Xidmət rəisi “İslahatlar olacaq”

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında Xidmət rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.

XALQ.AZ xəbər verir ki,Dövlət Miqrasiya Xidmətindən  verilən məlumata görə, görüşün məqsədi DMX ilə BMqT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi olub.

Əvvəlcə Serhan Aktoprak Vüsal Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Öz növbəsində təşəkkürünü bildirən Vüsal Hüseynov Azərbaycanın qapısı olan Xidmətin qarşısında duran vəzifələrin icrası istiqamətində müəyyən edilmiş strategiyaya uyğun olaraq planlaşdırılan və tərəfdaş beynəlxalq qurum olan BMqT ilə münasibətlərin daha da dərinləşdirilməsi zərurətinə toxunub. Xidmətin fəaliyyətinin bütün istiqamətlərinin ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın tam təmin edilməsi ilə bağlı konkret əməli addımların atılacağını açıqlayıb. Humanist və nizamlı miqrasiyanın miqrantlar, habelə cəmiyyət üçün faydalılığından söhbət açıb.

Respublikamızın miqrasiya sahəsində çətinliklərlə üzləşmək ehtimalının əvvəlcədən müəyyənləşdirilərək qarşısının alınmasının vacibliyi qeyd edilib. Bildirilib ki, miqrasiya qanunvericiliyində bu sahə üzrə məsələlər tam şəkildə əksini tapıb.

Görüşdə “Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin icrası ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının ümumi maraq kəsb edən məsələlər üzrə müsbət və konstruktiv əlaqələrindən bəhs edib.

Hazırda, təşkilatla əməkdaşlıq şəraitində 4 beynəlxalq layihə həyata keçirilməkdədir: “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların gücləndirilməsi”, “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza”, “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə”.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Azərbaycanın müvafiq dövlət qurumları, xüsusən DMX ilə səmərəli əməkdaşlıqdan təmsil etdiyi təşkilatın məmnun olduğunu ifadə edib. Bildirib ki, Azərbaycanda miqrasiya sahəsi üzrə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv işlər görür.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Elgün