Zaqatalıların seçimi Cənab İlham Əliyevdir!

XALQ,AZ xəbər verir ki, 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi rayonun Qandax, Kəpənəkçi, Suvagil və Car kənd secicilərilə görüşlər keçirib. Görüşlərdə 600-dən çox seçici iştirak edib.

Görüşlərdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyasının seçici fəallığı ilə davam etdiyini bildirib. H.Qurbanov qeyd edib ki, son 15 ildə Azərbaycanda iqtisadi, siyasi və sosial islahatlar aparılmış, ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaradılmışdır: “Prezident İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycanın imza atdığı nailiyyətlər, 15 ildə həyata keçirilən uğurlu siyasət, irimiqyaslı layihələr, abadlıq-quruculuq işləri reallıqlardır”. Bu inkişafın davamlı olması üçün rayon şöbəsinin sədri seçiciləri yenidən Cənab İlham Əliyevə səs verməyə, öz güclü Liderini seçməyə çağırıb.

Təbliğat qrupunun üzvləri Ədalət Novruzova, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva, Namidə Süleymanova və başqaları çıxışlarında Azərbaycanın bugünkü inkişafını, dünyada nüfuza sahib olmasını ölkə Prezidentinin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi olduğunu vurğulayıblar. Seçicilər günü-gündən dəyişən Azərbaycanın işıqlı sabahı naminə Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Zaqatala rayonunun Qandax, Kəpənəkçi, Suvagil və Car kənd ağsaqqalları və ziyalıları seçicilər adından çıxış edərək, bildiriblər ki, zaqatalalılar seçimlərində israrlıdırlar, yekdilliklə xalqımızın alternativsiz Lideri Cənab İlham Əliyevə səs verəcək, böyük qələblərə doğru “İlhamla İrəli” gedəcəklər.

Elgün