Yardımlıda tədbir keçirilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.  Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, 13 aprel 2018-ci il tarixdə Yardımlı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib və Yardımlı rayonundan olan çağırışçılar həqiqi hərbi xidmətə yola salınıblar.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Rasim Şirinov, Xidmətin Yardımlı rayon bölməsinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

XALQ,AZ xəbər verir ki, Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamıyev bildirib ki, Yardımlı gəncləri vətəni qorumaq kimi müqəddəs vəzifəyə daim hazırdırlar və bu gün çağırış yaşına çatmış gənclərin bir hissəsi hərbi xidmətə yola salınır. Azər Xamıyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini, çağırışçıların böyük ruh yüksəkliyi ilə sərhədlərimizi qorumağa yola düşdüklərini qeyd etdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Rasim Şirinov gəncləri hərbi xidmətə getmələri münasibətilə təbrik edərək onlara qüdrətli Azərbaycan Silahlı Qüvvələrinə layiq əsgər olmalarını arzuladı. Rasim Şirinov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir silahlarla təmin olunub və qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra etməyə qadirdir. Rasim Şirinov hərbi xidmətə yola düşən gənclərə komandir və rəislərin əmrlərinə sözsüz tabe olmağı tövsiyyə etdi, onlara şərəfli hərbi xidmət arzuladı.

Daha sonra çıxış edən çağırışçı valideyni Gözəlağa Şərbətov övladını hərbi xidmətə yola saldığına görə qürur hissi yaşadığını qeyd etdi. Çağırışçı Seymur Həsrətov yoldaşlarının adından danışaraq vətəni qorumağa hazır olduqlarını bildirdi.

Tədbirdə iştirak edən şəhid ailəsinin nümayəndəsi‚ Qarabağ Müharibəsi veteranı, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisində fərqlənən hərbi rəhbər və şagird Xidmət tərəfindən diplomlarla təltif edilib.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Yardımlı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.