Xalq İlham Əliyevi yenidən prezident görmək istəyir

002

 

Seçki qanunvericiliyinə uyğun olaraq, bütün işlər görülüb. Seçkiqabağı təbliğat və təşviqat prosesinə partiyanın 1500-ə yaxın fəalı cəlb olunub. Həmin fəallar artıq seçici siyahısını da dəqiqləşdiriblər. Bu proses hazırda da davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri, Partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov rəhbərlik etdiyi təşkilatın seçkilərə hazırlıq prosesindən danışarkən deyib.

Onun sözlərinə görə, YAP Səbail rayon təşkilatının 40 seçki məntəqəsi və 2 seçki dairəsi mövcuddur: “Bunlardan 23 nömrəli dairə Nəsimi rayon Təşkilatı ilə ortaq olan dairədir. Digəri isə 29 nömrəli dairədir. 40 məntəqədə olan nümayəndələr, müşahidəçilər və digər şəxslər yoxlanılıb və müvafiq dəyişiklər edilib. Bununla yanaşı, hər bir kateqoriyadan olan insanlarla seminarlar təşkil etmişik. Bir aydan artıqdır ki, bu seminarlar davam edir. 109 ilk ərazi təşkilatımız var. Həmin təşkilat sədrlərinin də müşavirələri keçirilib. Onların da yerlərdə gördüyü işlərlə bağlı vəziyyət öyrənilib. Beləliklə, seçki qanunvericiliyinə uyğun olaraq, lazım olan bütün işləri həyata keçirmişik. Sabahdan isə fəal təbliğata başlayırıq. 1500-ə yaxın fəallarımızın içərisində ən çox nüfuzlu alimlərimiz yer alıb. Bizim elə alimlərimiz var ki, onlar bütün respublika üzrə təbliğat işlərini apara bilər”.

Səbail rayonu üzrə 11 nəfərdən ibarət Seçki Qərargahının yaradıldığını deyən Z. Qaralov bildirib ki, onlar seçkilərə hərtərəfli hazırdır: “Onu da bilirik ki, seçkilərin demokratik əsasda və yüksək səviyyədə keçirilməsi üçün Yeni Azərbaycan Partiyası hakim partiya kimi cavabdehlik daşıyır. Təbii ki, bu cavabdehliyi də dərk edirik. Çılğın təbliğatın tərəfdarı deyiləm. Müxalif qüvvələr və onların mətbuatı hələ təbliğat başlamamışdan əvvəl bizim namizədimiz İlham Əliyevə böhtan atmağa çalışırdılar. Azərbaycanın inkişafı üçün bir sıra geniş layihələr həyata keçirilir və Prezident İlham Əliyev də açılışlarda iştirak edir. Bu, onun vəzifə borcudur. Hələ bu günə qədər həmin səfərlərdə Prezident İlham Əliyev bir dəfə də olsun deməyib ki, mənə səs verin! Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rayonlara səfəri hər zaman olub. Dövlət başçısının öz işinin öhdəsindən ləyaqətli şəkildə gəlməsinə baxmayaraq, müxalifət mətbuatı yenə də öz iyrənc işlərindən əl çəkmirlər”.

Partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov onu da qeyd edib ki, namizədlərin siyahısındakı tərkib xalqın YAP-ın irəli sürdüyü namizəd olan İlham Heydər oğlu Əliyevi yenidən prezident görmək istədiyini göstərir.