Zahid Oruc: İslam dünyasının liderliyinə can atmırıq

Türkiyə orta təhsilində 2011-ci ildən başlayaraq tətbiq edilən model problemləri həll etmək əvəzinə, daha böyükmiqyaslı sorunlara yol açdı.

Bunu XALQ.AZ-a açıqlamasında millət vəkili Zahid Oruc Türkiyədə aparılan təhsil islahatları və onun Azərbaycan təhsilinə mümkün təsiri məsələsinə münasibətini bildirərkən deyib.

“Üç-dördlük” sisteminin tətbiqi zamanı seçilən niyyət ölkədə strateji olaraq biliyə yiyələnmiş toplum yaratmaq əvəzinə, geriyə addım oldu və hazırda yaşanan mənəvi-intellektual böhranın baş səbəbinə çevrildi”, – deyən millət vəkilinin sözlərinə görə, bir vaxtlar Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal məscidlə məktəbi ayırması hesabına Osmanlıdan miras qalmış böyük savadsızlar ordusunu aradan qaldıraraq, savadlı millət yetişdirmək üçün inqilabi addımlar atdığı halda, XIX əsrdə sanki din dövləti qururmuş kimi, əsas ağırlıq verilən proqramlarla təhsil siyasətinin hədəfi tamamilə dəyişdirildi.

Deputat qeyd edib ki, indi hər məktəb içində məscid açmaq məcburiyyəti, ilk və orta siniflərdə başörtüsünün sərbəst buraxılması, Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun olaraq, din dərslərinə dair tələbin bir qədər də dərinləşdirilərək, ibtidai siniflərdə keçilməsi, imam hatiblərin təhsilin idarəedilməsində rolunun artması, bəlli günlərdə və həftələrdə tarixi dini hadisələrin üzərinə yüklənərək, oxumanın əsas istiqamətinin dəyişdirilməsi tətbiq olunan qaydaların zəminində meydana çıxan bəlalardır:

“Görün, iş nə yerə çatıb ki, dünyada elmi inkişafın bütün kriteriyalarında Türkiyə aşağı yerləri tutmaqda davam edir və TİSA-dan tutmuş, digər hesabatlarda adı orta və sona doğru yerlərdə əksini tapır. Ötən il Azərbaycana təşrif buyurmuş görkəmli və dünya çapında tanınan Nobel mükafatçısı Əziz Səncər də ölkəsinin təhsil reallığından danışarkən, ağrılı problemləri təəssüf hissi ilə qeyd etmişdi. Təkamül nəzəriyyəsini dərs proqramlarından çıxaran bir ölkədə xurafat və cəhalət qalib gələcək. O üzdən, Türkiyənin hazırkı siyasətini və gücünü artırmağa çalışan hakimiyyət təmsilçiləri təhsilə qoyulan böyük miqdarda investisiyaları düzgün yönləndirməyi bacarmasalar, perspektiv planda yaxşı nə isə vəd etmək olmur.

Təhsil dünyəvi olmalıdır. Hizmət və imam hatib sistemini sivil Avropa modelləri əvəz etməlidir. Finlandiyadan Sinqapura qədər olan təcrübə dediklərimizə sübutdur. Bir vaxtlar Azərbaycana da Türkiyədən ixrac olunan təhsil camiəsi böyük uğurlar, təhsil intizamı və şəffaflıq gətirməklə yanaşı, eyni zamanda, dini ideologiyanı daşıyıb övladlarımızın beyninə pərçim elədi.Ona görə də obyektiv qiymətləndirsək, Azərbaycan Türkiyədən daha dünyəvi dövlətdir. Bizim islam dünyasının liderliyinə can atmaq planımız yoxdur”.

Millət vəkili əlavə edib ki, təhsilin əsas milli hədəfi dövlətimizin atributu olan bayrağın yalnız bir rənginə tabe etdirilə bilməz:

“Ümid edirik ki, qardaş ölkədə həyat keçirilən yeni təhsil islahatları uğurlu olacaq vvə Türkiyənin regional liderliyi onun hesabına möhkəm olacaq”.

XALQ.AZ

Resul.