Yerli futbolçulara önəm verilməlidir:Mustafa Dənizli

58

 

“Fairmont Baku” mehmanxanasında “Xəzər-Lənkəran” futbol klubunun yeni baş məşqçisi Mustafa Dənizli ictimaiyyətə təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov yeni təyinat haqqında söz açaraq, təcrübəli mütəxəssisin zəngin karyerasının ən əsas məqamlarına toxunmuş və klubun prezidenti ilə baş məşqçinin görüşü barədə məlumat vermişdir.
M.Dənizli ilk növbədə Azərbaycanın onun üçün doğma yer olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan mənim üçün yad yer deyildir. Bu, uyğunlaşma və iş baxımından çox vacib olan amildir.
Daha sonra komandanın hazırkı durumu və perspektivi barədə suallara cavab verən baş məşqçi qarşıda uzun yolun olduğunu qeyd etmişdir. Demişdir ki, bu mövsüm oynanılmalı olan matçların demək olar ki, üçdə biri geridə qalmışdır. Amma qarşıda bizi çoxlu oyunun gözlədiyini anlamalıyıq. Nəticə qazanmağa nə qədər zaman lazım olduğunu proqnozlaşdırmaq düzgün deyildir. Əlbəttə ki, biz hər şeyin tam istədiyimiz kimi getməsinin tərəfdarıyıq. Lakin vəziyyəti dəyərləndirməliyik.
Türkiyəli mütəxəssis qeyd etmişdir ki, bu gün Azərbaycanda biri 21 yaşlı olmaqla 4 yerli futbolçunun komandanın heyətində meydanda olması şərtdir. Bu səbəbdən yerli futbolçulara, həmçinin klubun aşağı yaş qruplarına xüsusi önəm verməyimiz gərəkdir. Türkiyədə də legioner limiti olduğundan bəzən oynamağa layiq güclü əcnəbi futbolçuların şans əldə edə bilmədiyini görürük. Bu səbəbdən güclü yerli futbolçulara sahib olmaq böyük üstünlükdür.