Xocalı faciəsinin anım tədbiri

18

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri 7 min nəfərə yaxın Azərbaycan əhalisinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etmiş, həmin gecə Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1.275 nəfər dinc sakin girov götürülmüşdür. Faciə nəticəsində min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 50 nəfəri isə ahıl qoca idi.

Fevralın 25-də Salyan rayon icra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri Salyan şəhərinin mərkəzində ucaldılmış «Şəhidlər» xatirə kompleksinin önünə gələrək buradakı «Əsgər anası» abidəsini və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin büstünün önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir Salyan gənclərinin hazırladığı «Xocalı bir haraydır» adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir. Rayon gənclərinin ifasında nümayiş etdirilən kompozisiya bəşəriyyətə qarşı yönəlmiş Xocalı faciəsini bir daha xatırlatmış, erməni faşistlərinin vəhşiliyini, qəddarlığını göz önünə gətirmişdir.
Ədəbi-bədii kompozisiya bitdikdən sonra çıxış edən RİH başçısı Tahir Kərimov kompozisiyanın gənclərə vətənpərvərlik hisslərinin aşılanması baxımından əhəmiyyətini qeyd edərək Xocalı faciəsinin bütün dünyaya tam dolğunluğu ilə çatdırılmasında ölkə başçısı cənab ilham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən aparılan uğurlu xarici siyasəti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın geniş, gərgin fəaliyyətini xüsusi olaraq vurğulamış, məhz bunların nəticəsi olaraq Pakistanda, Meksikada, ABŞ-ın ondan yuxarı ştatında Xocalı soyqırımının tanınması ilə bağlı qətnamələrin qəbul edildiyini diqqətə çatdırmışdır. İcra başçısı əgər sülh yolu ilə Xocalının və digər yurd yerlərimizin azad olunmayacağı təqdirdə ölkə iqtisadiyyatının dinamik iqtisadi inkişafı fonunda günü-gündən güclənən Cənubi Qafqazın ən güclü, ən qüdrətli ordusu olan Azərbaycanın Milli Ordusu ilə xalqımızın birgə gücü sayəsində ölkəmizin bir nömrəli taleyüklü məsələsinin həll ediləcəyinə əminliyini ifadə etmiçdir.
Tədbirdən sonra rayon İcra hakimiyyətinin başçısı T.Kərimov rayon gənclərini qəbul etmiş, onları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.