Xızılı seçicilər güclü Liderə səs verəcəklər

XALQ,AZ xəbər verir ki, Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Xızı rayon şöbəsi partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şurabad qəsəbəsində seçicilərlə növbəti görüş keçirib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində əlamətdar bir günün – 11 aprel prezident seçkiləri astanasındayıq və inkişafa səs verərək, növbəti 7 ilin prezidentini seçəcəyik. Ümummilli Liderin layiqli davamçısı olan Cənab İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, siyasəti nəticəsində Azərbaycanın daha da qüdrətlənib, inkişaf etdiyini diqətə çatdıran rayon təşkilatı sədri ölkədə irimiqyaslı görülən işlərə nəzər salıb, əldə olunan uğurların aparılmış məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirdi: “Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində ölkəmiz tamamilə yeni görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir. İnanıram ki, xalqımız dövlətə sadiq olaraq, 11 aprel prezident seçkilərində hamılıqla, mütəşəkkil şəkildə iştirak edəcək. Xalq, o cümlədən, xızılı seçicilər güvəndiyi, arxalandığı Liderə Cənab İlham Əliyevə səs verəcək”.

Görüşdə “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək, seçiciləri seçkidə fəal olmağa, vicdanın səsinə, əqlin diktəsinə qulaq asaraq absurd vədlərə deyil, 15 ilin reallıqlarına, iqtisadi inkişafa səs verməyə çağırıb: “Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Azərbaycan beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu baxımdan, Azərbaycan dünyada tanınan və diqqətdə olan ölkəyə çevrilib. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir”.

Görüşdə çıxış edən seçicilər 11 apreldə seçki məntəqələrinə gələrək, dövlətimizin inkişafına, sabitliyinə – Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda bir qrup fəal partiya üzvünə YAP Xızı rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.


Elgün