“Xəyanətin də bir sərhədi olur, Gültəkin xanım…!”

 

7

Bu xanımın şəxsi anlamda həqiqətən mənə bir pisliyi dəyməyib.

Tam ciddi deyirəm. Əksinə, hazırda təmsil elədiyim iqtidarın bəzi “bazburut” təmsilçiləri başından yekə məsləhətlər verərkən, sərçə yekəlikdə vəzifəyə sahib olan kimi özlərini öyüb, adicə danışıq, davranış tərzini itirərkən, ilk dəfə gördüyü, münasibət qurduğu adama tərbiyəsizcə “sən” deyə müraciət edərkən – millət vəkili olan Gültəkin Hacibəylinin ifasında bütün bu söylədiklərimin fərqli formatını müşayət etmişəm…Yəni, ən azından bu xanım mədəni səviyyənin yiyəsi olub, qarşısındakına hörmətlə yanaşmağı bacarıb…

Fəqət, birdən – birə Gültəkin Hacıbəyliyə nooldu, anlamadım. Əslində anladım, sadəcə anlamaqda çətinlik çəkdim. Gerçəkdən. O müxalifətə keçmədi! – Yox! İnanın. O sadəcə mövcud iqtidardan küsdü. Bilmirəm, bəlkə də küsdürüldü, yoxsa bir başqa səbəb —  hər halda doğrusunu özü bilir. Amma dəqiq olan budur ki, Hacıbəyli 180 dərəcəlik dönüşlə qarşı tərəfə keçdi, qarşımıza keçdi. Həm də çox amansızca, gözlənilməzcə, plansızca…

Bir seçki, cəmi BİRCƏ seçki yetdi ki, Gültəkin Hacıbəyli öz siyasi əqidəsini, perspektivini, gələcəyini bu qədər böyük bir boşluğa yuvarlaya, Əli Kərimli kimi saxtakarın, Cəmil Həsənli kimi şoumenin yanında qərar tuta bilsin. Ya da “Azadlıq” qəzetinin manşetlərindən — az qala bütün həyatını borclu olduğu mövcud iqtidara namərdcə, insafsızca  zərbə vura, Seymur Həzi kimi fanat, “kamikadze” ruhunda olan birisi haqda bu qədər ürəklə, bu qədər şövqlə müəllif yazısı yaza bilsin…

Gerçəkdən anlamıram və bir daha qeyd edirəm: bəlkə mənim də bilmədiyim məqamlar var. Amma, o məqamlar hər nəysə, hər nədirsə yenə də ifanızdakı bütün bu sərgiləmələr üçün yetərli deyildi, Gültəkin xanım!

Vallah ki, billah ki, yetərli deyildi…


Yox əgər söhbət bu iqtidardan küsməkdirsə, inciməkdirsə  o zaman inanın – mən də tam səmimi deyəcəm: Küsmək növbəsində də yeriniz yoxdur. İnciməyə də haqqınız yoxdur. Ən azından 10 illik səltənətin, bir zamanlar dalı da, qabağı da kəsən qılıncın, ucsuz — bucaqsız daş karxanalarının, marketlərin, dövlət tərəfindən verilən saysız — hesabsız imtiyazların, mənzillərin ya da canım sizə desin hətta iki sıfırla başlayan avtomobil nömrəsi üçün belə ağız açdığınız yüksək ranqlı məmurların —  üzərinizdəki haqqına girməmək naminə də olsa…. – yoxdur!!! İncimək və küsmək haqqı sizdə — gerçəkdən yoxdur…!

Bəlkə də müqayisəm uğursuz alınacaq, amma sizin bu iqtidara üz çeviriminiz təxminən bilirsinizmi nəyə bənzəyir? – Sevgilisi xəyanət edən qadının bir başqası ilə görüşməsinə…Sırf acıq vermək üçün, hikkə etmək üçün! Üstəgəl, “sənə lazım olmamağım hələ kimsəyə lazım deyiləm anlamına gəlməsin. Mənə də ehtiyacı olanlar var” – kimi  təkəbbür sevdasına köklənərək, revanş kompleksinə girərək…!

Oysa, Əli Kərimlinin — Allahın da, siyasətin də bədbəxti olduğunu ən az bizim qədər siz də bilirsiniz. Ayrıca, bu gün müdafiəsinə qalxdığınız  Seymur Həzi və onun kimilərin  – səviyyə, intellekt anlayışlarına xitabən hansı uçurumda, yerin hansı dibində olduğunu da güman ki, gözdən qaçırmış deyilsiniz…

O zaman nə hacət, bütün bu elədiklərinizə?

Ən böyük xəyanətlərin də bir sərhədi olur axı, Gültəkin xanım…

Deyilmi?!…/Aktual.az