Yeni qanun layihəsilə bağlı dinləmə keçirildi

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib.

 

XALQ.AZ xəbər verir ki, qanun layihəsi barədə komitə sədri Əhliman Əmiraslanov məlumat verib.

Qeyd olunub ki, yeni qanun layihəsi 10 maddədən ibarətdir. Layihə Azərbaycanda tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları müəyyənləşdirir.

Qanunun 3-cü (Tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları) maddəsinə əsasən, tibbi optika sahəsində dövlət tənzimlənməsi aşağıdakı formalarda həyata keçirilir:

  1. mənşə ölkəsində və ya istehsalçı tərəfindən verilmiş uyğunluq, gigiyenik və mənşə sertifikatları olmayan tibbi optika məhsullarının idxalına məhdudiyyətin qoyulması,

  2. tibbi optika və optometriya ixtisasları üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və onların peşə səviyyəsinin mütəmadi artırılması,

  3. tibbi optika mağazasının açılmasına rəyin verilməsi.

Qanun layihəsinin 7-ci (Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər) maddəsinə əsasən, tibbi optikaçılıq və optometriya ixtisası üzrə mütəxəssis hazırlığı ali və ya orta ixtisas təhsili müəssisələrində (fakültələrində), eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlıq kursları vasitəsi ilə həyata keçirilir.

Azərbaycanda tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunan hazırlıq kursunu keçməli və imtahan verərək müvafiq şəhadətnamə (optikaçı şəhadətnaməsi və optometrist şəhadətnaməsi) almalıdırlar. İxtisas şəhadətnaməsi müddətsiz verilir və şəxsin imtahanı müvəffəqiyyətlə verdiyini təsdiq edən sənəddir.
Həkim-oftalmoloqlar, tibbi optika və optometriya ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış şəxslərin tibbi optikaçılıq və optometriya xidmətləri göstərməsi üçün şəhadətnamə alması tələb olunmur.

Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan həkim-oftalmoloqların həmin müddətdə tibb müəssisəsində həkim-oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilmir.

Optikaçı və optometrist şəhadətnaməsinin alınması üçün hazırlıq kursunun və ixtisas imtahanının təşkil olunması, şəhadətnamənin, onun dublikatının forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Tibbi optika və optometriya ixtisasları üzrə orta ixtisas və ali təhsilin məzmunu və təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan şəxslər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ildə bir dəfə sertifikasiyadan keçirlər.

Qanun layihəsinin 8-ci (Optika mağazası) maddəsinə əsasən, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.

Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasının açılmasına rəyin əsas məqsədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğunu müəyyən etməkdir.

Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.

Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilərlər.

Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır.

Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.

Deputat və qoanqlar qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir