“Yayla MTK” payçılardan “xərac yığır”

42

 

 

Mənzilləri satışa çıxaran sakinlərdən rüşvət tələb olunur

Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mkr, Adil Məmmədov küç, 10 ünvanında yerləşən “Yayla MTK”-da mənzillərini satışa çıxaran payçılardan rüşvət istənilir.

Bununla bağlı informasiya MTK daxilindəki mənbələrdən daxil olub. Mənbəmiz iddia edir ki, şirkətin Cəlil adlı sahibi alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün mənzil sahiblərindən 2000 (iki min) manat rüşvət tələb edir.

Qaynağımız bildirir ki, mənzillərini satışa çıxaran sakinlər haqlı olaraq MTK rəhbərliyinin bu qanunsuz hərəkətinə etiraz etsələr də, onlara alternativ yolun olmadığı xatırladılır: ““Yayla MTK”-da problemlər təkcə bununla bitmir. Bu binada ilk yaşayışın tarixi beş il əvvələ gedib çıxır və artıq neçə illərdir istifadəyə verilməsinə baxmayaraq, bina mavi yanacaqla təmin olunmayıb. Sakinlər qışda soyuqdan donurlar. Elektrik sobaları ilə evi tam qızdırmaq mümkün olmasa da, müəyyən istilik əldə etmək üçün ayda bir neçə yüz manatdan keçməli olurular. Bununla bağlı dəfələrlə MTK rəhbərliyinə müraciət etsələr də, payçıların tələbləri qulaqardına vurulur. Halbuki müqavilədə yaşayış üçün bütün imkanların yaradılacağı və bundan sonra binanın təhvil veriləcəyi öz əksini tapıb. Amma buna baxmayaraq, sakinlərə nə qaz verilir, nə də ümumi istilik sistemini idarə edən qazanxanalar quraşdırılıb. Sakinlərin heç bir sənədləri, orderləri, “kupça”ları da yoxdur.

MTK ilə aralarında kağız parçasından ibarət olan və heç bir hüquqi əsası olmayan müqavilələr imzalanır ki, bu da onları MTK sahiblərinin insafından asılı vəziyyətə salır. Payçılar dərdini deməyə ünvan tapmır. Vaxtilə bu şirkət bəzi mənzilləri iki şəxsə satsa da, sonradan bu ciddi söz-söhbətə səbəb olub. Vəziyyətin gərginləşdiyini və özləri üçün həbs təhlükəsi yarandığını görən MTK rəhbərliyi sonradan bu məsələni yoluna qoyub. Sakinlər məcbur olub evlərini satmaq qərarına gəlirlər. Uzun müddətli axtarışlardan sonra nəhayət alıcı tapsalar da, alqı-satqı prosesini rəsmiləşdirə bilmirlər. MTK-nın sahibi Cəlil adlı şəxs onlara alqı-satqı prosesi üçün 2000 (iki min) manat ödəyəniləcəyini deyir.

Açıq şəkildə dedi ki, pulu verməsəniz, evi sata bilməyəcəksiniz. Sakinlər məcbur olub onun dediyi məbləği ödəyir. Belə çıxır bir ev bir neçə dəfə satışa çıxarsa, o halda MTK rəhbərliyi bir mənzilin inşasına sərf etdiyi vəsaitin ikiqat artığını çıxarmış olur. Onu da deyək ki, bu binada sakinlərdən qaz sayğaclarının quraşdırılması üçün 400-600 manat arası pul yığılsa da, hələ də mavi yanacaq verilməyib. Yaxın zamanlarda veriləcəyi də gözlənilmir. Üstəlik mənzilin hər kvadratmetri üçün 25 qəpik, orta hesabla 25 manat lift, blokun təmizlənməsi və mühafizə adı ilə pul yığılır və ödənişin təsdiqi haqqında sakinlərə heç bir sənəd verilmir”.