Yeni Azərbaycan Partiyası uğurlu seçki təbliğatı aparır

 

11

Seymur Orucov: “Azərbaycan gəncliyinin seçimi cənab İlham Əliyevdir”

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov yap.org.az saytına müsahibə verib

 

– Seymur müəllim, Azərbayban gənclərinin seçkilərdəki mövqeyi ilə bağlı nə deyə bilərsiniz?

  • Şübhəsiz ki, Azərbaycan gənclyinin seçimi cənab İlham Əliyevdir. Gəncliyimiz bu mövqeyini hələ xeyli əvvəl ortaya qoyub, seçki kampaniyasına start verilməmişdən öncə on minlərlə gəncin birləşdiyi təşkilatlar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan etmişdilər. Hazırda da gənlərimiz Prezidentimizin seçki təbliğatında fəal şəkildə iştirak edirlər.  Əlbəttə ki, gənclərin bu seçiminin ciddi əsasları var. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu gün uğurla davam etdirilən həmin siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq həm mahiyyət, həm də keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən gənclər siyasəti çox geniş spektrə malikdir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlərə imza atır, dövlətçilik ənənələrini daim uca tutur, ictimai-siyasi həyatda yaxından iştirak edir. Məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar və layihələr həyata keçirilir. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalanmışdı. Sənəd gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda, eyni zamanda gənclərin və yeniyetmələrin sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və digər məsələlər də əksini tapmışdı. Proqramın bütün müddəaları yerinə yetirilmiş və öz bəhrəsini vermişdir.

– Belə aydın olur ki, məhz bu səbəblərdən də gənclik cənab İlham Əliyevə səs verəcəyini bəyan edib. Bəs ötən illərdə gənclər bu siyasətdən necə bəhrələnib, hansı nailiyyətlərə sahib olublar? 

  • Əlbəttə ki, Prezidentimizin son 10 ildə həyata keçirdiyi siyasətdən gənclərimiz kifayət qədər bəhrələnir. Və nəticələr də çox uğurludur. Bilirsiniz ki, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olub. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır.

Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir.

Azərbaycan gəncləri onlara göstərilən qayğının qarşılığını vermək üçün daha da fəal olmalı və Prezident İlham Əliyevin uğurlu siyasətinə daha fəal dəstək verməlidirlər. Əlbəttə ki, biz bu dəstəyi bu gün müşahidə edirik. Gənclərimiz nəinki bu seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər, hətta partiyamızın Sədrinin təbliğat kampaniyasında çox fəaldırlar.

– YAP Gənclər Birliyinin üzvləri seçki prosesində hansı səviyyədə iştirak edirlər? 

  • Bu gün bütün istiqamətlərdə davamlı olaraq inkişaf edən, iqtisadi gücünü artıran Azərbaycanın qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki həyata keçirilən uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası və onun önəmli qolu olan Gənclər Birliyi cənab İlham Əliyevin seçki təbliağında çox fəal şəkildə iştirak etməyə çalışır. Bizim əsas vəzifəmiz dövlət siyasətinin mahiyyətini, Prezidentimizin uğurlarını hər bir seçiciyə, o cümlədən gənclərə çatdırmaqdan ibarətdir.

Bu gün ölkəmizin hər yerində Yeni Azərbaycan Partiyası uğurlu seçki təbliğatı aparır. Xüsusi vurğulamaq istərdim ki, keçirilən hər bir tədbirdə, görüşdə partiyamızın gənclər də yaxından iştirak edir. Bilirsiniz ki, hazırda YAP sıralarında 200 mindən çox gənci birləşir. Bununla belə, partiyamızın Gənclər Birliyinə üzv olmaq istəyən gənclərin sayı daha da artır. Əlbəttə ki, seçkilərdə bu qüvvə öz sözünü deyir. YAP gənclərinin çağırışına digər gənclər də səs verərək oktyabrın 9-da seçki günü cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər.

– YAP Gənclər Birliyi bütün seçki kampaniyalarında maraqlı layihələrlə çıxış edib. Bəs bu seçkilərdə həmin ənənəni necə davam etdirirsiniz? 

  • Əlbəttə ki, ölkəmizhin ən böyük gənclər təşkilatı olaraq biz cənab İlham Əliyevin təbliğatı ilə əlaqədar müxtəlif layihələr həyata keçiririk. Artıq bir sıra tədbirlərimiz olub ki, ictimai maraq baxımından insanların diqqətini cəlb edir. Eyni zamanda, bu layihələri təşviqat prosesi müddəti boyunca davam etdirəcəyik. Müasir dövrümüzdə İKT-nin əhəmiyyətini nəzərə alsaq, YAP Gənclər Birliyinin üzvləri sosial şəbəkələrdə işləməyə də çox üstünlük verirlər. Biz Azərbaycana böyük uğurlar gətirən mövcud siyasi kursu təbliğ etməyi özümüzün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. İnsanları, seçiciləri də ona çağırırıq ki, bu uğurların davamlı olmasını cənab İlham Əliyevə səs versinlər. Doğrudur, partiyamızın liderinin qələbəsinə heç bir şübhəmiz yoxdur, cənab İlham Əliyev son 10 il ərzində öz fəaliyyəti ilə bu hörməti, ehtiramı və dəstəyi qazanıb. Amma bununla belə, dövlət başçımızın siyasətinin uğurlarını təbliğ etmək, eləcə də, insanları seçki günü məntəqələrə dəvət etmək və öz siyasi iradələri ortaya qoymaq üçün bizim gənclərimiz təbliğat prosesində yaxından iştirak edirlər.