YAP-ın Ümumrespublika müşavirəsi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının inzibati binasında hakim partiyanın (rayon və şəhər sədrlərinin) Ümumrespublika müşavirəsi keçirilib.

XALQ.AZ xəbər verir ki, müşavirə haqqında məlumat verən YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, toplantının məqsədi prezident seçkilərindən sonra rayon təşkilatlarının sədrlərini bir araya toplamaq və qarşıdakı dövr üçün tapşırıqlar verməkdir.

Rayon və şəhər təşkilatlarına seçkilərdə yüksək fəaliyyət göstərdiklərinə görə təşəkkür edən Ə.Əhmədov qeyd edib ki, YAP sədri İlham Əliyev bu fəallığı yüksək qiymətləndirib: “Dövlət başçısı seçki kampaniyasının yüksək şəkildə təşkilindən məmnunluğunu ifadə edir. Həqiqətən də ölkəmizdə keçirilən seçki kampaniyası yüksək əhali fəallığı ilə keçirildi. İnsanlar öz səsini Ulu Öndər Heyər Əliyev siyasətinin davamına vermiş oldu. Bunun nəticəsi olaraq növbəti 7 il üçün Azərbaycan Prezidenti YAP-ın sədri İlham Əliyev seçildi. Ölkəmiz növbəti 7 ildə daha da inkişaf edəcək, ölkəmizin gücü daha da artacaq”.

Bu ilin ölkəmiz üçün önəmli olduğunu deyən YAP-ın sədr müavini qeyd edib ki, cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, bir neçə gün bundan öncə isə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan hərbi parad keçirilib.

Ə.Əhmədov söyləyib ki, Azərbaycan yüksələn xətlə inkişaf edir: “Azərbaycan xalqı bu inkişafın növbəti 7 ildə də davam etməsi üçün Prezident İlham Əliyevə səs verdi. İnsanlarımız Prezidentə etimad edir, Onun siyasətinə yüksək qiymət verir. Ümumi ictimai nəzər Prezidentin növbəti dəfə seçilməsinə kökləndi. Seçki kampaniyasının bütün mərhələsində fəallarımız, müxtəlif təbəqədən olan partiya üzvləri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər, kampaniyanın uğurla keçməsinə öz töhfələrini verdilər. YAP fəalları bu kampaniyada bütün mərhələlərdə xüsusi fərqlənirdilər”.

YAP-ın kifayət qədər möhkəmlənib, böyük nüfuzlu siyasi təşkilata çevrildiyini deyən hakim partiya rəsmisi 2019-cu ildə bələdiyyə, 2020-ci ildə parlament seçkilərinin keçiriləcəyini dilə gətirib: “Qarşıda bizi iki seçki kampaniyası gözləyir ki, partiya bu kampaniyalarda da öz fəallığını göstərəcək. YAP seçkilərdə fəallıq nümayiş etdirməklə yanaşı digər dövrlərdə də yüksək fəaliyyəti ilə seçilir. YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır”.

Müşavirə qapalı şəkildə davam edib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir