YAP GB hesabatı

 

YAP GB hesabat yığıncağı keçirib YENİLƏNİB

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2016-ci il ərzindəki fəaliyyətinə və 2 fevral Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib. XALQ.AZ-ın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə YAP GB-nin ötənilki fəaliyyətini əks etdirən hesabat xarakterli fotoslayd təqdim edilib.

Mərasimdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov bildirib ki, bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb.

Ə.Əhmədov diqqətə çatdırıb ki, bu gün ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “YAP-a daxil olan gənclər həm YAP-ı gücləndirir, həm də özlərinin ictimai fəaliyyətləri üçün çox geniş meydan əldə edirlər. Bütün sahələrdə gənclərimiz üçün geniş perspektivlər açılıb. Son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində gənclərə xüsusi önəm verilməsi bunu bir daha göstərir”.

Baş nazirin müavini bildirib ki, 2016-cı ildə gənclərimizin fəaliyyəti çox geniş olub: “Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunun artması fonunda YAP gənclərinin sayının artması bizi sevindirir. Çox sevindirici haldır ki, Azərbaycan gəncləri öz siyasi fəaliyyətlərini daha çox YAP-la bağlayırlar. Onlar YAP-ın üzvü olmaqla Azərbaycan cəmiyyətinin inkişafına öz töhfələrini vermək imkanı qazanırlar. Bu, həm gənclər, həm də YAP üçün çox xeyirlidir. Cəmiyyətimizin uğurlarına gənclərimiz kifayət qədər töhfə veriblər”.

Ə.Əhmədov həmçinin deyib ki, əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox gözəl layihələr həyata keçirilməkdədir: “Bununla əlaqədar Prezident tərəfindən müəyyən işlər görülür. Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi nəticəsində gənclərimizin mənzillə təmin olunması istiqamətində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq. Azərbaycanda əhalinin artımı bizi qane edir. Bu, ölkə əhalisinin artımına təsir göstərən səviyyədədir. 25 il əvvəl Azərbaycanın 7 milyon əhalisi var idi. Bu gün isə ölkə əhalisi 10 milyona yaxınlaşır. Ölkəmizdə əhalinin sayı hər il orta hesabla 1,3 faiz artır”.

Tədbirin sonunda YAP-a yeni qəbul olunmuş bir qrup gəncə partiya biletləri təqdim olunub. Bununla belə YAP GB-nın fəaliyyətində aktiv iştirakına görə müxtəlif nominasiyalar üzrə bir qrup fəala sertifikat və qiymətli hədiyyələr verilib.

Mərasimə bədii hisssə ilə yekun vurulub.