Zakir Qaralov üç prokuroru işdən qovub

12

 

Baş Prokurorluğunda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə 2013-cü ildə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. AZADİNFORM xəbər verir ki, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 31 yanvar 2014-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin birinci mərhələsi olan test imtahanı keçirilib və müvəffəqiyyət qazanmış 105 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsinə buraxılıb.

Xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifəsinə təyin edilib, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilib, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılıb.

Qeyd olunub ki, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən Ağstafada – 199, Lənkəranda – 100, Qubada – 87, Şəkidə – 71, Ağsuda – 56, Ağcabədidə – 58 və Şirvanda – 41, cəmi 612 vətəndaş qəbul edilməklə müraciətlərinə baxılıb.

Kollegiyada hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqaladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 14.090 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları və ya qərarlar təsdiq olunan 9.950 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının icraatında olmuş cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26.0 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 98,6 faizi və ya 7.2 milyon manatın, Daxili işlər orqanları üzrə 42.3 milyon manatın və ya 73,4 fazinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmiş, bu fəaliyyət sahəsi üzrə yol verilmiş qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 707 təqdimat verilib.

Prokurorluğun Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qurumları ilə həyata keçirdikləri əlaqəli işinin nəticəsidir ki, 2013-cü ildə qeydə alınmış 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş iki və daha çox şəxsin ölümü ilə nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun isti izlərlə, qeydə alınmış 56qəsdənadam öldürməyə cəhd cinayətindən (2012-ci ildə 53 hadisə) isə 55-nin açılması təmin olunmuşdur.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, 2013-cü ildə baş vermiş 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və 1 (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalıb.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılıb.

Belə ki, 23-24 yanvar 2013-cü il tarixlərdə İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və sair faktlarla, həmçinin 7 mart 2013-cü il tarixdə “Nida” adlı qurumun bir qrup üzvlərinin yaşadıqları ünvanlarda Bakı şəhərində kütləfi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunmuş “Molotov kokteyli” adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər Məhkəmələrinə göndərilmiş və hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.

İdarədə həmçinin böyük ictimai rezonansa səbəb olan digər cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrlə əlaqədar istintaqı davam etdirilir.

2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən 1 milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralanların sayının isə 1,6 faiz azalması müşahidə edilib.

2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalmışdır ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4 % azdır. Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında qeydə alınıb.