X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”in dəstəyi ilə iyulun 30-da Qəbələ şəhərində X Beynəlxalq Musiqi Festivalına start verilib.

Proqrama uyğun olaraq, saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunub.
XALQ.AZ xəbər verir ki, kamera konsertində gənc pianoçuların və musiqiçilərin ifasında Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları olan 15 nəfər istedadlı musiqiçi maraqlı konsert proqramı ilə çıxış edib.

Bu gün axşam 21:00-da isə açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olacaq.

 

İyulun 31-də axşam saat 21:00-da X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

 

Qeyd edək ki, avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcək.

 

 

Orxan