YAP İdarə Heyətinin iclası keçirilmişdir

İyulun 4-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda YAP İdarə Heyətinin 2018-ci ilin birinci yarım ilinə dair hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi haqqında müvafiq dövrə dair statistik hesabat və İdarə Heyətinin 2018-ci ilin ikinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat vermişdir. Əli Əhmədov qeyd etmişdir ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə – Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olmuşdur. Azərbaycanda  Prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Qurultayda geniş nitq söyləmişdir.

Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilmişdir.

Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox uğurla həyata keçirmiş, Prezidentliyə namizəd cənab İlham Əliyevin  təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilmişdir. 11 aprel tarixi isə Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə inam və dəstəyinin möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti  Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir.

Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilmişdir.

Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi 2018-ci ildə  davam etmiş, hesabat dövrü ərzində 12 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 720 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İclasda həmçinin, İdarə Heyətinin 2018-ci ilin ikinci yarım ilinə dair iş planı müzakirə edilərək təsdiq olunmuşdur.