Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümüdür

 

4

Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümüdür. SİA-nın məlumatına görə,  “Yeni Azərbaycan Partiyası” — Azərbaycanın ən böyük siyasi partiyasıdır. Üzvlərinin sayı yarım milyondan artıqdır. Partiyanın əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2003-cü və 2008-ci və 2013-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib olub. 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub.

Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlib. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.

Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ümummilli lider Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı.

1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib, ona olan ümumxalq inamı bir daha təsdiq edilib.

1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatıb, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynayıb.

2000-ci ildə MM-ə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırıb.

Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul edib. YAP-ın II qurultayında partiyanın nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilib. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçib.

Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.