Zakir Həsənov yenidən cəbhə bölgəsində

 

55

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfər etmişdir.
Səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ön cəbhədə yerləşən hərbi hissəyə baş çəkən nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoymuş, öz ehtiramlarını ifadə etmişlər.
Sonra nazir düşmənlə təmas xəttindəki hərbi hissələrdəki vəziyyətlə tanış olmuş, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşmüşdür. Bir qrup hərbçiyə növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Eyni zamanda, müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olmuşdur.
Komandir heyətinin məruzələri əsasında müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar vermişdir.