Xəzərin bölünməsinə Moskvada start verildi

Xezer

Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.

XALQ.AZ-ın məlumatına görə, 26-28 avqust keçirilən iclasda Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfov, İran İslam Respublikası Xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova, Rusiya Federasiyası Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri Murad Atacanovun başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İqor Bratçikovun sədrliyi ilə keçirilən iclas zamanı Dördüncü Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilmişdir. Həmçinin yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd olunub.

Nümayəndə heyətləri xüsusi işçi qrupunun 38-ci iclasının yekunlarını yüksək qiymətləndirmiş və onun yüksək səviyyədə təşkil olunması üçün Rusiya Federasiyasına təşəkkürlərini bildirib.

Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcəkdir. Keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaqdır.