“Bu il Azərbaycanda qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub”.
XALQ.AZ xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hazırda bu şəxslərin sayı 75 nəfərdir: “Ötən ilin müvafiq dövründə 61 nəfər olub”.
Rəisin sözlərinə görə, Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edib: “Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir”.
Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yerləşdirilən şəxslərin sayı 53 faiz artıb” O bildirib ki, məntəqələrdə daha çox Pakistan, Hindistan, Özbəkistan, Türkiyə və başqa ölkələrdən olan şəxslər yerləşdirilib.
Sədr qeyd edib ki, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait standartlara tam cavab verir: “Bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb”.