Xarici ölkələrdən olan konfrans iştirakçıları Bilik Fondunda

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli-mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Türkiyə və Rusiya universitetlərinin alimləri mayın 2-də Bilik Fondunun qonağı olublar.

XALQ.AZ xəbər verir ki, Fonddan  verilən məlumata görə, Türkiyənin Ortadoğu Teknik Universitetinin professorları Ayşegül Aydıngün, Ayşe Ceylan Tokluoğlu, Sakarya Universitetinin professorları Mustafa Kamal Şan, Musa Taştelen, Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Yelena Yuryevna Qraçova Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşübər.

O.Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək, beynəlxalq əlaqələr müstəvisində həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Fondun “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində 70-dən çox xarici ölkə alimləri tədbirlərə cəlb olunublar.

Qonaqları əməkdaşlığa dəvət edən icraçı direktor Fondun Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və diplomatik nümayəndəlikləri, elm və təhsil ocaqları ilə əməkdaşlığından söz açıb, mayın 4-də Bakıda III Beynəlxalq Şagird Konfransının keçiriləcəyini, bu ilin son aylarında magistırantlar konfransının təşkil olunacağını diqqətə çatdırıb.

Xarici alimlər Azərbaycandan böyük təəssüratlarla ayrılacaqlarını dilə gətiriblər. Qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verməyə hazır olduqlarını deyən qonaqlar Bilik Fondu ilə birgə dəyirmi masaların, elmi seminar və simpoziumların keçirilməsinin faydalı ola biləcəyini də qeyd ediblər.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.