Yeni iş yerləri açılıb

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ümumilikdə 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox səhmdar səhm sahibi olub, 1,2 milyondan artıq vətəndaşımız özəlləşdirmədən faydalanıb. XALQ.AZ məlumat verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forumda çıxışı zamanı deyib.

R.Cəlilov bildirib ki, ölkə başçısı İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib.

Sədr müavininin sözlərinə görə, özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən, unikal platforma olan Özəlləşdirilmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Nəticədə isə portala baxış sayı 1 milyon 500 min olub. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün bu sahədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Hərraca çıxarılan dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir. Özəlləşən müəssisələrə sərmayə cəlb olunur, müasir avadanlıqlarla təchiz olunur, onların fəaliyyəti bərpa edilir. Tədbirin keçirildiyi “Şahdağ Mehmanxana” da investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib, sərmayə cəlb edilməklə müəssisə tamamilə yenilənib.

Dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə yeni, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı təşkil edilib. Bu nailiyyətlərin əldə olunmasında dövlətin hərtərəfli dəstəyi xüsusi əhəmiyyət kəsb edir.

Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri də aparılır.

Qeyd edək ki, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Quba şəhəri ilə yanaşı Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 100-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edib.

Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar barədə maarifləndirməkdir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovtiv üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Sahibkarlar Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirilməsi nəzərdə tutulan 40-a yaxın müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssislərin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, rayon üzrə özəlləşməyə çıxarılan müəssisələr səhiyyə, kənd təsərrüfatı, turizm, səhiyyə, xidmət, təhsil sahələrinə aiddir. Qeyd edilib ki, regionlarda yerləşən dövlət müəssisələrinin hərraclar vasitəsilə özəlləşdirilməsi iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarını genişləndirir.

İnnovativ yenilik, xüsusi model olan Elektron hərracın tətbiqindən də danışılıb. Bildirilib ki, sistem investorların sadə üsullarla əmlak sahib olmasına, istənilən yerdən hərraclara qoşulmasına imkan verir. Sistemin tətbiqi zaman və məkan məfhumunu aradan qaldırıb. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq, Elektron hərrac vasitəsilə ümumilikdə 30-a yaxın iştirakçı onlayn olaraq qatılıb.