Zakir Qaralov Rusiya İstintaq Komitəsinin sədri ilə görüşüb

19

 

Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Z. Qaralov məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb.

A. Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətləri qonağın diqqətinə çatdıran Z. Qaralov həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq-mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.