Vasif Talıbov “Ümummilli lider Heydər Əliyevin missiyası davam etdirilir”

Dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib.XALQ.AZ məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfransda çıxış edib. Vasif Talıbov   konfrans iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirərək deyib ki, dini dözümlülük və həmrəylik, milli-mənəvi dəyərlərə qayıdış yaşadığımız dövrün əsas məsələlərindəndir. Zaman keçdikcə daha aydın görünür ki, mənəvi dəyərləri bərpa etmədən, dini həmrəylik yaratmadan sabitliyə nail olmaq mümkün deyil. Əgər mənəvi dəyərlər bir xalqı birləşdirirsə, dini dəyərlər ölkələri və xalqları birləşdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bununla bağlı deyirdi: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.

Ali Məclisin Sədri deyib: Dini həmrəyliyi yüksək mədəniyyətin göstəricisi kimi dəyərləndirən Ümummilli Liderimiz Azərbaycana rəhbərliyinin hər iki dövründə mənəvi dəyərləri diqqətdə saxlamışdır. Şübhəsiz ki, mənəvi dəyərlər o halda fayda verə bilər ki, insanlarda bu dəyərlərə şüurlu münasibət formalaşsın. Müqəddəs kitabımızın sadə dildə insanlara çatdırılması tarix boyu Azərbaycan maarifçilərini düşündürmüş, on beşinci əsrdə Baba Nemətullah Naxçıvani, ötən əsrin əvvəllərində isə Mirməhəmməd Kərim Bakuvi və Məhəmmədhəsən Mövlazadə Azərbaycan dilində Qurani Kərimin təfsirlərini hazırlayıb nəşr etdirmişlər. Qurani Kərimin hikmətləri vasitəsilə insanların maariflənməsi üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin himayəsi, Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrətlərinin və görkəmli ilahiyyatçı alim Vasim Məmmədəliyevin səyləri ilə Qurani Kərim Azərbaycan dilində kütləvi nəşr edilmişdir.

Qeyd olunub ki, bu gün müqəddəs kitabımızı Azərbaycan dilində oxuyanlar bir daha görürlər ki, islam dini özündən əvvəlki dinləri və peyğəmbərləri inkar etmir, əksinə islam dini başqa dinlərə dözümlülük təlqin edir. Bu isə cəmiyyətdə dini həmrəylik yaradılmasına öz töhfəsini verən əhəmiyyətli tarixi addımdır. 70 il ərzində ateizmin təbliğ olunduğu Sovetlər Birliyindən sonra dini dəyərlərə qayıdışın cəmiyyətin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində mühüm rola malik olduğunu diqqətdə saxlayan Ümummilli Liderimiz bəyan edirdi ki, “Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur”.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin bərpa edilərək yenidən istifadəyə verilən məscidlərdə, kilsələrdə və sinaqoqlarda azad şəkildə ibadət etmələri, dini və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi missiyasıdır. Bu missiya hazırda ölkəmizdə uğurla davam etdirilir. Yaşadığımız dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində isə təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət, mehriban münasibətlər və birlik hökm sürür. İndi Azərbaycan yalnız iqtisadi göstəriciləri ilə deyil, həm də dini dözümlülük və tolerantlıq sahəsində qazandığı nailiyyətlərlə dünyada tanınır və nümunə göstərilir. Reallıq ondan ibarətdir ki, dövlətimiz dini həmrəyliyə təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır, ölkəmiz dinlərarası beynəlxalq dialoqa öz töhfəsini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu”.

“Ölkə Prezidenti tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli”ndə insanlar, xalqlar və dinlər arasında həmrəylik mühüm əhəmiyyət daşıyır”, – deyən Ali Məclisin Sədri belə bir dövrdə “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransın ölkəmizdə möhkəm əsasları yaradılmış dini həmrəyliyə töhfəsini verəcəyinə əminliyini bildirib, konfransa öz işində uğurlar arzulayıb.

Scroll to top