə, kənd və qəsəbələrdə səyyar qəbullarının keçirilməsi də ənənə halını almış və bu gün də davam etməkdədir.

Müasir texnologiyalar və innovasiyalar vətəndaşla daha yaxşı ünsiyyət qurmaq üçün geniş imkanlar açır. Prezident Administrasiyasında vətəndaşların qəbulu işinin təşkilində bu imkanlardan müxtəlif formada istifadə edilir. 2013-cü ilin fevral ayından Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilən və uğurla icra edilən “Qəbula yazılmaq” elektron xidmətini buna misal göstərmək olar. Artıq vətəndaşlar Prezident Administrasiyasının Qəbul otağına birbaşa ərizə ilə müraciət etmədən qəbul cədvəlinə uyğun olaraq elektron müraciət əsasında müvafiq struktur bölmələri rəhbərlərinin qəbuluna yazılır və təyin olunmuş vaxtda qəbulda olurlar. Ötən müddət ərzində bu elektron vasitə ilə müraciət etmiş 3243 vətəndaşdan çoxu Prezident Administrasiyasının müvafiq struktur bölmələri rəhbərlərinin qəbulunda olmuş, qalanlarına problemlərinin həllində kömək göstərilmiş, müvafiq izahat və tövsiyələr verilmişdir.

Cari ildən isə Prezident Administrasiyasında Vətəndaşların qəbulu otağında vətəndaşların videoqəbulunun tətbiqi nəzərdə tutulur. Quraşdırılacaq avadanlıq və internet xidməti vasitəsilə vətəndaşlar yerlərdən birbaşa Prezident Administrasiyasının Qəbul otağına bağlanacaq və onları narahat edən məsələlərlə əlaqədar müvafiq struktur bölmələri rəhbərlərinin videoqəbulunda olacaqlar. Bu, vətəndaşla ünsiyyətin yeni formasıdır. Artıq respublikanın Şimal bölgəsi – Sumqayıt, Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən, Şabran şəhər və rayonlarında müvafiq sistem işə salınmaq üzrədir.

Vətəndaşların müraciətləri təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına təkan verən amillərdən biridir. Azərbaycan vətəndaşları ölkə Prezidentinə və onun Administrasiyasına göndərdikləri müraciətlərin heç birinin diqqətdən kənarda qalmayacağına, qaldırdıqları problemlərin həlli üçün mütləq lazımi tədbirlər görüləcəyinə inanırlar.

Elektron sənəd dövriyyəsi gündəlik iş normasına çevrilir

Müasir dövrdə o ölkələr zamanın tələbi ilə ayaqlaşır ki, istər idarəetmə sistemində, istərsə də insanların gündəlik həyatında müasir texnologiyalara və informasiya sistemlərinə əsaslanırlar.

2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsinin bariz nümunəsidir.

Dövlət başçısının apardığı daxili siyasətin prioritet istiqamətlərindən biri ölkə vətəndaşlarının gündəlik problemlərinin həlli prosesinin daha da sadələşdirilməsi, dövlətlə vətəndaş arasında olan münasibətlərdə yaradılan süni əngəllərin aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflıq prinsipinin təmin edilməsidir. Hazırda iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində “Elektron hökumət” layihələri həyata keçirilməkdədir.

Qeyd etdiyimiz kimi, ölkəmizin 2013-cü ildəki tarixi nailiyyətlərindən biri də “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Peykin əhatə dairəsinə Mərkəzi Asiya və Avropa ölkələri ilə yanaşı, Afrika regionu da daxildir.

Respublikamızda İKT cəmiyyətin həyatına dərindən nüfuz etmişdir. İnternetdən istifadə imkanlarının genişləndirilməsinin əsasını elektron xidmətlər təşkil edir. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərlə tam əhatə olunması və xidmətlərin 80 faizinin elektronlaşdırılması nəzərdə tutulur.

İndi respublikada dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən istifadəsinə şərait yaratmaq məqsədilə “Elektron hökumət” portalı istifadəyə verilmişdir. Hazırda “Elektron hökumət” portalına 40-dan artıq dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 xidmətdən 281-nin həmin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. Qısa vaxt keçməsinə baxmayaraq, həmin portala artıq 1 milyona yaxın müraciət olmuş və elektron xidmət alınmışdır.

Qeyd etmək lazımdır ki, son zamanlar vətəndaşlarımızın elektron müraciətlərə marağı daha da artmışdır. Hazırda hər bir vətəndaş heç bir yerə getmədən və vaxt itirmədən internet vasitəsilə istənilən dövlət orqanına müraciət edə bilər. Elektron müraciətlərin geniş vüsət aldığı dövrdə onlara baxılmasının vahid qaydalarının müəyyən edilməsi üçün mövcud qanunvericilik bazasında müvafiq əlavə və düzəlişlərin edilməsinə zərurət yaranmışdır. Hazırda“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyası üzərində müvafiq iş aparılır və yaxın zamanlarda Milli Məclisə təqdim ediləcək yeni qanun layihəsində bu və digər məsələlər nəzərə alınacaqdır.

Dünya təcrübəsi göstərir ki, müasir idarəçilik sistemində yüksək informasiya texnologiyalarının tətbiqi prosesi əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Artıq ölkəmizdə bütün sahələrdə olduğu kimi, idarəçilik sistemində də yeni mərhələyə keçid başlamışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”ni təsdiq etmişdir. Bu sistemin əsas məqsədi vaxt və vəsaitə qənaət edərək kağızsız sənəd dövriyyəsinə nail olmaqdır. İnsanların təxəyyülündə sənəd-kağız bağlılığına dair stereotipləri dəyişmə prosesi uzunçəkən və ağır bir proses olsa da bu, qaçılmazdır. Sistemin yaxın aylarda işə düşməsi həm idarələrarası sənəd dövriyyəsinə, həm də məmur-vətəndaş münasibətlərinə müsbət təsir göstərəcəkdir. Sistemin əsas vəzifəsi operativlik, şəffaflıq, məsuliyyət və tələbkarlıq kimi anlayışların təmin edilməsidir.

Artıq əminliklə demək olar ki, İKT hər bir inkişaf edən dövlətin möhkəm iqtisadiyyatının, həmçinin sağlam, demokratik, şəffaf cəmiyyətin gələcəyidir və Azərbaycan bu istiqamətdə sürətlə irəliləyir.

Tarix yaradılır, onu yaşatmaq lazımdır

Ulu öndər Heydər Əliyevin “tariximizin hər səhifəsi bizim üçün əzizdir” sözlərini rəhbər tutaraq həmin tarixi özündə əks etdirən sənədlərin qorunması hər bir vətəndaşın, xüsusilə dövlət orqanlarında çalışan insanların əsas vəzifələrindən biridir.

Xalqımızın bu gün yaradılan tarixini öyrənmək üçün mövcud sənədlərin toplandığı və mühafizə olunduğu arxivlərin bu sahədə rolu əvəzsizdir.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 2013-cü il üzrə aparılmış təhlil göstərir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” ölkə Prezidentinin 1999-cu il 14 may tarixli Sərəncamı müvafiq qurumlar tərəfindən əsasən yerinə yetirilmiş vəonun əsasında şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərin ekspertizası və arxiv işi üzrə yaradılmış ekspert komissiyaları daimi fəaliyyət göstərir, əksər şəhər və rayon icra hakimiyyətləri aparatlarında “Milli Arxiv Fondu haqqında” qanuna, demək olar ki, tam riayət edilir.

Rayon və şəhər icra hakimiyyəti aparatlarının sənədlərinin daimi mühafizə üçün dövlət arxivinə verilməsi 2013-cü ildə də davam etmişdir. Artıq şəhər və rayonların əksəriyyəti 2007-2008-ci illərə aid sənədləri dövlət arxivlərinə təhvil vermiş, hətta bəziləri 2009-cu ilin sənədlərinin arxivə təhvil verilməsi üçün hazırlıq işlərinə başlamışlar.

Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında, onların şəhər, qəsəbə və kənd nümayəndəliklərində, həmçinin ikili tabeli idarə və təşkilatlarda sənədlərin vaxtında arxivə təhvil verilməsinə ciddi nəzarət olunur, lazımi praktiki və metodiki yardım göstərilir. Bu iş Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki və Şirvan şəhərlərində, Bakı şəhərinin Nərimanov, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, habelə Ağdaş, Ağsu, Astara, Balakən, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xocalı, Xocavənd, İmişli, Qax, Qəbələ, Qobustan, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Şabran, Tərtər, Yardımlı, Kəpəz və Nizami (Gəncə) rayonlarında daha yaxşı təşkil olunmuşdur. Digər şəhər və rayon icra hakimiyyətlərinin başçıları bu işin icrasına nəzarəti artırmalıdırlar.

Milli Arxiv Fondunun formalaşması və mühafizə olunması yalnız tarixi baxımdan deyil, vətəndaşların hüquqlarının qorunması, onların bu sənədlərdən istifadəsi baxımından böyük əhəmiyyət daşıyır. Arxiv işi ilə bağlı, o cümlədən Milli Arxiv İdarəsindən, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının arxivlərindən sənəd əldə olunmasına kömək göstərilməsi üçün 2013-cü il ərzində Prezident Administrasiyasına vətəndaşlardan 150-dək müraciət daxil olmuşdur.

Vətəndaşların Prezident Administrasiyasına ünvanlanmış müraciətləri əsasən yerlərdə daimi mühafizə olunan arxiv fondlarından düzgün istifadə edilməsinə laqeyd yanaşılması, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların, habelə fəaliyyəti davam edən idarə və təşkilatların sənədlərinin dövlət arxivlərinə verilməməsi barədədir.

Məsələn, Qazax rayon sakini 85 yaşlı Bilal Mansurov 1944-1948-ci illərdə Qazax Kənd Təsərrüfatı Texnikumunda və Qazax Müəllimlər İnstitutunda təhsil alması barədə arayışı almaq üçün rayon arxivinə və mərkəzi arxivə müraciət etmişdir. Məsələ ilə bağlı ona arxivdə heç bir məlumatın olmaması bildirilmiş və vətəndaş məcburiyyət qarşısında qalıb Prezident Administrasiyasına məktub yazmışdır. Müraciət araşdırılarkən məlum olmuşdur ki, adları çəkilən təhsil müəssisələri ləğv olunduqdan sonra sənədlərini arxivə təhvil vermədiklərinə görə ərizəçiyə məlumatın verilməsi mümkün olmamışdır.

İnformasiya və kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə gələcəkdə bu cür problemlərin aradan qaldırılması mümkün olacaqdır. Həmin texnologiyaların geniş tətbiqi vasitəsilə elektron arxivlərin təşkil olunması daha da aktuallaşmışdır. Bu, sənədlərin qorunmasını, işin operativliyini, həmçinin sənədlərin saxlanmasının etibarlılığını dəfələrlə artıracaqdır.

Yekunlar və işıqlı gələcəyə yol açan proqramlar

Azərbaycanın tarixinə şanlı səhifələr yazacaq yeni – 2014-cü il başlanmışdır. Əvvəlki illərdə olduğu kimi, hər dəqiqəsi tarixə yazılan, gərgin və məhsuldar iş rejimində çalışan ölkə Prezidenti İlham Əliyev bu il yanvarın 17-də Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdimolunma mərasimində çıxış edərkən yola saldığımız ilin əsas əlamətdar hadisələrini, həmin ildə qazanılmış misilsiz nailiyyətləri şərh etmiş, həm də gələcək hədəflər barədə konkret fikirlərini söyləmişdir. Ötən ili Azərbaycan dövlətinin tarixində həm ən mürəkkəb, həm də ən uğurlu illərdən biri kimi səciyyələndirən Azərbaycan Prezidenti ölkəmizin Cənubi Qafqazdakı mövqeyini vurğulamış, onun bir sıra meyarlar üzrə Avropa ilə ayaqlaşa bildiyini qeyd etmişdir.

Artıq idarəçiliyin, dövlətçiliyin, bütövlükdə siyasətin Heydər Əliyev zirvəsini fəth etmiş İlham Əliyev Ulu Öndər kimi dünyanın bir çox siyasi və ictimai xadimlərini heyrətə salır, qəti və cəsarətli addımları ilə həsəd, qibtə ünvanına çevrilir, aparıcı siyasi liderlərdən biri kimi dünya siyasətçiləri onunla hesablaşırlar. Bunu hazırda dünyanın siyasi liderlərinin reytinqi də aydın göstərir. Bir çox dövlətlər öz ölkələrindəki iqtisadi və siyasi böhranlarla qarşılaşdıqları halda, öz xalqı qarşısında üzüağ, alnıaçıq olan Azərbaycan Prezidenti İlham Əliyev öz Vətənini, xalqını uğurla irəli aparmaqdadır.

Azərbaycanda və dünyada baş verən hadisələrə çox dərin təhlil əsasında real qiymət verən ölkə Prezidenti görülən işlərlə yanaşı, qarşıda duran hədəfləri də konkret müəyyənləşdirmiş və Azərbaycanın növbəti dövr üçün inkişaf istiqamətlərini konkret göstərmişdir. Dövlətimizin başçısı bir cəhəti xüsusilə qeyd edir ki, Azərbaycan cəmiyyətində “…inkişafla və ölkəmizin strateji xətti ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Cəmiyyət vahid amal uğrunda birləşibdir ki, ölkəmiz daha da güclü, müstəqillik daha da möhkəm olsun, xalqımız daha yaxşı yaşasın”. Cənab Prezident cəmiyyətdə gedən prosesləri düzgün işıqlandırdıqlarına görə televiziya jurnalistlərinə təşəkkürünü bildirməklə, bunu alqışlamaqla yanaşı, öz tövsiyələrini də verir: “Elə etməliyik ki, cəmiyyəti, insanları narahat edən, incidən məsələlər aradan qaldırılsın. Bu məsələləri şərtləndirən amillər də aradan götürülsün”.

Azərbaycan Prezidenti indiki inkişaf dinamikasını qoruyub saxlaya bilmək üçün onun məqsədyönlü şəkildə aparılmasını tövsiyə edir və bildirir: “Bizim üçün əsas hədəf inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır”.

Azərbaycan Prezidenti bütün sahələrdə ictimai nəzarətin gücləndirilməsini, cəmiyyətimizin daha da müasirləşdirilməsini, dünyada mövcud olan ən müsbət praktikanın Azərbaycanda tətbiq edilməsini vacib məsələ kimi qarşıya qoyur.

Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti obyektiv və düzgün qiymətləndirərək göstərir ki, “…dünyada prinsipial mövqe sərgiləyən ölkələrə qarşı adətən təzyiqlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir, xüsusilə Azərbaycana – artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür”. Dövlət başçısı Azərbaycanın mövqeyi nəzərə alınmadan heç bir layihənin burada işləmədiyini, icra edilmədiyini, təzyiqlərə əhəmiyyət verilməyəcəyini qeyd edərək bildirir: “Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan siyasəti bəyənsin, dəstəkləsin. Mənə Prezident və siyasətçi kimi ən çox güc verən, deyə bilərəm ki, Azərbaycan xalqının inamıdır, dəstəyidir… Çünki bu inam məni daha da gücləndirir və göstərir ki, siyasi iradə olan yerdə və siyasətə sədaqət olan yerdə istənilən məsələ həllini tapa bilər”.

Azərbaycan Prezidenti əldə olunan müstəqilliyimizi qorumaq üçün hələ də çox işləməli, özümüzü daha ciddi şəkildə təsdiq etməli olduğumuzu vacib sayır.

Artıq yaşadığımız ilin əsas devizi müəyyən edilmiş, dövlətimizin başçısının sərəncamı ilə 2014-cü il “Sənaye ili” adlandırılmışdır. Reallığa, böyük maddi bazaya, elmi-texniki potensiala və güclü siyasi iradəyə əsaslanan bu ideyanın da həyata keçiriləcəyinə tam əminik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin yanvarında Davos Forumunda dediyi sözlər Azərbaycan xalqının son 20 ildəki nailiyyətlərinə yekun vurmaqla yanaşı, gələcək inkişaf yoluna işıq salır: “Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik”. Bu sözlərin arxasında bundan sonra da regionda, xüsusilə Cənubi Qafqazda siyasi proseslərdə mühüm rol oynayacaq bir dövlətin gücü və inamı durur. Bu sözlərin arxasında Azərbaycanda qurulan, “indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin” inkişafı, itirilmiş torpaqlarımızın geri qaytarılmasına yol açan iqtisadi tərəqqi və inkişaf, ölkə vətəndaşlarını Prezidentin siyasi xətti ətrafında daha sıx birləşmək çağırışı dayanır. Azərbaycan Prezidentinin “böyük hadisələr ili” adlandırdığı 2013-cü ilin uğurlarının 2014-cü ildə daha da artacağına heç bir şübhə yoxdur.

Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri