Vəzifəli şəxslər həbs olundu

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir. Bununla belə, bəzi sahibkarlıq subyektləri tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün yaradılmış münbit şəraitdən sui-istifadə hallarına da rast gəlinir ki, bu cür qanunazidd hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir. Belə ki, bank təşkilatlarından aldıqları kreditləri təyinatı üzrə istifadə etməyən şirkət rəhbərlərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Aparılmış istintaqla “Göyçay-Konyak zavodu” ASC-nin İdarə Heyətinin sədri Vaqif Məmmədovun aldığı kreditlərə görə ödənilməmiş borcları olduğu halda, həmin borcları ödəmək qabiliyyətində olmamasına baxmayaraq, 2013-cü ildən direktoru olduğu “Nicat” firmasının götürdüyü kreditlərin ödənilməsi üçün kifayət qədər əsas və dövriyyə vəsaitlərinə malik olması barədə “Texnika bank” ASC-yə təqdim etdiyi kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil edib bankdan dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə 150 min manat məbləğində kredit alaraq həmin vəsaitin təyinatı üzrə istifadə edilməsini və ödənilməsini təmin etməyərək şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “KR” MMC-nin təsisçisi və direktoru Rəhman Gülməmmədovun cəmiyyətin istehsal gücünün artırılmasına dair investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil bank olan “Kredobank” ASC-dən ayrı-ayrı vaxtlarda aldığı 850 min manat məbləğində güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditinin 347 min 872 manatını təyinatından yayındıraraq şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işləri üzrə V.Məmmədov və R.Gülməmmədovun dövlətə və müvəkkil bankların qanunla qorunan mənafelərinə külli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar yarandığından hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Orxan