Xaçmaz rayonunun Hülövlü kəndinə təbii qaz verilib

 

16

Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Hülövlü kəndinin qazlaşdırılması işi başa çatdırılıb, abonentlərə təbii qaz verilməsinə başlanıb. Bu münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonunun 151 yaşayış məntəqəsində 25 min 705 abonent təbii qazdan istifadə edir. 2013-cü ildə Xudat II şöbə, Şıxlar, Maşıoba, Çuxuroba, Şıxhaput, Dədəli və Bostançı kəndlərinə təbii qaz verilmişdir. Daha 5 kənddə qazlaşdırma işləri aparılır.
“Azəriqaz” İB-nin əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov məlumat verib ki, Hülövlü kəndinin qazlaşdırılması üçün ümumilikdə 19 kilometr uzunluğunda müxtəlif diametrli dəmir borulardan istifadə olunub, bütün mənzillərdə qaz sayğacları quraşdırılıb. Kənddə 310 abonent qazdan istifadə edəcəkdir.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə qaz çəkilişində fərqlənən işçilərə hədiyyələr təqdim olunub.
Sonda rəmzi məşəl alovlandırılmış və kəndə təbii qaz verilib.