Zakir Qaralov prokurorlara göstəriş verdi

Baş prokuror Zakir Qaralov Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan XALQ.AZ-a verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 32 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə müşavirə keçirməklə, vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.